Azərbaycan hərbi gücünü artırır - Raket istehsal olunacaq
Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq. Şirkətin Azərbaycanda həyata keçirdiyi investisiya layihəsi çərçivəsində raket istehsalı sahəsinə ciddi töhfə verəcək yeni müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur.Raket istehsalı sahəsinə töhfə verəcək yeni müəssisənin yaradılması ilə bağlı planlar ölkənin hərbi-sənaye potensialının gücləndirilməsi, yüksək texnologiyalı silah istehsalının genişləndirilməsi və müdafiə sahəsində xarici asılılığın azaldılması baxımından diqqət çəkir. Bəs bu layihə Azərbaycanın müdafiə sənayesi üçün hansı yeni imkanlar yaradacaq və raket istehsalına başlanılması ölkənin hərbi potensialına necə təsir göstərəcək?
Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın müdafiə sənayesi kompleksi, ümumilikdə isə müdafiə sənayesi sektoru hazırda inkişafının yeni mərhələsini yaşayır: “Bu mərhələnin həm özünəməxsus çətinlikləri, həm də üstünlükləri var. Üstünlüklərdən başlasaq, ən vacib məqam ondan ibarətdir ki, Azərbaycan tarixinin və taleyinin ən mühüm problemlərindən birini həll edib. Ölkə öz ərazi bütövlüyünü və suverenliyini təmin edib, işğal altında olan torpaqlarını azad edib. Bununla yanaşı, vaxtilə müharibə vəziyyətində olduğumuz Ermənistanla sülhün əldə olunması istiqamətində fundamental və əsaslı addımlar atılır. Bu vəziyyət Azərbaycana imkan verir ki, müharibədən əvvəl mövcud olan bir sıra məhdudiyyətləri aradan qaldırsın və müdafiə sənayesi sahəsində yeni istiqamətlər üzrə konkret addımlar atsın. Xüsusilə də yeni hərbi məhsulların yaradılması və istehsalı üçün daha geniş əməkdaşlıq imkanları yaranır. Burada söhbət ilk növbədə Qərb ölkələrindən, eləcə də Asiyanın inkişaf etmiş dövlətlərindən – Çin Xalq Respublikası, Tayvan, Malayziya, Sinqapur və digər ölkələrlə əməkdaşlıqdan gedir. Hazırkı mərhələdə Azərbaycan müdafiə sənayesinin qarşısında duran əsas vəzifələrdən biri strateji təyinatlı hərbi məhsulların yaradılması və istehsalının təşkil edilməsidir”.

R.Məmmədli qeyd edib ki, Azərbaycanın müdafiə sənayesi kompleksi formalaşdığı dövrdə qarşıya qoyulan əsas tapşırıqları böyük ölçüdə yerinə yetirib: “Atıcı silahların, kiçik və iriçaplı silahların istehsalı, həmin silahlar üçün sursatların hazırlanması, zirehli texnikanın istehsalı, əsaslı təmiri və modernləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Paralel olaraq müxtəlif tipli aviasiya bombalarının, o cümlədən FAB tipli bombaların istehsalı da həyata keçirilib. Bununla yanaşı, Azərbaycanın Sovet dövründən formalaşmış mühəndislik ənənəsi mövcuddur. O dövrdə ölkədə fəaliyyət göstərən ikili və hərbi təyinatlı müəssisələrdə müxtəlif strateji məhsulların ayrı-ayrı komponentləri istehsal olunurdu. Həmin məhsulların layihələri, texniki sənədləri və konstruktor məktəbi formalaşmışdı. Bu mühəndislik ənənəsi illər boyu qorunub saxlanılıb və nəsildən-nəslə ötürülüb. Məhz buna görə də Azərbaycanın strateji silahların hazırlanması və istehsalı sahəsində potensialı bir çox ölkələrlə müqayisədə daha yüksək qiymətləndirilə bilər. Yeni yaranan geosiyasi çağırışlar və imkanlar da Azərbaycanın bu istiqamətdə daha ciddi addımlar atmasına şərait yaradır. Burada əsas tərəfdaşlardan biri NATO-nun aparıcı üzvlərindən olan Türkiyədir. Türkiyə son 30 il ərzində müdafiə sənayesi sahəsində çox böyük inkişaf yolu keçib. Bu ölkə həm ABŞ-dan, həm də Avropanın qabaqcıl dövlətlərindən mühüm təcrübə əldə edib və hazırda müxtəlif növ yüksək texnologiyalı hərbi məhsullar istehsal edir. Bu baxımdan Azərbaycanın müxtəlif mənzilli və müxtəlif parametrlərə malik raket sistemlərinin yaradılması istiqamətində Türkiyə ilə əməkdaşlıq etməsi tamamilə başadüşülən və məqbul addımdır. Regionda və dünyada mövcud olan hərbi-siyasi vəziyyət də bu əməkdaşlığı zəruri edir”.
Ekspert əlavə edib ki, Azərbaycanın müvafiq müəssisələri ilə Türkiyənin raket sənayesi üzrə ixtisaslaşmış “Roketsan” şirkəti arasında əməkdaşlıq isə yeni məsələ deyil: “Son təxminən 20 il ərzində bu əməkdaşlıq müxtəlif istiqamətlərdə davam edib. Mövcud raket sistemlərinin modernləşdirilməsi, onların yenilənməsi, döyüş aviasiyası üçün yeni silahların inteqrasiyası sahəsində birgə layihələr həyata keçirilib. Məsələn, Su-25 təyyarələrinin yeni “hava-yer” və “hava-hava” raketləri ilə təchiz olunması istiqamətində işlər görülüb. Lakin artıq söhbət tamamilə yeni məhsulun yaradılmasından gedirsə, bu, yeni layihə və yeni mərhələ hesab olunmalıdır. Türkiyə ilə birgə belə layihələrin həyata keçirilməsi düzgün yanaşmadır. Bununla belə, hesab edirəm ki, bu cür layihələrin iş başlanmamış və ya yekunlaşmamış ictimailəşdirilməsi məqsədəuyğun deyil. Dünyada qəbul olunmuş təcrübə ondan ibarətdir ki, strateji və hərbi təyinatlı məhsullar barədə məlumatlar yalnız onların hazırlanması, sınaqları və istehsalı tam başa çatdıqdan, ordunun arsenalına qəbul edildikdən sonra açıqlanır. Düşünürəm ki, Türkiyəli tərəfdaşlarımız da məsələyə yalnız biznes baxımından deyil, həm də strateji təhlükəsizlik və məxfilik prizmasından yanaşmalıdırlar. Çünki Azərbaycan supergüc deyil və region hələ də tam sabitləşməyib. Müharibə başa çatsa da, bölgədə risklər qalmaqdadır. Həm şimal, həm də cənub qonşularımız Qərblə və NATO ilə ciddi qarşıdurma vəziyyətindədirlər. Bu baxımdan Qərb texnologiyalarının inteqrasiyası əsasında yeni komponentlərin və məhsulların hazırlanması prosesində maksimum məsuliyyət nümayiş etdirilməlidir. Bununla belə, bu əməkdaşlıq və ümumilikdə proses təqdirəlayiqdir. Hesab edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə yeni layihələrin də reallaşmasına başlanılacaq”.
Ayhan
19:30 08.07.2026
Oxunuş sayı: 58