Avropa Komissiyası ilə münasibətləri ayrı-ayrı deputatlar poza bilməz
Slovakiya Prezidenti Peter Pelleqrininin Bakıya səfəri zamanı Azərbaycanı "regionda sabitlik və inkişafın təminatçısı" kimi dəyərləndirməsi iki ölkə arasında strateji münasibətlərin inkişaf etdiyini göstərən mühüm mesajlardan biri oldu.
Lakin bu səfərin ardınca Avropa Parlamentinin deputatları Kostas Mavridis və Miriam Leksmannın təşəbbüsü ilə "beynəlxalq konfrans" adı altında Azərbaycana qarşı növbəti tədbirin təşkili diqqət çəkib. Azərbaycan və Slovakiya arasında əməkdaşlığın genişləndiyi bir vaxtda baş verən bu hadisə Avropa Parlamentindəki bəzi siyasi dairələrin mövqeyi ilə bağlı suallar yaradıb.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Crossmedia.az-a açıqlamasında bildirib ki, Slovakiya Prezidentinin Azərbaycana, xüsusilə Şuşaya səfəri mühüm siyasi və diplomatik hadisə olmaqla yanaşı, Azərbaycanın suverenliyinin və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin beynəlxalq səviyyədə nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır:

"Şuşada dövlət başçıları səviyyəsində keçirilən görüşlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dünyaya təqdim olunmasının mühüm vasitələrindən biridir. Uzun illər ölkənin siyasi və diplomatik mərkəzi Bakı olubsa, bu gün Şuşa da mühüm siyasi platformaya çevrilməkdədir."
Deputatın sözlərinə görə, Slovakiya Avropa İttifaqında özünəməxsus siyasi çəkisi olan ölkələrdən biridir və bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcək:
"Səfər çərçivəsində imzalanan sənədlər, Slovakiya şirkətlərinin Ağdamda həyata keçirdiyi layihələr, o cümlədən məktəb tikintisi Azərbaycan-Slovakiya əməkdaşlığının strateji xarakter aldığını göstərir."
Z.Oruc bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduğu halda, bəzi Avropa institutlarında ölkəyə qarşı qərəzli mövqelər davam etdirilir:
"Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı müxtəlif təşəbbüslər irəli sürülür. Bu yanaşmalar uzun illər Qarabağ məsələsində də müşahidə olunub və bu gün də ölkəmizin suverenliyi ilə bağlı oxşar mövqelər sərgilənir."
Deputat hesab edir ki, Avropa Parlamentində fəaliyyət göstərən bəzi siyasi qruplar iki ölkə arasında münasibətlərə xələl gətirməyə çalışırlar:
"Bu cür təşəbbüslər nə regionda sülhə, nə də Qarabağın bərpasına xidmət edir. Əksinə, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə inkişaf edən münasibətlərinə mane olmaq məqsədi daşıyır."
Onun fikrincə, Avropa Komissiyası ilə Azərbaycan arasında formalaşmış əməkdaşlıq kifayət qədər möhkəmdir və ayrı-ayrı parlamentarilərin qəbul etdiyi sənədlər bu münasibətlərə ciddi təsir göstərə bilməz:
"Dövlətimizin həyata keçirdiyi siyasət regional sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Bu baxımdan ayrı-ayrı siyasi dairələrin təşəbbüsləri mövcud əməkdaşlıq mühitini dəyişmək gücündə deyil."
Nigar Xəlilli
20:20 16.07.2026
Oxunuş sayı: 66