Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirlərinin nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqlardan, qürurverici hadisələrimizdən biri təbii ki, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi, siyasi, humatitar, diplomatik mərkəz kimi dünyanın diqqətində olması, müxtəlif sahələr üzrə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsidir. Bu məqamı da xüsusi vurğulamaq lazımdır ki, bir çox hallarda tədbirlərin keçirilməsi üçün paytaxt Bakı şəhəri nəzərdə tutulsa da iştirakçıların azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir, onlar bu torpaqlarda görülən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olurlar. Prezident İlham Əliyevin mütəmadi olaraq Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərlə yaxından tanış olmaq məqsədilə bu torpaqlara səfərləri, həmçinin bu və ya digər ölkənin dövlət başçılarını azad Qarabağda və azad Şərqi Zəngəzurda qarşılaması, onlarla birgə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı, bu ərazilərin müasir şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim etməsini izləmələri və sair kimi biri-birindən qürurverici hadisələr hər birimizi sevindirir. Atılan bu kimi addımlar şanlı Qələbəmizin dünyaya təqdimatı və təsdiqidir.
Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın, Türk və İslam dünyasının mədəniyyət paytaxtı Şuşa artıq qlobal fikir mübadiləsinin, beynəlxalq dialoqun və media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrilib. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu beynəlxalq səviyyədə informasiya məkanında baş verən dəyişikliklərin, medianın qarşısında duran yeni çağırışların, qarşılıqlı əməkdaşlıq imkanlarının və dünya gündəminin digər aktual mövzularının müzakirəsi üçün nüfuzlu platforma kimi qəbul olunur.
Hər il ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumunun mövzularına diqqət yetirdikdə hər dövrün çağırışlarını özündə ehtiva etdiyi daha aydın görünür. Belə ki, ötən il Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirildi. 2024-cü ildə keçirilən 2-ci Şuşa Qlobal Media Forumu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunu əhatə etdi. 2023-cü ildə birinci Şuşa Qlobal Media Forumu isə “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunu müzakirə etdi. Şuşa Qlobal Media forumları mövzuları ilə yanaşı, iştirakçıların sayı ilə də diqqətdədir. İldən-ilə artan iştirakçı sayı həm tədbirin əhəmiyyətini, həm də müzakirəyə çıxarılan mövzuların aktuallığını təsdiqləyir.
Qeyd edək ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox nüfuzlu media qurumu, həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri təmsil olunur. Bu statistika öz növbəsində Forumun beynəlxalq nüfuzunun ildən-ilə artdığını, Şuşanın isə qlobal media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir. Forum çərçivəsində panel iclasları, interaktiv sessiyalar və ikitərəfli görüşlər təşkil olunur. Müzakirələrin əsas mövzuları sırasında medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, informasiya təhlükəsizliyi və yeni media texnologiyalarının inkişaf perspektivləri əsas yer tutur.
