Arıqlama iynələri çəki azaldır, amma...
Son illərdə piylənmə ilə mübarizədə geniş istifadə olunan arıqlama iynələri dünya miqyasında böyük maraq doğurub. Lakin mütəxəssislər bu müalicələrin uzunmüddətli təsirləri və düzgün tətbiqinin vacibliyi barədə xəbərdarlıq edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.
Məlumata görə, piylənmə uzun müddət yalnız həddindən artıq qidalanma və iradə çatışmazlığı ilə əlaqələndirilsə də, müasir tibb bu xəstəliyin hormonlar, genetik meyillilik, bağırsaq-beyin əlaqəsi və maddələr mübadiləsi kimi çoxsaylı amillərlə bağlı xroniki və mürəkkəb bir vəziyyət olduğunu göstərir.
Son illərdə populyarlıq qazanan GLP-1 reseptor agonistləri – arıqlama iynələri də piylənməyə yanaşmada mühüm yeniliklərdən biri hesab olunur.
Qidalanma və pəhriz üzrə mütəxəssis Belinda İrem Ardal bildirib ki, əsas məsələ tərəzidəki rəqəmdən daha çox, çəkinin hansı üsulla itirilməsi və bu prosesin uzunmüddətli sağlamlığa təsiridir.
Onun sözlərinə görə, sadəcə arıqlamaq uzun və sağlam həyat zəmanəti vermir:
“Əsas məqsəd metabolik sağlamlığı qorumaqla davamlı həyat vərdişləri qazanmaq olmalıdır”.
Mütəxəssis qeyd edib ki, GLP-1 tərkibli preparatlar yalnız iştahanı azaltmır, həmçinin insanın gün ərzində davamlı olaraq qida haqqında düşünməsinə səbəb olan və elmi ədəbiyyatda “yemək səsi” (food noise) adlandırılan daxili impulsları da zəiflədə bilər.
Belinda İrem Ardal vurğulayıb ki, bu preparatlar “möcüzəvi yağyandırıcı” deyil, düzgün qidalanma, fiziki aktivlik və sağlam həyat tərzinin formalaşdırılması üçün bioloji dəstək rolunu oynaya bilər.
Mütəxəssislərə görə, uzunömürlülük yanaşmasında əsas hədəf yalnız çəki itirmək deyil, həm də maddələr mübadiləsi sağlamlığını və əzələ kütləsini qoruyaraq uzun illər sağlam yaşamaqdır.
14:24 14.07.2026
Oxunuş sayı: 48