İntihara hüquqi imkan yaradan qanun qəbul edilir
Fransada evtanaziya və həkim dəstəyi ilə intihara hüquqi imkan yaradan ölümə yardım haqqında qanunun Konstitusiya Şurasından keçməsi bu mövzunu yenidən gündəmə gətirib. Evtanaziya ağır və sağalmaz xəstəlikdən əziyyət çəkən şəxslərin öz istəyi ilə həkim müdaxiləsi nəticəsində həyatına son qoyulmasını nəzərdə tutur. Bir sıra ölkələrdə bu praktikaya müəyyən şərtlərlə icazə verilsə də, onun hüquqi və etik tərəfləri cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Mütəxəssislər evtanaziyanın mümkün sosial nəticələri, intihar hallarının artması və həssas qrupların qorunması məsələlərinə diqqət çəkirlər.
Sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, evtanaziya dünyanın bir çox ölkələrində mübahisə doğuran məsələlərdən biridir: “Dünyada çox az ölkə evtanaziyanı tətbiq edir. Məsələn, Belçika, Portuqaliya, Lüksemburq, Niderland, ABŞ-nin bəzi ştatları və digər yerlərdə bu praktikadan istifadə olunur. Göründüyü kimi, evtanaziya geniş yayılmış praktika deyil. İnsanlar adətən xəstəlikdən yaranan ağrıların şiddətli və dözülməz olduğu hallarda, öz istəkləri ilə həkim müdaxiləsi nəticəsində həyatlarına son qoyulmasına razılıq verirlər. Bu, çox ağır qərardır. Güman edirəm ki, evtanaziyanın kütləviləşməsinin də ciddi fəsadları ola bilər.
Müsəlman ölkələrində isə evtanaziya tətbiq olunmur. Çünki İslamda intihar və buna bənzər hallar günah sayılır. İslam yanaşmasına görə, insanı dünyaya gətirən Tanrıdır və insanın həyatına son qoyulması da Tanrının iradəsinə bağlıdır.
Ümumiyyətlə, evtanaziyanın tətbiqi bir sıra problemlərə də yol aça bilər. İlk növbədə, onun kütləviləşməsi intihar və evtanaziyanın daha sürətlə yayılmasına səbəb ola bilər. Bundan istifadə edən bəzi işbazların ortaya çıxması da problem yarada bilər. Məsələn, orqan transplantasiyası və orqan donorluğu ilə bağlı müxtəlif sui-istifadə halları meydana çıxa bilər. Belə xəstələrdən bu məqsədlə istifadə olunması ehtimalı da mümkün fəsadlardan biridir".

Sosioloq qeyd edir ki, Fransız cəmiyyətində evtanaziya tətbiq oluna bilərmi? "Tətbiq oluna bilər. Çünki Fransa cəmiyyətində belə məsələlərə müəyyən açıqlıq var və cəmiyyətin sosial xarakteri buna imkan yaradır. Unutmayaq ki, intiharla bağlı fundamental əsərlərdən birini məhz fransız sosioloqu Emil Dürkheyim yazıb. Onun “İntihar” əsərində intiharın səbəbləri, etiologiyası və yayılmasına təsir edən amillər araşdırılır. Orada göstərilir ki, bir intihar hadisəsi digər intihar hallarının yaranmasına müəyyən təsir göstərə bilər. Bu baxımdan belə praktikanın geniş yayılması ciddi sosial nəticələrə səbəb ola bilər.
Əlbəttə, dinin yanaşmasına görə, insanın həyatına son qoyulması düzgün hesab edilmir. Həyatın nizamını pozmaq, evtanaziyanı və intiharı təbliğ və təşviq etmək olmaz. Çünki bu barədə danışıldıqca və belə hallar normallaşdırıldıqca onların yayılması riski də arta bilər.
Hətta bir sıra məşhur şəxslər evtanaziyanın qanuniləşdirildiyi ölkələrdə vətəndaşlıq alaraq bu imkandan istifadə etmək istəyiblər. Məsələn, məşhur aktyor Alen Delon belə bir istəyini ifadə etmişdi, lakin buna imkan verilmədi. O, ağır xəstəlikdən əziyyət çəkirdi.
Bu xəstələr üçün, mənə elə gəlir ki, evtanaziyadansa, daha çox palliativ yardım xidmətlərinin yaradılması məqsədəuyğundur. Palliativ yardım haqqında qanun qəbul edilməli və ağır xəstələrə həyatlarının son mərhələsində tibbi və psixoloji dəstək göstərilməlidir. Onların ölümə qədər mümkün qədər rahat və ləyaqətli həyat sürmələri təmin olunmalıdır, nəinki evtanaziya və ya intihara yönləndirilmələri.
Güman edirəm ki, evtanaziyanın Fransada tətbiqi cəmiyyətə mənfi təsir göstərə bilər. Bu proses sürətlənə, intihar və evtanaziya hallarının sayı arta, cəmiyyətdə melanxolik və neqativ əhvali-ruhiyyə güclənə bilər”.
Zeynəb Həsən
16:00 17.08.2026
Oxunuş sayı: 67