Builki Forumun mövzusu özündə mühüm çağırışları və reallıqları əks etdirir. Ötən Forumdan keçən bir il Azərbaycanın sülh quruculuğuna verdiyi töhfələrlə diqqətdədir. Belə ki, dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, Azərbaycanın regionda dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi töhfələr, hazırda sülh şəraitində yaşadığımız üçün göstərdiyi səylər, atdığı addımlardan geniş bəhs etməsin. Sülh gündəliyinin müəllifi kimi Azərbaycanın qarşıya qoyulan hədəflərə doğru atdığı addımların yekunu ötən ilin avqust ayında dövlət başçısı İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri zamanı əldə edildi. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun aşılış mərasimindəki çıxışında, jurnalistlərin suallarını cavablandırarkən diqqət göstərdiyi əsas məsələlərdən biri təbii ki, Azərbaycanın sülh təcrübəsi, Vaşinqton razılaşmaları oldu. ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin çox əla, hətta strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edən dövlət başçısı İlham Əliyev diqqəti Prezident Donald Trampla görüşlərinə yönəltdi və vurğuladı ki, ABŞ Prezidenti ilə tarixi görüşümüz ötən ilin avqustunda Vaşinqtonda baş tutdu. Daha sonra isə bu ilin yanvarında biz Davosda yenidən görüşdük. Onlar Prezident Trampın qurucusu olduğu Sülh Şurasının təsisedici bir üzvü kimi də Azərbaycanı dəvət edib. Daha sonra isə Vitse-prezident Vens Azərbaycana səfər etdi, biz strateji tərəfdaşlığın qurulması ilə bağlı Bəyannaməyə imza atdıq. Bir çox digər meyarlar nümayiş etdirir ki, münasibətlərimiz hazırda pik səviyyəsindədir. Biz heç vaxt belə münasibətlərə nail olmamışdıq. Prezident İlham Əliyev 907-ci düzəlişin tam ləğvi məsələsinə də diqqəti yönəltdi. Bildirdi ki, Azərbaycan və Ermənistan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar. Sonra isə Azərbaycan Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırdı. Rusiyadan, Qazaxıstandan və digər yerlərdən Ermənistana 40 min tondan artıq müxtəlif yük daşınıb. Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, 10 min tondan artıq məhsul artıq daşınıb. Xüsusən də indiki dövrdə bir çox ölkələr yanacaq mənbəyinə çıxışdan əziyyət çəkir və Ermənistan isə Azərbaycan kimi etibarlı mənbəyə əsaslanır. Əgər bu olmasaydı, onlar qazı və dizeli dünyanın digər yerlərindən axtarmalı olmalı idilər. Bütün bunlar onu göstərir ki, 907-ci düzəliş tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir. Dövlət başçısı İlham Əliyev 907-ci düzəlişi ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz bir addımı kimi dəyərləndirərək onu da əlavə etdi ki, bu, 1992-ci ildə baş verdi. “Azadlığa Dəstək Aktı” qəbul olunanda Sovet İttifaqının süqutundan sonra yeni müstəqil ölkələrə maliyyə yardımının göstərilməsi ilə bağlıdır. 907-ci düzəliş isə ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. Yeri gəlmişkən, Prezident Bayden onlardan biridir, o, həmin vaxt senator idi. Bu səbəbdən biz Bayden administrasiyası vaxtında bu qədər çətinliklərlə üzləşdik.
Prezident Donald Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq olduğunu önə çəkən Prezident İlham Əliyev vurğuladı ki, Prezident Donald Trampın yanaşması isə fərqli idi. O, sülhsevər bir insandır və sülhü gətirə biləcək insandır. O, artıq dəfələrlə qeyd edib, dünyanın müxtəlif bölgələrində 8 münaqişəyə son qoyub. Bu, onun təbiətidir, bu, onun baxışıdır və onun siyasətidir. Bizim məsələyə gəldikdə, onun rolu çox vacib idi. Çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Prezident Donald Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu: “Təəssüf ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyasının ovaxtkı Minsk qrupunun həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin dondurulmasından ibarət idi. Azərbaycanın əraziləri azad edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi ki, bunu onların özləri də qəbul etmişdilər. Məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana, müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə etmək idi.”
