İnformasiyanı gizlətmək yerinə çevik və operativ vermək lazımdır - Elçin Şıxlı
Sentyabrın 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib və dövlət qurumlarının birgə məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisədən sonra “Nexta” kanalının məsələni Azərbaycan-Ermənistan münasibətləri kontekstində təqdim edən material yayması Medianın İnkişafı Agentliyinin etirazına səbəb olub. Agentlik yayılan məlumatı subyektiv mülahizələrə əsaslanan və ictimai rəyi çaşdırmağa yönələn informasiya kimi qiymətləndirərək, bunu Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsi hesab etdiyini bildirib.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Crossmedia.az-a açıqlamasında bildirib ki, hadisə baş verdikdən sonra onun qarşısını almaq mümkün deyil, əsas məsələ cəmiyyətə doğru məlumatın operativ şəkildə təqdim edilməsidir:

“İndi yanğın baş verirsə və bu barədə məlumat verilirsə, bunun qarşısını almaq olmaz. Yəni bir hadisə baş verirsə, onun qarşısını almaq mümkün deyil. Sadəcə olaraq, həmin hadisə barədə ilkin və düzgün informasiyanı özümüz təqdim etməliyik. Gözləməməliyik ki, hansısa xarici informasiya agentliyi gəlib bu barədə material hazırlasın”.
Elçin Şıxlı qeyd edib ki, belə hallarda milli media informasiya subyektləri ilkin mənbə rolunda çıxış etməli və məlumatı birinci əldən təqdim etməlidir:
“İlkin mənbə özümüz, milli media informasiya subyektləri olmalıyıq. İnformasiyanı ilkin olaraq biz necə təqdim edəcəyiksə, digərləri də həmin informasiyanı məhz o cür qavrayacaq”.
Jurnalist vurğulayıb ki, media hadisələrə çevik reaksiya verməli, məlumatların gizlədilməsi əvəzinə onların düzgün və operativ şəkildə ictimaiyyətə çatdırılmasına üstünlük verməlidir:
“Yəni çevik işləmək lazımdır və heç nəyi gizlətməyə ehtiyac yoxdur. “Ehtiyac yoxdur” deyəndə nəzərdə tutduğum odur ki, informasiyanı birinci özümüz, birinci əldən verməliyik”.
Nigar Xəlilli
18:30 04.09.2026
Oxunuş sayı: 50