Akademik Asəf Hacıyev: Müasir dövrdə rəqəmsal inkişaf hər bir dövlətin iqtisadi gücünü və rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biridir
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Asəf Hacıyev müsahibə verib. Riyaziyyat elminin inkişafı, ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində mühüm elmi nailiyyətlərə imza atmış, uzun illər Azərbaycan elmini beynəlxalq səviyyədə uğurla təmsil etmiş görkəmli alim və ictimai xadim müasir elmin çağırışları, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının inkişafı, yüksəkixtisaslı elmi kadrların hazırlanması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və s. kimi aktual mövzularda suallarımızı ətraflı cavablandırıb.
- Hörmətli Asəf müəllim, əvvəlcə hazırda rəhbərlik etdiyiniz elmi tədqiqatların, layihələrin əsas istiqamətləri və mühüm elmi nailiyyətləriniz barədə məlumat verə bilərsinizmi?
– Bu gün elmi fəaliyyətimizin əsas istiqamətlərini müxtəlif sahələrdə statistik metodların işlənməsi və tətbiqi təşkil edir. Xüsusilə mühəndislik, biologiya, tibb, informasiya texnologiyaları və son illərdə sürətlə inkişaf edən süni intellekt sahəsində statistik yanaşmaların rolu getdikcə daha da artmaqdadır. Müasir dövrdə statistik metodlar riyaziyyatın müxtəlif sahələrinə əsaslanır və təbii ki, yeni yanaşmaların işlənməsi bu sahələr üzrə dərin nəzəri biliklər tələb edir. Buna görə də statistik metodların inkişafı üçün riyaziyyatın müxtəlif sahələrinin paralel inkişafı, yəni həmin istiqamətlərdə yeni elmi araşdırmaların aparılması zəruridir. Bu istiqamətdə aparılan tədqiqatlar ölkəmizdə elmin inkişafına, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, o cümlədən beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verir.
Qeyd edim ki, bu il ABŞ-da dünyanın nüfuzlu “Taylor & Francis” nəşriyyatında növbəti kitabım – “Regression Models with Increasing Number of Unknown Parameters” (“Naməlum parametrlərinin sayı artan reqressiya modelləri”) nəşr olunacaq. Kitab artıq çapa qəbul edilib. Bu əsərdə indiyədək həlli müxtəlif çətinliklərlə müşayiət olunan bir sıra praktiki məsələlərin həlli üçün yeni elmi yanaşmalar və metodlar təqdim edilir.
Ümumiyyətlə, hesab edirəm ki, hər bir kitab alimin uzun illər apardığı araşdırmaların məntiqi yekunu və ümumiləşdirilmiş nəticəsidir. Adətən əvvəlcə tədqiqatların nəticələri elmi məqalələr şəklində nüfuzlu jurnallarda dərc olunur, daha sonra isə həmin araşdırmalar sistemləşdirilərək kitab halında oxuculara təqdim edilir. Mənim bu kitabım da dünyanın aparıcı elmi nəşrlərində çap olunmuş 30-a yaxın məqaləmin nəticələri əsasında hazırlanıb.
– Cənab Prezident İlham Əliyevin Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılması ilə bağlı müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində alim və ziyalıların rolunu necə qiymətləndirirsiniz? Sizcə, bu prosesdə əsas məqsəd və gözləntilər nədən ibarətdir?
– Bu gün rəqəmsal arxitekturanın formalaşdırılması və inkişafı hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Rəqəmsal inkişaf hər bir dövlətin iqtisadi gücünü və rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biridir. Dünyanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, rəqəmsal iqtisadiyyat həm ümumi daxili məhsulun, həm də dövlət büdcəsinin formalaşmasında getdikcə daha böyük rola malik olur. Təsadüfi deyil ki, rəqəmsal texnologiyalara ən çox investisiya yatıran ölkələr ABŞ və Çindir. Məhz bu istiqamətdə həyata keçirilən ardıcıl siyasət onların dünya iqtisadiyyatında lider mövqelərini daha da möhkəmləndirir.
Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, rəqəmsal sahəyə qoyulan investisiyalar qısa müddətdə yüksək iqtisadi səmərə verir. Proqnozlara görə, yaxın gələcəkdə qlobal ÜDM-in əhəmiyyətli hissəsi məhz rəqəmsal iqtisadiyyatın payına düşəcək.
Bu baxımdan Prezident İlham Əliyevin ölkəmizdə rəqəmsal transformasiya, süni intellektin inkişafı və yeni rəqəmsal arxitekturanın formalaşdırılmasına göstərdiyi xüsusi diqqət dövrün çağırışlarından irəli gələn strateji yanaşmadır. Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu sahənin inkişafını təmin etmək məqsədilə Rəqəmsal şuranın yaradılması, yeni institusional mexanizmlərin işlənilməsi dövlətin rəqəmsal inkişafı prioritet istiqamət kimi müəyyənləşdirdiyini aydın şəkildə göstərir.
Bu istiqamətdə rəqəmsal transformasiyaların ən mühüm tərkib hissələrindən biri olan süni intellektin inkişafını xüsusi qeyd etmək istərdim. Əgər 2025-ci ildə ABŞ-ın süni intellekt sahəsinə ayırdığı vəsait 285 milyard dollar idisə, bu gün həmin göstərici artıq 470 milyard dollara çatıb. Bu isə cəmi bir il ərzində təxminən 65 faizlik artım deməkdir. Bu rəqəmlər süni intellektin dövlətlər üçün nə qədər strateji əhəmiyyət daşıdığını aydın şəkildə göstərir. Bu, süni intellektin inkişafına verilən önəmin və gələcəyə hesablanmış yanaşmanın çox yaxşı nümunəsidir.
Ümumiyyətlə, dünyada süni intellekt sahəsinə yatırılan investisiyaların təxminən 75 faizi ABŞ şirkətlərinin payına düşür. Bu sahədə “Google”, “Microsoft”, “Amazon” və OpenAI kimi aparıcı texnologiya şirkətləri xüsusi rol oynayır və onların fəaliyyəti dövlət tərəfindən də ciddi şəkildə dəstəklənir. Çin də süni intellektin inkişafına böyük həcmdə – təxminən 120–125 milyard dollar investisiya ayırıb. Bu ölkədə “Baidu”, “Alibaba”, “Tencent” və “Huawei” kimi nəhəng texnologiya şirkətlərinin formalaşması da təsadüfi deyil. Bütün bunlar göstərir ki, dünyanın gələcək inkişafı əsas etibarilə rəqəmsal texnologiyaların, xüsusilə də süni intellektin inkişafı ilə bağlı olacaq.
– Dövlət başçısının Azərbaycanda elm və təhsilin rəqəmsallaşması və innovasiya yönümlü inkişafı ilə bağlı islahatlarını nəzərə alaraq, ölkədə elmi tədqiqatların effektivliyinin hansı istiqamətlərdə daha da gücləndirilməsini zəruri hesab edirsiniz?
– Hesab edirəm ki, dövlət tərəfindən elmə ayrılan vəsaitlərin əsas hissəsi dövlətin prioritet sifarişlərinin icrasına yönəldilməlidir. Dövlətin ayırdığı bütün vəsait səmərəli xərclənməli, ölkənin elmi, texnoloji və iqtisadi inkişafına xidmət etməlidir. Bu yanaşma artıq uzun illərdir dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunur.
Bu gün həm aparıcı dövlət qurumları, həm də dünyanın böyük özəl şirkətləri elmi tədqiqatlara ciddi investisiyalar yatırır, müxtəlif qrant və təqaüd proqramlarını maliyyələşdirirlər. Məsələn, Humboldt tədqiqat təqaüd proqramı, “Ford”, “Volkswagen” və digər şirkətlərin təqaüd proqramları buna nümunədir. Hesab edirəm ki, gənc alimlərimiz bu kimi imkanlardan səmərəli istifadə etməli, yerli və beynəlxalq təqaüd proqramlarında fəal iştirak etməlidir. Eyni zamanda, AMEA, eləcə də Elm və Təhsil Nazirliyi gənclərin bu kimi proqramlara müraciət etməsinə, stimullaşdırılmasına elmi-metodiki və təşkilati dəstək göstərməlidir.
