Milli Məclisin sədri Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğu vurğulanaraq, qanunverici orqanlarımız arasında sıx əlaqələrin qurulması və qarşılıqlı təmasların genişləndirilməsindən razılıq bildirilib. Spiker Sahibə Qafarova özünün Birləşmiş Krallığa səfərlərini və Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşlərini, həmçinin, parlamentarilər arasında qarşılıqlı səfərləri xatırladaraq qeyd edib ki, bu təmaslar parlamentlərimiz arasında mövcud olan əlaqələrin daha da inkişafına xidmət edir.
Tərəflər həmçinin, dostluq qrupları arasında müsbət dialoq və görüşlərin, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın də önəmini vurğulayıblar.
Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmən Azərbaycana növbəti səfəri, ölkəmizdə və paytaxt Bakıda gördükləri haqqında müsbət təəssüratlarını bölüşüb. O, Birləşmiş Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, bu istiqamətdə parlamentlərin rolunu qeyd edib.
Görüşdə həmçinin, hazırda regionda mövcud olan vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında da danışılıb. Spiker Sahibə Qafarova qonağa işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri haqqında məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
18:12 13.07.2026
Oxunuş sayı: 64