Karapetyandan xəbərdarlıq: Paşinyan nə yatdı ki, nə yuxu görsün...
Ermənistanda daxili siyasi qarşıdurmanın yenidən kəskin mərhələyə keçə biləcəyi ilə bağlı növbəti iddia səsləndirilib. Məlumata görə, müxalif düşərgənin tanınmış simalarından olan Samvel Karapetyan ölkədə küçə etirazlarının qaçılmaz olduğunu bildirərək, bunun həm küçədə, həm də parlamentdə paralel şəkildə aparılacaq siyasi mübarizənin tərkib hissəsinə çevriləcəyini deyib. Karapetyanın sözlərinə görə, küçə mübarizəsinin başlaması üçün müəyyən təkanverici amillərin yaranması lazımdır. O hesab edir ki, belə şərait formalaşdıqdan sonra proseslər həm parlament daxilində, həm də küçələrdə inkişaf edəcək və mübarizə koordinasiyalı şəkildə aparılacaq.

Bu barədə Crossmedia.az-a açıqlama verən hərbi ekspert Heydər Mirzə Ermənistandakı siyasi vəziyyəti belə şərh edib:
" Ermənistanda siyasi gərginlik seçkilərdən sonra xeyli azalıb, siyasi proseslər davam edir. Bunların bir qismi bilavasitə seçkilərlə bağlı idi, bir qismi isə seçkilər başa çatdıqdan, Paşinyan partiyasının qələbə qazanmasından və Cənubi Qafqaz ətrafında gedən proseslərlə əlaqədardır. O cümlədən Rusiyaya bağlı qüvvələr ciddi zərbələr alsalar da, mövcuddurlar və resursları tükənməyib. Həmçinin Ermənistana təsir baxımından Rusiyanın da resursları tükənməyib".
Ekspertin sözlərinə görə, bu dəfəki NATO sammitinin Türkiyədə keçirilməsi də Qərbin resurslarının hələ də tükənmədiyini göstərən amillərdən biridir: “Görünür, proseslər davam edəcək. Düşünmürəm ki, Ermənistanda siyasi proseslər başa çatsın. Amma hakimiyyət vurğulayır ki, sosial-iqtisadi sahədə, yeni investisiyaların cəlb olunmasında Nikol Paşinyan hökuməti kifayət qədər uğurludur. Nə qədər ki, bu uğurlar nisbi də olsa qorunub saxlanılır, küçədə baş verə biləcək hər hansı siyasi prosesin Paşinyan hakimiyyəti üçün ciddi təhlükə yaradacağı gözlənilmir".
Fatimə Məmmədova
18:30 08.07.2026
Oxunuş sayı: 51