Bundan əlavə, dünyada ildən-ilə özəl sektorun elmi tədqiqatlara və innovasiyalara yatırdığı investisiyaların həcmi artmaqdadır. Bu tendensiya Azərbaycanda da öz əksini tapmalıdır. Müasir dövrdə özəl sektor elmə yatırılan investisiyaların innovativ məhsul və texnologiyaların yaradılması, rəqabət üstünlüyünün əldə olunması və dayanıqlı iqtisadi inkişafın təmin edilməsində həlledici rol oynadığını nəzərə almalıdır.
Bu gün elm və tədqiqatlara ayrılan vəsaitin həcminə görə dünyanın iki lider dövləti ABŞ və Çindir. ABŞ-da elm və təhsilə ayrılan ümumi vəsait 1 trilyon ABŞ dollarına yaxınlaşır, Çində isə bu göstərici artıq 600 milyard dolları keçib. ÜDM-yə nisbətdə elm və tədqiqatlara ayrılan vəsaitə görə isə İsrail və Cənubi Koreya liderlik nümayiş etdirir. Hər iki ölkə ümumi daxili məhsulunun 6 faizdən çoxunu elm, tədqiqat və innovasiya fəaliyyətinin maliyyələşdirilməsinə yönəldir.
Təsadüfi deyil ki, adlarını çəkdiyim ölkələr dünyanın ən güclü iqtisadiyyatları sırasında yer alırlar. Ümumiyyətlə, yüksək elmi potensiala malik dövlətlər, bir qayda olaraq, güclü iqtisadiyyata da sahib olurlar. Yaponiya, Sinqapur, Norveç, Danimarka, Almaniya, Niderland və digər inkişaf etmiş ölkələrin təcrübəsi bunu bir daha təsdiqləyir. Bu ölkələrdə elmə böyük həcmdə investisiyalar qoyulur və bunun nəticəsində ölkənin iqtisadi inkişafı təmin edilir.
Hesab edirəm ki, Azərbaycanda da elm sahəsində islahatlar ardıcıl şəkildə davam etdirilməlidir. Bu islahatlar yalnız elmə marağın artırılmasına deyil, həm də elmi işçilərin sosial rifahının, o cümlədən əməkhaqlarının yüksəldilməsinə xidmət etməlidir. Eyni zamanda, islahatlar birdəfəlik xarakter daşımamalı, dünyanın inkişaf tendensiyalarına və ölkəmizin strateji prioritetlərinə uyğun olaraq mütəmadi şəkildə yenilənməlidir. Bunun üçün elmi inkişafın uzunmüddətli yol xəritəsinin hazırlanması vacibdir. Şübhəsiz ki, bu, asan məsələ deyil. Lakin müasir dövrün çağırışları və Azərbaycanın strateji inkişaf prioritetləri belə bir yol xəritəsinin hazırlanmasını qaçılmaz edir.
– Asəf müəllim, son illərdə regionda baş verən geosiyasi və iqtisadi dəyişikliklər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə necə təsir göstərib? Bu təşkilatın həyata keçirdiyi son tədbirlər və fəaliyyətiniz barədə məlumat verməyinizi istərdik.
