Rusiyaya qarşı koalisiya dağılır
Bolqarıstanın “İstəklilər Koalisiyası”nda iştirakdan imtina etməsi Avropada Ukraynaya dəstək məsələsində fikir ayrılıqlarını yenidən gündəmə gətirib. Ölkə rəhbərliyi qərarı milli maraqlarla əsaslandırsa da, bu addımın arxasında Rusiyanın təsirinin olub-olmaması, eləcə də Sofiyanın Avropa İttifaqı daxilindəki mövqeyinə necə təsir göstərəcəyi müzakirə olunur. Bolqarıstan artıq “İstəklilər Koalisiyası”nda iştirak etməyəcək. Bunu ölkənin baş naziri Rumen Radev bəyan edib. “Biz Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsində israr edən birlikdə iştirak etmirik”, – deyə o bildirib. Bəs Bolqarıstanın bu qərarı Rusiyanın təsiri və ya təzyiqləri ilə bağlıdırmı?
Mövzu ilə
bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli qeyd edib ki, Şərqi
Avropada bəzi ölkələr Rusiyaya qarşı sərt mövqe tutduqları halda, digərləri
Moskva ilə əməkdaşlığın və tərəfdaşlığın davam etdirilməsinin tərəfdarı kimi
çıxış edirlər: “Bu ölkələr sırasında, təbii ki, Bolqarıstan da yer alır. Lakin
Bolqarıstan tək deyil, bu mövqeni bölüşən daha bir neçə Şərqi Avropa ölkəsi də
var. Vaxtilə bu xəttin ən fəal təmsilçisi Macarıstan idi. Viktor Orbanın baş
nazirliyi dövründə bu, daha qabarıq şəkildə müşahidə olunurdu. Macarıstan
Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qəbulunu dəfələrlə
bloklayır, onlara veto qoyurdu. Hazırda isə Bolqarıstan kimi ölkələr də təxminən
oxşar mövqe nümayiş etdirirlər”.

Politoloq
qeyd edib ki, bu vəziyyət Şərqi Avropada Rusiyanın təsirinin hələ də müəyyən dərəcədə
güclü qalması ilə bağlıdır: “Eyni zamanda, bəzi Şərqi Avropa ölkələri, o cümlədən
Bolqarıstan, Rusiyanı özünə digər Avropa ölkələri ilə müqayisədə daha yaxın
hesab edir. Buna görə də onlar Moskva ilə münasibətlərin pozulmamasına
çalışırlar. Üstəlik, Bolqarıstan hələ də Rusiyanın enerji resurslarına ümidini
tam itirməyib. Hesab edir ki, yaxın gələcəkdə enerji ehtiyaclarının bir hissəsini
yenidən Rusiyanın hesabına ödəmək imkanı yarana bilər. Yəni, burada əsas məsələ
keçmişdən gələn ənənələr və formalaşmış münasibətlər sistemidir. Məhz bu
münasibətlər sistemi Rusiya ilə əlaqələrin həmin ölkələr üçün hələ də müəyyən əhəmiyyət
daşımasına səbəb olur”.
Ayhan
20:30 15.07.2026
Oxunuş sayı: 56