Rusiya Avropa Konvensiyasından çıxmağın səbəbini açıqlayıb
Rusiya Avropa İşgəncələrin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması Konvensiyasından çıxmasının beynəlxalq öhdəliklərindən imtina anlamına gəlmədiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında bildirilib.
Zaxarovanın sözlərinə görə, Rusiya işgəncələrin qarşısının alınması sahəsində öhdəliklərini daha universal beynəlxalq sənədlər çərçivəsində də qəbul edib. O, 1984-cü il İşgəncələrə qarşı Konvensiyanı və 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı xatırladıb.
Diplomat qeyd edib ki, hazırda söhbət yalnız Rusiyanın beynəlxalq müqaviləni denonsasiya etməsi barədə qərarın qüvvəyə minmə tarixindən gedir. Onun sözlərinə görə, Moskva bu qərar barədə Avropa Şurasını hələ 30 oktyabr 2025-ci ildə məlumatlandırıb.
Zaxarova Rusiyanın İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi ilə əməkdaşlıqdan imtina etmədiyini də bildirib. O, Avropa Şurasını Moskvanı tənqid etmək üçün müxtəlif informasiya bəhanələrindən istifadə etməkdə ittiham edib.
21:48 03.11.2026
Oxunuş sayı: 66