Azərbaycanda robot ordu bölməsi yaradılır
Müasir texnologiyalar bütün sahələrə müəyyən təsir göstərir. Texnologiya və süni intellektin təsir etdiyi yeni sahə ordudur. Belə ki, Fransa Silahlı Qüvvələri "Pendragon" layihəsi çərçivəsində gələn ilk döyüş robot bölməsini təqdim etməyi planlaşdırır. Bölmə təxminən 10-15 yerüstü robot və təxminən 60 drondan ibarət olacaq, onların hərəkətləri C2 Pendragon süni intellekt sistemindən istifadə edən kiçik hərbçi qrupu tərəfindən əlaqələndiriləcək. Maraqlıdır ki, orduların artıq süni intellekt texnologiyaları ilə təchiz olunması münaqişə və müharibələrin də gedişinə, ciddi təsir göstərib kökündən dəyişəcək.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib: “Fransa Silahlı Qüvvələri M-DRAGON layihəsi çərçivəsində döyüş robot bölmələrini istifadəyə verməyi planlaşdırır. Son dövrlərdə müharibənin bütün elementləri müasirləşdirilir və XXI əsrin tələblərinə uyğunlaşdırılır. Bu baxımdan, NATO da yeni hərbi çağırışlara uyğun taktika və strategiyalar formalaşdırır. Yəqin ki, sabah Ankarada keçiriləcək NATO Sammitində də Şimali Atlantika Alyansı yeni bölmələrin yaradılması, müasir döyüş taktikalarının və strategiyalarının tətbiqi ilə bağlı məsələləri müzakirə edəcək və müvafiq qərarlar qəbul olunacaq. Həmin qərarlardan biri də Fransa Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə robot bölmələrindən istifadə etməsi ola bilər. Söhbət təxminən 10–15 yerüstü döyüş robotu və 60-a yaxın pilotsuz uçuş aparatından ibarət kompleksdən gedir. Bu sistemlər böyük sayda şəxsi heyətin görə biləcəyi işi yerinə yetirmək imkanına malikdir. Eyni zamanda, onlar süni intellekt texnologiyaları ilə təchiz olunacaq. Bu texnologiyalar artıq dünyada geniş yayılıb və Fransa Silahlı Qüvvələrinin yeni döyüş taktikasının əsas elementlərindən birinə çevriləcək”.

Ekspert
əlavə edib ki, bu sistemlər əvvəlcə təlimlərdə sınaqdan keçiriləcək: “Daha
sonra isə ehtiyac yaranacağı təqdirdə Fransa Silahlı Qüvvələri tərəfindən real
döyüş əməliyyatlarında tətbiq olunacaq. Bu texnologiyanın əsas üstünlüyü ondan
ibarətdir ki, daha az sayda şəxsi heyətlə daha böyük tapşırıqları yerinə yetirmək
mümkün olur. Eyni zamanda, hərbçilər birbaşa döyüş zonasına daxil olmurlar.
Robotlar və pilotsuz uçuş aparatları məsafədən idarə edilir. Bunun nəticəsində
həm şəxsi heyət itkisi minimuma enir, həm də verilən tapşırıqlar yüksək dəqiqliklə
icra olunur. Çünki bu sistemlərdə süni intellekt texnologiyalarından istifadə
edilir və tapşırıqlar daha dəqiq şəkildə yerinə yetirilir. Azərbaycanda da bu
istiqamətdə işlər artıq başlanılıb. Biz postsovet məkanında pilotsuz uçuş
aparatlarının və onların modernləşdirilmiş variantlarının tətbiqində öncül ölkələrdən
biriyik. Bu sistemlərdə də süni intellekt texnologiyalarından istifadə olunur. Hazırda
Azərbaycanda da bu sahədə zəruri işlər həyata keçirilir. Dünyada baş verən
proseslərin fonunda biz də müasir döyüş elementlərini tətbiq etməyə məcburuq və
artıq onlardan istifadə edirik. Bu texnologiyaların nə dərəcədə effektiv
olacağına gəldikdə isə hesab edirəm ki, Azərbaycan artıq bunun ilk praktik
nümunələrini göstərən ölkələrdəndir. Biz bu sistemləri 2016-cı ildə, 2020-ci il
Vətən müharibəsində, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərində
tətbiq etmişik. Hazırda Türkiyə ilə birlikdə keçirilən hərbi təlimlərdə də bu
sistemlərdən istifadə olunur. Əldə olunan nəticələr isə göstərir ki, bu
texnologiyalar özünü doğruldur”.
Ayhan
20:30 06.07.2026
Oxunuş sayı: 46