“Lukoyl”un milyardlarla dollarlıq xarici aktivləri satıla bilər
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi konsorsium Rusiyanın “Lukoyl” şirkətinə məxsus xarici aktivləri qiymətli kağızlarla dəyişdirmək üçün sövdələşmə hazırlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” satış prosesinə yaxın dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, konsorsium adından fəaliyyət göstərən bank Qərbin investisiya fondlarından “Lukoyl”a məxsus milyardlarla dollar dəyərində dondurulmuş qiymətli kağızlar alıb. Həmin kağızların şirkətin beynəlxalq aktivləri ilə dəyişdirilməsi planlaşdırılır. Bu aktivlərə Avropa, Yaxın Şərq və Afrikadakı neft yataqları, neft emalı zavodları və yanacaqdoldurma məntəqələri daxildir.
Mənbələrin bildirdiyinə görə, əvvəlcə portfelin dəyəri 22 milyard dollar qiymətləndirilsə də, bəzi aktivlərin fəaliyyətini dayandırması səbəbindən onun dəyəri azalıb. Sövdələşmənin bir neçə həftə ərzində tamamlanması nəzərdə tutulur.
Todd Boelidən başqa, konsorsiuma Birləşmiş Ərəb Əmirliklərinin “International Holding Company” və “Al Hail Holding” şirkətləri, Suriya-Qətər mənşəli Əl-Həyyat qardaşları, eləcə də ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) daxildir.
“Reuters”in məlumatına görə, qiymətli kağızlar “Capital Group” da daxil olmaqla, təxminən 10 ABŞ və Britaniya investisiya fondundan hər bir dollar nominal dəyərinə 30 sent ödəməklə alınıb.
“Lukoyl”un xarici aktivlərinin satış prosesi ABŞ-nin 2025-ci ilin oktyabrında şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra başlayıb. Həmin ilin dekabrında ABŞ Maliyyə Nazirliyi başqa bir qrupun təklifini rədd edərək, şirkətin aktivlərin satışından əlavə gəlir əldə etməməli olduğunu bildirib.
Mənbələrin sözlərinə görə, Boelinin rəhbərlik etdiyi konsorsium aktivlərin dəyərinin birbaşa “Lukoyl”a köçürülməyəcəyini, qiymətli kağızların eskrou hesabında saxlanılacağını vəd etməklə satış prosesində irəliləyib.
23:34 03.11.2026
Oxunuş sayı: 41