Jurnalistikanın əsas missiyası həqiqətə xidmət etməkdir
8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü kimi qeyd olunur və bu tarix jurnalistlərin peşə həmrəyliyinin, məsuliyyətli və müstəqil fəaliyyətinin əhəmiyyətini ön plana çıxarır. Müasir dövrdə informasiya sürətlə yayıldığı üçün jurnalistlərin dəqiq, obyektiv və etibarlı məlumat təqdim etməsi cəmiyyətin düzgün məlumatlandırılmasında mühüm rol oynayır. Bu əlamətdar gün peşə prinsiplərinə sadiq çalışan jurnalistlərin əməyinə diqqət çəkmək baxımından da xüsusi əhəmiyyət daşıyır.
Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu 8 Sentyabr, Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı Crossmedia.az-a açıqlamasında jurnalistikanın yalnız informasiya yaymaqdan ibarət olmadığını, həqiqətə, peşə etikasına və cəmiyyət qarşısında məsuliyyətə xidmət edən bir peşə olduğunu bildirib: “Məncə, bu gün jurnalistləri birləşdirən əsas dəyər eyni peşə prinsiplərinə sadiq qalmaqdır. Jurnalistləri birləşdirən əsas məqamlar faktın yoxlanılması, həqiqətin axtarılması, mənbənin qorunması, insan ləyaqətinə hörmət, ayrı-seçkiliyə yol verməmək, müstəqillik, məsuliyyət və ictimai marağın qorunmasıdır”.
V.Zifəroğlu qeyd edib ki, müasir informasiya mühitində jurnalistlərin üzərinə yeni məsuliyyətlər də düşür: “Müasir dövrdə buna daha bir mühüm prinsip əlavə olunub: rəqəmsal məsuliyyət. Süni intellekt, sosial şəbəkələr, “deepfake”lər və sürətli informasiya dövriyyəsi jurnalistdən əvvəlkindən daha ciddi fakt yoxlaması tələb edir”.
Mətbuat Şurasının sədr müavininin sözlərinə görə, beynəlxalq jurnalistika mühitində də peşə fəaliyyətinin əsasını etik prinsiplər təşkil edir: “Beynəlxalq jurnalistika mühitində də əsas etik prinsiplər həqiqəti axtarmaq və yaymaq, zərəri minimuma endirmək, müstəqil fəaliyyət göstərmək, şəffaf və hesabatlı olmaq ətrafında formalaşır”.
Nigar Xəlilli
16:00 08.09.2026
Oxunuş sayı: 46