Süni intellekt müəllif hüquqlarını ciddi şəkildə pozur
Son dövrlərdə dünyanın aparıcı media qurumları ilə süni intellekt şirkətləri arasında müəllif hüquqları ilə bağlı yaranan mübahisələr, rəqəmsal dünyanın gələcəyini müəyyənləşdirəcək ən mühüm proseslərdən birinə çevrilib. Jurnalistlərin böyük əmək, zaman və risk hesabına əldə etdiyi eksklüziv xəbərlərin ChatGPT və digər süni intellekt modelləri tərəfindən icazəsiz şəkildə "mənimsənilməsi" böyük hüquqi müharibənin əsasını qoyub. Çox vaxt tərəflər bu qarşıdurmanı iqtisadi modelin çöküşü kimi qiymətləndirsələr də, prosesin həm texniki, həm də etik tərəfləri medianın gələcək taleyindən xəbər verir. Belə ki, saytların, media qurumlarının elektron yazıları, analitik məqalələri süni intellekt proqramları tərəfindən mənimsənilərək, başqa istifadəçilərə öz fikri imiş kimi təqdim edilir. Bu da bütün müəllif hüquqlarının çeynənməsi deməkdir. Bəs innovasiyanın inkişafı ilə intellektual mülkiyyət hüquqları necə balanslaşdırılmalıdır?
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama verib:
İT mütəxəssisi Vüsal Məmmədzadə qeyd edib ki, burada əsas müzakirə mövzusu süni intellekt modellərinin internetdə yerləşən məlumatlardan hansı həddə qədər istifadə edə bilməsidir: "Texniki baxımdan media qurumlarının öz məzmununu süni intellekt sistemlərindən tam şəkildə qoruması praktik olaraq mümkün deyil. Müxtəlif texnologiyalar vasitəsilə məlumatların avtomatik toplanmasını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq olar. Bunun üçün xüsusi bot məhdudiyyətləri, giriş nəzarəti, paywall (ödənişli divar) sistemləri, IP bloklamaları və digər kibertəhlükəsizlik həllərindən istifadə edilir. Lakin internetin təbiəti etibarilə insanlar tərəfindən açıq şəkildə oxuna bilən məlumatın müəyyən üsullarla avtomatlaşdırılmış sistemlər tərəfindən də əldə olunması tamamilə istisna edilə bilmir. Buna görə də söhbət tam bloklamadan deyil, risklərin minimuma endirilməsindən gedir".

V.Məmmədzadə hüquqi müstəvidə yaranan dilemmanı və gələcək tendensiyaları musiqi sənayesi ilə müqayisə edərək fərqli bir nöqteyi-nəzər ortaya qoyub: "Süni intellekt şirkətləri bildirirlər ki, modellər konkret məqalələri və ya xəbərləri yadda saxlamır, yalnız məlumatlar arasındakı statistik əlaqələri öyrənirlər. Onların iddiasına görə, bu proses bir insanın müxtəlif mənbələri oxuyaraq bilik əldə etməsinə bənzəyir. Media qurumları isə bunun birbaşa müəllif hüquqlarının pozulması olduğunu və təzminat ödənilməli olduğunu müdafiə edirlər. Gələcəkdə məhkəmələr medianın xeyrinə qərar çıxarsa belə, bu, ChatGPT-nin inkişafını dayandırmayacaq, sadəcə fəaliyyət modelini dəyişəcək. Süni intellekt şirkətləri media qurumları ilə lisenziya müqavilələri bağlamağa məcbur olacaqlar. Necə ki, musiqi sənayesi zamanla pirat paylaşım modelindən lisenziyalı platformalara (Spotify, Apple Music və s.) keçid etdi, süni intellekt ekosistemi də müəllif hüquqlarını nəzərə alan daha şəffaf və hüquqi əsaslara söykənən modelə doğru inkişaf edəcək".
Media eksperti Səbinə İzzətli isə məsələyə daha çox jurnalistika etikası, yaradıcı əmək və dezinformasiya riskləri prizmasından yanaşıb. Ekspert vurğulayıb ki, problem süni intellekt texnologiyasının özündə deyil, onun tətbiq olunduğu hüquqi və etik çərçivədədir: "Süni intellekt etibarsız və ya təsdiqlənməmiş mənbələrə əsaslandıqda, əlbəttə ki, yanlış və ya təhrif olunmuş məlumatlar yarada bilər. Bu isə dezinformasiya riskini artırır. Buna görə də onun təqdim etdiyi məlumatlar həmişə tənqidi yanaşma ilə qiymətləndirilməli, etibarlı mənbələrlə yoxlanılmalıdır. Beynəlxalq media praktikasında süni intellekt tərəfindən müəllif hüquqlarının ciddi şəkildə pozulduğunu müşahidə edirik. Məncə, burada söhbət təkcə maddi təzminatdan getmir. Əsas məsələ jurnalist əməyinin və onun intellektual mülkiyyət hüquqlarının qorunmasıdır. Çünki keyfiyyətli jurnalistika uzunmüddətli araşdırmaların, faktların dəqiq yoxlanılmasının və peşəkar redaktə prosesinin nəticəsidir".

S.İzzətli qeyd edib ki, media qurumları texnologiyaya qarşı savaş açmaqdansa, beynəlxalq təcrübədəki əməkdaşlıq modellərini rəhbər tutmalıdır: "Əgər süni intellekt jurnalist məzmunundan icazəsiz istifadə edib onu yeni məzmun kimi təqdim edirsə, bu, medianın iqtisadi modelinə mənfi təsir göstərir. Belə hallarda bəzi media qurumları məhkəməyə üz tutur, digərləri isə lisenziyalaşdırma yolunu seçir. Məsələn, Associated Press (AP) rəsmi agentliyinin 2023-cü ildə OpenAI ilə bağladığı lisenziyalaşdırma razılaşmasını nümunə göstərmək olar. Bu sazişə əsasən, OpenAI AP-nin arxivindən istifadə qarşılığında rəsmi ödəniş edir. Deməli, əsas məqsəd süni intellektdən istifadənin qarşısını almaq deyil, onun etik və hüquqi çərçivədə tətbiqini təmin etməkdir. Gələcəyin mediasında süni intellekt rəqib kimi deyil, düzgün tənzimləndiyi halda peşəkar jurnalistikanı gücləndirən bir alət kimi qiymətləndirilməlidir".
Fatimə Cabbarlı
13:30 30.06.2026
Oxunuş sayı: 61