Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Azərbaycanda iş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən iş adamı Quvat Beybutovla barışıq əldə olunduğu elan olunub. Ona dəymiş ziyanın tam ödənildiyi bildirilib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Ceyhun Əşrəfovla bağlı cinayət işinə xitam verilib. Qeyd olunub ki, C.Əşrəfov dəyən ziyanın 250 min manatını, yəni yarısını ödəyib.
Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Həbsdə olan şəxslərlə bağlı qətimkan tədbiri dəyişdirilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. İttihama görə, təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçiriblər.
Təqsirləndirilən Ceyhun Əşrəfov Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF) prezidentidir. O, istintaq dövründə 515 min manat zərəri ödəyib və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Ötən prosesdə də təqsirləndirilən Cavid Hüseynli ziyanın bir qismini ödədiyi üçün məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustalığı ilə əvəz edilib.
Təqsirləndirilən şəxslərə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
Xatırladaq ki, Ceyhun Əşrəfov daha bir cinayət işi üzrə - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satmaqda ittiham olunur.
17:58 13.07.2026
Oxunuş sayı: 48