Azərbaycanın üstünlükələrindən bəhs edərkən coğrafi mövqeyi hər zaman önə çəkilir. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz ölkələr, xalqlar arasında körpü rolunu oynayır, müxtəlif mədəniyətləri, dinləri bir araya gətirir. Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır, nüfuz qazanır. Multikulturalizm dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Bircə faktı qeyd etmək kifayətdir ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan edilib. Məqsəd müsəlman aləmində birliyin möhkəmləndirilməsi, həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoqa və İslam həmrəyliyinin bərqərar olmasına verdiyi töhfələrin dünyada tanıdılması idi. Bu əlamətdar il çərçivəsində ölkəmizdə çoxsaylı beynəlxalq konfranslar təşkil olundu və onların əsas zirvə tədbiri olaraq Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Dövlət başçısı İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında da bu kimi məqamlara xüsusi diqqət yönəltdi və bildirdi ki, biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq və bu istiqamətdə Azərbaycanda çoxsaylı tədbirlər keçirilib, bizim çoxsaylı təşəbbüslərimiz də əlbəttə ki, həmrəyliyin, birgə anlaşmanın gücləndirilməsinə yönəldilmişdir. Prezident İlham Əliyev bu çağırışı da etdi ki, təəssüf ki, bu gün biz o qədər də böyük həmrəylik görmürük. Gərginlik artmaqdadır, qarşılıqlı ittihamlar səslənir. Çağırışlar sırasında bu məqam da xüsusi qeyd edildi ki, biz dünyanın müxtəlif yerlərində müharibələrin şahidi oluruq. Bu, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, digər yerlərdə də baş verir. Bu da bizi məyus edir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində olan həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir. Yəni qarşılıqlı anlaşma nə qədər zəifləsə, vəziyyət o qədər də pisləşəcək.
Azərbaycan hər zaman əməkdaşlıq məkanı kimi nüfuz qazanıb. IV Şuşa Qlobal Media Forumunda “Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq” söyləyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir, narahatlıq doğuran, qonşularımızın narahatlıq doğuran məsələlərinin həllinə yönəlmişdir, o cümlədən bizi narahat edən məsələlər qaldırılmışdır: “Təbii ki, bu baxımdan Şuşada keçirilən media forumundakı bu mühiti, həmçinin bir çox beynəlxalq iştirakçılar arasında da yaratmağa çalışırıq. Çox sağ olun və bununla bağlı bizim dialoqumuz davam edir.” O da qeyd edildi ki, hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır. İstər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə əlaqələrimiz yaxşıdır. Bütün bunları bir araya gətirmək üçün, əlbəttə, bir çox addımları atmalı idik ki, dəhlizlər faydalı olsun.
Azərbaycanın enerji və nəqliyyat layihələri ölkələr, xalqlar arasında sıx bağlantı yaradır. Hazırda Azərbaycanın enerji diplomatiyasının uğurları göz qabağındadır. Şuşa Qlobal Media Forumunda bütün bu məsələlərə xüsusi diqqət yönəldildi, Azərbaycanın malik olduğu imkanlar, istər ənənəvi, istərsə də bərpaolunan enerji sektorunda əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün potensial imkanlar diqqətə çatdırıldı. Azərbaycan artıq 16 ölkəyə qaz nəql edir. Bu göstərici üzrə dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək. Prezident İlham Əliyev onu da vurğuladı ki, biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqlar aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı bizə müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir və 10 il bundan əvvəl ilə müqayisə etsək, rolumuz daha vacibdir. Biz artıq Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək bizim ümumi strategiyamızın tərkib hissəsidir. Prezident İlham Əliyev bildirdi ki, Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq. Prezident İlham Əliyev bu məqamı da xüsusi vurğuladı ki, biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var.
Ümumilikdə, Azərbaycan hər bir sahədə zəngin təcrübəsi ilə diqqətdədir. Ölkəmizin münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına verdiyi önəm təbii ki, mühüm üstünlüklərimizdən biridir. Bu isə öz növbəsində ədalət və beynəlxalq hüquq prinsiplərinin öndə saxlanılmasının bir tələb kimi qarşıya qoyur. Azərbaycanın bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Regional inkişafa davamlı töhfələr verən Azərbaycanın dünya siyasətinə gətirdiyi yeniliklər, bu sahədə təkmilləşmə göz önündədir. Tarixi Zəfərimizin reallıqları yeni dünya nizamının formalaşmasında əhəmiyyətli rol oynayır. Əsas çağırışlar sırasında Türk dünyasının birliyi, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin daha da möhkəmlənməsi dayanır. Son illərdə qarşılıqlı səfərlərin dinamikliyi bunun bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var.
Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Azərbaycan-Pakistan, Azərbaycan-Çin, Azərbaycan-Yaponiya münasibətlərinə də xüsusi diqqət yönəldildi. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin timsalında vurğuladı ki, biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük. Tarixi Zəfərimizin reallıqları fonunda Zəngəzur dəhlizinin açılması məsələsi də geniş müzakirə edilən məsələ oldu. Dövlət başçısı bildirdi ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək.
IV Şuşa Qlobal Media Forumu günümüzün aktual məsələlərinin müzakirəsinə, Azərbaycanın mövqeyinin öyrənilməsinə geniş imkanlar yaradır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibliyi, nüfuzu, qlobal problemlərin həllinə töhfələri bir daha təsdiqləndi. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışaraq bildirdi ki, tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından-dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər.
Azərbaycanın hazırda əsas hədəflərindən biri Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, cənnət məkana çevrilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Dövlət başçısı İlham Əliyev bu barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Təbii ki, Forum çərçivəsində müzakirə olunanan məsələləri bir yazıda tam əhatə etmək çətindir. Bu müzakirələr yalnız nəzəri fikir mübadiləsi ilə məhdudlaşmır, həm də müxtəlif ölkələrin uğurlu təcrübələrinin paylaşılmasına, yeni əməkdaşlıq təşəbbüslərinin formalaşdırılmasına və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradacaq. Bu reallığı da qeyd etməliyik ki, müasir dövrdə informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, dezinformasiya və qlobal kommunikasiya məsələləri beynəlxalq gündəliyin əsas mövzuları sırasında yer alır. Çünki informasiya artıq yalnız xəbərin yayılması vasitəsi deyil, dövlətlərin təhlükəsizliyinə, ictimai rəyə, beynəlxalq münasibətlərə və hətta qlobal siyasi proseslərə təsir göstərən strateji resursa çevrilib. Belə bir şəraitdə peşəkar jurnalistikanın inkişafı, media institutları arasında əməkdaşlığın gücləndirilməsi və qlobal çağırışların birgə müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Məhz bu baxımdan Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu qısa müddətdə dünyanın nüfuzlu media platformalarından biri kimi böyük nüfuz qazanıb.
Şuşa Qlobal Media Forumunun üstünlüklərindən bəhs edərkən onu da qeyd etməliyik ki, Prezident İlham Əliyev tədbir çərçivəsində yerli və xarici media nümayəndələrinin suallarını açıq formatda cavablandırır. Bu, dövlətimizin başçısı ilə beynəlxalq media nümayəndələri arasında birbaşa dialoq üçün mühüm platforma yaradır. Forumun builki mövzusu hər bir baxımdan beynəlxalq media ictimaiyyəti üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar yaradan, mühüm platforma kimi diqqətdə olan Şuşa Qlobal Media Forumu ənənəsinin bundan sonra da uğurla davam edəcəyi inkaredilməzdir.
Azərbaycanın hər bir təşəbbüsünə beynəlxalq dəstək ölkəmizin həyata keçirdiyi siyasətin, inkişaf modelinin nümunəviliyinin qəbulu və təsdiqidir. Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla bərabər, onları bölüşməkdə maraqlı olduğunu hər addımında nümayiş etdirir. Məqsəd dayanıqlı inkişafa nail olmaqdır ki, bu da öz növbəsində sülhün, təhlükəsizliyin təmin edilməsinə çağırış edir. IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh quruculuğuna diqqəti yönəltməklə “Regionun və dünyanın gələcəyini necə görmək istəyirik” sualına cavab axtarır. Azərbaycanın sülh quruculuğuna beynəlxalq dəstəyi yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirir ki, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək.

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı
16:33 13.07.2026
Oxunuş sayı: 56