Bu həftə dünya ulduzları səhnəyə çıxacaq: Konsert proqramları açıqlanıb
Bu həftə dünyanın müxtəlif şəhərlərində festivallar, konsertlər, səhnə çıxışları və sərgilər sənətsevərlərin ixtiyarına veriləcək. Proqramda Kris Norman, Stivi Vonder, Yussu N’Dur və Brayan Adams kimi məşhur ifaçıların konsertləri də yer alır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat tədbirlər proqramında əksini tapıb.
Soft-rok musiqisinin tanınmış nümayəndələrindən olan Kris Norman oktyabrın 17-də Almaniyanın paytaxtı Berlində pərəstişkarları qarşısında çıxış edəcək.
25 “Qremmi” mükafatı laureatı olan Stivi Vonder isə musiqi tarixində mühüm yer tutan albomunun 50 illiyi münasibətilə təşkil etdiyi “Songs In The Key of Life Performance” turnesi çərçivəsində oktyabrın 15-də Parisdəki “Accor Arena” səhnəsində olacaq.
Dünya musiqisinin tanınmış simalarından olan seneqallı ifaçı Yussu N’Dur böyük orkestri ilə oktyabrın 17-də Parisdə keçiriləcək “Le Grand Bal” gecəsində çıxış edəcək.
Kanadalı müğənni Brayan Adams da bu həftə Avropanın bir neçə şəhərində konsert proqramı ilə pərəstişkarları ilə görüşəcək. O, bu gün Almaniyanın Mannheim şəhərindəki “SAP Arena”da, oktyabrın 14-də Amsterdamda yerləşən “Ziggo Dome”da, oktyabrın 15-də isə Belçikanın Antverpen şəhərindəki “AFAS Dome”da səhnəyə çıxacaq.
07:24 13.10.2026
Oxunuş sayı: 57