– Son illərdə Qara dəniz regionu dünya siyasətinin və iqtisadiyyatının əsas strateji mərkəzlərindən birinə çevrilib. Bu, ilk növbədə, regionun əlverişli geostrateji mövqeyi ilə bağlıdır. Qara dəniz hövzəsi Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Digər tərəfdən, dünyanın əsas nəqliyyat dəhlizləri – tarixi İpək Yolu və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi məhz bu regiondan keçir. Eyni zamanda, Xəzər və Qara dəniz hövzələrindəki enerji resurslarının – neft və qazın dünya bazarlarına çatdırılmasında bu bölgə xüsusi əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, nəqliyyat infrastrukturunun inkişafı, enerji resurslarının səmərəli hasilatı və idarə olunması müasir elmi araşdırmalar və innovativ texnologiyalar olmadan mümkün deyil. Məhz buna görə də təşkilatımızın təşəbbüsü ilə Qara dəniz regionu ölkələrinin elmlər akademiyalarının prezidentlərinin və aparıcı universitetlərin rəhbərlərinin müntəzəm görüşləri keçirilir. Xatırladım ki, bu ilin may ayında Sofiyada keçirilən üçüncü görüş uğurla başa çatdı və növbəti – dördüncü görüşün gələn il Moldovanın paytaxtı Kişinyovda keçirilməsi qərara alındı.
Hesab edirəm ki, bu kimi görüşlər regionda elmi əməkdaşlığın genişlənməsinə, birgə tədqiqatların aparılmasına və yüksəkixtisaslı elmi kadrların hazırlanmasına mühüm töhfə verir. XXI əsrdə elm artıq fərdi deyil, kollektiv fəaliyyətə əsaslanır. Buna görə də beynəlxalq elmi əməkdaşlıq və elmin inteqrasiyası müasir dövrün ən vacib tələblərindən biridir.
– Süni intellektin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, əmək bazarının köklü şəkildə dəyişdiyi bir dövrdə yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və ali təhsil müəssisələrinin qarşısında hansı əsas vəzifələr dayanır?
– Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də yüksəkixtisaslı kadr hazırlığı böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, ilk növbədə, müasir dövrün tələblərinə cavab verən yeni ixtisasların yaradılmasına diqqət yetirilməlidir. Maliyyə texnologiyaları (FinTech), süni intellekt, maliyyə riyaziyyatı, biotexnologiyalar və digər perspektivli istiqamətlər bu baxımdan xüsusi aktuallıq kəsb edir.
Digər tərəfdən, hər bir ölkənin bütün bu ixtisaslar üzrə mütəxəssis hazırlamaq üçün kifayət qədər maddi və insan resursları yoxdur. Buna görə də hesab edirəm ki, Qara dəniz regionu ölkələri arasında koordinasiya, əməkdaşlıq gücləndirilməlidir. Hər bir dövlət öz inkişaf prioritetlərinə uyğun yeni ixtisasların açılması üçün tədbir görərsə, regionun digər ölkələri də bu imkanlardan yararlana bilər. Beləliklə, yeni ixtisasların açılması prosesi əlaqələndirilmiş şəkildə həyata keçirilər, eyni ixtisasların müxtəlif ölkələrdə təkrarlanmasının qarşısı alınar və mövcud resurslardan daha səmərəli istifadə olunar.
Bu baxımdan Bakı Dövlət Universitetinin təcrübəsini uğurlu nümunə kimi göstərmək olar. Universitetdə qlobal əmək bazarının tələblərinə cavab verən ixtisasların yaradılmasına xüsusi diqqət yetirilir. Eyni zamanda, bu istiqamətdə dünyanın aparıcı universitetləri ilə əməkdaşlığın genişləndirilməsini məqsədəuyğun hesab edirəm. Biz qlobal təcrübədən faydalanmalı, qabaqcıl modelləri öyrənərək onları öz ölkəmizin və regionun tələblərinə uyğun tətbiq etməliyik.
Digər mühüm istiqamətlərdən biri də innovativ startap ekosisteminin inkişafı və onun davamlı şəkildə dəstəklənməsidir. Bu gün innovativ startapların dəstəklənməsi olduqca vacibdir. Lakin məsələ yalnız onların maliyyələşdirilməsi ilə bitmir. Həmçinin dəstək verilən startapların sonrakı inkişafı, əldə etdikləri nəticələr və iqtisadi səmərəliliyi mütəmadi qiymətləndirilməlidir. Çünki bu sahəyə dövlət vəsaiti yönəldilir və həmin investisiyaların ölkənin iqtisadiyyatına, innovasiya mühitinə və cəmiyyətə real fayda verməsi əsas məqsəd olmalıdır.
