Keçisini timsahın əlindən almaq istədi, özü yırtıcının qurbanı oldu
Hindistanın Qucarat ştatında keçisini timsahın hücumundan xilas etməyə çalışan 60 yaşlı çoban aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.
Crossmedia.az xəbər verir ki, “The Times of India” nəşrinin məlumatına görə, hadisə Dhadar çayının sahilində baş verib.
Soma Vasava adlı çoban çay kənarında keçilərini otararkən timsah heyvanlardan birini tutaraq suya çəkməyə başlayıb. Keçini xilas etməyə çalışan kişi özü də yırtıcının hücumuna məruz qalıb. Timsah onun ayağından yapışaraq suya dartıb.
Çoban bir kolun budaqlarından yapışaraq timsaha müqavimət göstərib və təxminən yarım saat bu vəziyyətdə qalıb. Onun kömək çağırışlarına ətrafdakı sakinlər gəlib. Şahidlərdən biri bambuk çubuqla timsaha zərbə endirdikdən sonra sürünən kişini buraxaraq çaya qayıdıb.
Ağır ayaq xəsarətləri alan Vasava xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbi meyitin yarılması nəticəsində müəyyən ediləcək.
00:26 04.11.2026
Oxunuş sayı: 56