“Mənim Yolum” (“My Way”) Uşaq-Gənclər İnkişaf Mərkəzi Bakıda beynəlxalq sərgidə iştirak edib
Nyu Yorkda fəaliyyət göstərən “Mənim Yolum” (“My Way”) Uşaq-Gənclər İnkişaf Mərkəzi Bakıda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilən “Uşaqlığın rəngləri” adlı beynəlxalq rəsm sərgisində iştirak edib.
Bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Crossmedia.az-a məlumatda verilib.
Sərgi “My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdindəki “My Way” İncəsənət Studiyasının, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin, “Esmeralda” İncəsənət Studiyasının (Bakı) birgə təşkilatçılığı ilə baş tutub.
Sərgidə Azərbaycan və Misirlə yanaşı, “My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc rəssamlarının onlarla rəngarəng əsəri nümayiş etdirilib. Ekspozisiya müxtəlif ölkələrdən olan uşaqların yaradıcılıq dünyasını bir araya gətirərək, tamaşaçılara onların baxış bucaqları ilə tanış olmaq imkanı yaradıb. Uşaqlar öz rəsmlərində ailəyə bağlılıq, dostluq, təbiətin gözəlliyi, milli-mədəni dəyərlər və gələcəyə dair arzularını əks etdiriblər. Dil və mədəniyyət fərqlərinə baxmayaraq, bütün işlərdə səmimiyyət, xeyirxahlıq və sülh kimi ümumbəşəri dəyərlər aydın şəkildə hiss olunub. “My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzinin art direktoru Emin Quliyev sərginin bədii tərtibatını həyata keçirib və iştirakçıların yaradıcılıq prosesinin koordinasiyasını təmin edib.
Sərginin qonaqları sırasında “My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Alyona Bədəlova, “Esmeralda” İncəsənət Studiyasının rəhbəri Esmeralda Tağızadə, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə və Azərbaycan “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Kəramanlı (Rəhimova) yer alıb.
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, professor Tariq Abul Fotouh çıxışında gənc istedadların dəstəklənməsinin vacibliyini vurğulayaraq, belə sərgilərin uşaqlarda təxəyyülün inkişafı, özünəinamın formalaşması və ətraf aləmin gözəlliklərini daha dərindən qavrama bacarığı qazandırdığını söyləyib.
Çıxışlarda qeyd edilib ki, beynəlxalq mədəni layihələr uşaqlarda müxtəlif mədəniyyətlərə hörmət hissini gücləndirir, onların dünyagörüşünü genişləndirir və xalqlar arasında dostluq körpülərinin qurulmasına töhfə verir.
Sonda gənc rəssamlar təltif olunub, bütün iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, “My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdindəki yaradıcılıq qruplarının şagirdlərinin əl işləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), Ümumdünya Şəhərsalma Forumunda, eləcə də BMT-nin nüfuzlu beynəlxalq sərgi və tədbirlərində nümayiş olunub.
13:19 29.06.2026
Oxunuş sayı: 32