– Uzun illər həm elmi, həm də millət vəkili kimi fəaliyyətinizi nəzərə alaraq, necə düşünürsünüz, cəmiyyətimizdə elmə marağın və alim peşəsinin nüfuzunun daha da artırılması üçün hansı mexanizmlərdən istifadə olunmalıdır? Bəs gənclərin elmə cəlb edilməsi istiqamətində hansı yeni yanaşmaların tətbiqini vacib hesab edirsiniz?
– Dünya elminin inkişaf dinamikasına nəzər salsaq, görərik ki, bir çox ölkələrdə elmi fəaliyyətlə məşğul olan insanların sayı azalmaqdadır. Lakin bu baxımdan ABŞ və Çin istisna təşkil edir. Hər iki ölkədə alimlərin sayı ildən-ilə artır və artıq 1,6 milyonu ötüb. Təsadüfi deyil ki, məhz elmə və yüksəkixtisaslı kadrlara davamlı investisiya yatıran bu ölkələr bu gün dünyanın aparıcı iqtisadiyyatları sırasında yer alırlar.
Gənclərin elmə marağının azalmasının bir neçə səbəbi var. Bunlardan ən mühümü, şübhəsiz ki, alimlərin sosial təminatı, xüsusilə də əməkhaqlarının səviyyəsidir. Təəssüf ki, bu gün elmi-tədqiqat qurumlarında çalışan alim və mütəxəssislərin, professorların maaşı arzuolunan səviyyədə deyil. Bu, o demək deyil ki, alimlərin əməkhaqları qısa müddətdə kəskin şəkildə artırılmalıdır. Lakin düşünürəm ki, elm sahəsində məqsədyönlü islahatlar aparılmaqla və dövlət vəsaitlərindən daha səmərəli istifadə etməklə bu problemin mərhələli şəkildə həllinə nail olmaq mümkündür.
Yuxarıda da qeyd etdiyim kimi, elm sahəsində uzunmüddətli inkişaf strategiyasını özündə əks etdirən yol xəritəsinin hazırlanması artıq zamanın tələbidir. Belə bir strateji sənəd elm qarşısında duran bir çox problemlərin sistemli şəkildə həllinə və inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsinə imkan verə bilər. Bununla yanaşı, konkret, elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanmalı, onların dövlətin sosial-iqtisadi inkişafına və cəmiyyətə verəcəyi töhfələr aydın şəkildə əsaslandırılmalıdır.
Fikrimcə, bu gün ən vacib məsələ elmi ictimaiyyətin təşəbbüskarlığını artırmaqdır. Elmin inkişafı ilə bağlı yeni ideya və təkliflərin yalnız yuxarı instansiyalardan gələcəyini gözləmək düzgün yanaşma deyil. Bu kimi təşəbbüslər, ilk növbədə, alimlər tərəfindən irəli sürülməli və Azərbaycanın strateji inkişaf hədəflərinə uyğun şəkildə formalaşdırılmalıdır.
Əminəm ki, həm dövlət başçımız cənab İlham Əliyev, həm də Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kimi təşəbbüslərə müsbət yanaşacaqlar. Çünki həm dövlət başçımız, həm də Birinci xanım – hər ikisi müasir düşüncəyə və dərin biliyə malik olduqlarına görə, elmin, təhsilin inkişafına xüsusi önəm verirlər və elmin cəmiyyətin inkişafındakı rolunu, ölkənin gələcək inkişafı üçün strateji əhəmiyyətini dərindən dərk edirlər.
Sonda fürsətdən istifadə edib bir məsələni də qeyd etmək istərdim. Bu ilin may ayında “Springer” nəşriyyatında çap olunmuş “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə Azərbaycan Respublikasının Dövlət Mükafatının verilməsi elmə və alimin əməyinə göstərilən dəyərin bariz nümunəsidir. Zəhmətimizə verdiyi bu yüksək qiymətə, xüsusi diqqətə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Müsahibəni apardı: Nərgiz Qəhrəmanova, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
14:51 01.07.2026
Oxunuş sayı: 86