Arıqlamaq üçün dərman içənlərə - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə və müxtəlif internet platformalarında sürətli arıqlama vəd edən məhsulların satışı və reklamı sürətlə artıb. Bir çox hallarda bu məhsullar heç bir tibbi müayinə və ya mütəxəssis məsləhəti olmadan istifadə edilir. Mütəxəssislər isə xəbərdarlıq edir ki, mənşəyi və tərkibi tam məlum olmayan qida əlavələri sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə sosial media üzərindən satılan məhsulların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı suallar gündəmdədir. Arıqlamaq istəyən şəxslərin sürətli nəticə əldə etmək məqsədilə belə vasitələrə üz tutması isə gələcəkdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bu baxımdan istehlakçıların məhsul seçərkən diqqətli olması və qanunvericiliyin tələblərini nəzərə alması vacib hesab olunur.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan qida məsələləri üzrə ekspert Seymur Qafarov bildirib ki, arıqlamaq üçün nəzərdə tutulmuş qida əlavələri və xüsusi vasitələri almamışdan əvvəl istehlakçılar məhsulun etiket məlumatlarını diqqətlə yoxlamalıdırlar.

Ekspert bildirib ki, 523 saylı "Qida təhlükəsizliyi haqqında" Qanunun 17.2-ci maddəsinə əsasən məhsulun etiketində istehsalçının faktiki ünvanı, 100 qramlıq məhsulun qida və enerji dəyəri, tərkib hissələri, allergen göstəricilər, saxlanma üçün nəzərdə tutulmuş temperatur və nəmlik göstəriciləri, eləcə də məhsulun tərkibi ilə bağlı digər vacib məlumatlar öz əksini tapmalıdır: "Həkim məsləhəti olmadan sürətli arıqlamaq məqsədilə bu cür məhsullardan istifadə etmək düzgün yanaşma deyil. Qida əlavələri dərman vasitəsi hesab olunmur və onlardan yalnız düzgün qaydada istifadə edilməlidir. Arıqlama və pəhriz proqramları mütləq fərdi yanaşma əsasında, peşəkar həkim və diyetoloq tərəfindən müəyyənləşdirilməlidir. Bu məhsulları alarkən qablaşdırma materialının vəziyyətinə, məhsulun günəş şüalarından kənarda saxlanılmasına, qab açıldıqdan sonra tərkibində orqanoleptik baxımdan kənar qoxunun olub-olmamasına da diqqət yetirilməlidir. Bu tələblərə əməl olunması məhsulların daha uzun müddət təhlükəsiz saxlanılmasına və istifadə zamanı insan sağlamlığı üçün risk yaratmamasına kömək edir".
Zeynəb Həsən
15:00 14.07.2026
Oxunuş sayı: 58