QHT-lərin maliyyələşdirilməsində yeni dövr: “Bir pəncərə” sistemi nə vəd edir?
Azərbaycanda qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sistemində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət qurumları tərəfindən QHT-lərin maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm artıq hüquqi qüvvəyə minib. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar QHT-lərin maliyyələşdirilməsi prosesində vahid koordinasiya sisteminin yaradılmasını, şəffaflığın və səmərəliliyin artırılmasını, eləcə də dövlət siyasətinin prioritetlərinə uyğun layihələrin daha məqsədyönlü şəkildə dəstəklənməsini hədəfləyir. Yeni qaydalar çərçivəsində qrant məbləğləri artırılıb, layihələrin qiymətləndirilməsi meyarları genişləndirilib və dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın yeni mexanizmləri müəyyənləşdirilib.
QHT rəhbərləri mövzu ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüblər:
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, Qeyri-Hökumət Təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair Qaydanın təsdiq olunmasını vətəndaş cəmiyyəti sektorunun inkişafı istiqamətində mühüm institusional islahat kimi dəyərləndirirəm: “Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu yeni mexanizm dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlığın daha sistemli, şəffaf və səmərəli şəkildə qurulmasına xidmət edəcək. Xüsusilə müxtəlif dövlət qurumlarının QHT-lərlə bağlı fəaliyyətinin vahid koordinasiya altında həyata keçirilməsi resurslardan daha effektiv istifadə olunmasına, prioritet mövzuların düzgün müəyyənləşdirilməsinə və layihələrin nəticəyönümlülüyünün artırılmasına imkan yaradacaq. Qrant məbləğlərinin artırılması, ekspertiza meyarlarının təkmilləşdirilməsi, layihələrin dövlət siyasəti və strateji inkişaf sənədləri ilə əlaqələndirilməsi QHT sektorunun peşəkarlığının və təsir imkanlarının daha da güclənməsinə şərait yaradacaq”.

U.Mirzəyev bildirib ki, uzun illərdir vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyət göstərən bir təşkilatın rəhbəri kimi hesab edirəm ki, bu qərar dövlət–QHT tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Qarşıdakı dövrdə bu mexanizmin ictimai təşəbbüslərin keyfiyyətinin yüksəlməsinə, sosial innovasiyaların təşviqinə və milli prioritetlərin həyata keçirilməsinə mühüm töhfələr verəcəyinə inanıram. QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsi ilə bağlı yeni qaydaların tətbiqini alqışlayır, bu mühüm islahatın həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, QHT-lərlə bağlı yeni qaydalar: daha böyük imkanlar, daha böyük məsuliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli qərarı ilə "Dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin "bir pəncərə" prinsipi əsasında təşkili Qaydası" təsdiq edildi: “Son günlər qərarın ayrı-ayrı aspektləri geniş müzakirə olunur. Xüsusilə kiçik qrantların məbləğinin artırılması, böyük qrantlar üzrə məhdudiyyətlərin aradan qaldırılması, vahid məlumat bazasının yaradılması və rəqəmsal mexanizmlərin tətbiqi diqqət mərkəzindədir. Şübhəsiz, bunlar mühüm yeniliklərdir. Amma qərarın əsl mahiyyəti bunlarla məhdudlaşmır. Bu, dövlətin vətəndaş cəmiyyəti siyasətinə yanaşmasında, QHT-lərin maliyyələşdirilməsinin idarə olunmasında və büdcə vəsaitlərinin nəticələrinin qiymətləndirilməsində baş verən daha dərin dəyişikliklərin göstəricisidir. Uzun illərdir bu sahədə çalışan biri kimi düşünürəm ki, dəyişikliklərin mahiyyətini anlamaq üçün iki suala cavab vermək lazımdır: Koordinasiyaya niyə ehtiyac duyuldu? Bu missiya niyə məhz QHT-lərə Dövlət Dəstəyi Agentliyinə həvalə edildi?

Ə.Nuriyev bildirib ki, koordinasiyaya ona görə ehtiyac duyuldu ki, uzun müddət müxtəlif dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq QHT layihələrini maliyyələşdirib, dövlət sifarişləri verib və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq ediblər: “Bu təcrübə özünü doğruldub, vətəndaş cəmiyyətinin inkişafına töhfə verib. Zaman keçdikcə yeni suallar ortaya çıxdı: Büdcədən QHT sektoruna cəmi nə qədər vəsait ayrılır? Bu vəsait necə bölüşdürülür? Layihələr ölkənin strateji prioritetləri ilə nə dərəcədə üst-üstə düşür? Eyni mövzulara təkrar-təkrar baxılan layihələr varmı? Hansı sahələr kənarda qalır? Ayrılan pulların ictimai faydası necə ölçülür? Əslində bu suallar təkcə QHT sektoruna aid deyil. Bütün sahələrdə dövlət maliyyəsinin idarə olunması, siyasətlərin effektivliyi və büdcə vəsaitlərinin səmərəliliyi ilə bağlıdır. Son illər dövlət idarəçiliyində nəticəyönümlülük, rəqəmsallaşma və səmərəlilik daha çox ön plana çıxır. Bu baxımdan koordinasiya mexanizminin yaradılması təsadüfi deyil. Bunu əlavə nəzarət kimi yox, vəsaitlərin daha yaxşı planlaşdırılması, təkrarların qarşısının alınması, prioritetlərin dəqiqləşdirilməsi və nəticələrin obyektiv qiymətləndirilməsi istiqamətində atılmış addım hesab edirəm. Missiya niyə məhz Agentliyə həvalə edildi? Ən çox müzakirə olunan məsələlərdən biri koordinasiya funksiyasının Agentliyə verilməsidir. Bunun arxasında həm praktiki, həm də institusional səbəblər var. Agentlik son illərdə qrant müsabiqələrinin təşkili, layihələrin qiymətləndirilməsi, monitorinq, hesabatlılıq və rəqəmsal idarəetmə sahəsində ciddi təcrübə toplayıb. Dövlət yeni qurum yaratmaqdansa, mövcud potensialdan istifadə etməyi üstün tutub – bu, həm resurslara qənaət, həm də davamlılıq baxımından başadüşüləndir. Amma bu qərarı təkcə Agentliyin səlahiyyətlərinin genişlənməsi kimi qəbul etmək səhv olar. Əslində, Agentliyin üzərinə düşən yük də artır. Artıq söhbət sadəcə qrant müsabiqələrindən getmir. Söhbət dövlətin QHT siyasətinin əlaqələndirilməsi, müxtəlif qurumlar arasında körpülərin qurulması, məlumatların ümumiləşdirilməsi və nəticələrin qiymətləndirilməsindən gedir. Yeni yanaşma Agentliyə həm yeni vəzifələr, həm də yeni öhdəliklər qoyur. Qısası, sözgüdən qərar səlahiyyətdən çox, göstərilən etimad və artan məsuliyyət kimi dəyərləndirilməlidir”.
Ə.Nuriyev vurğulayıb ki, koordinasiya mexanizminin əsas dayaqlarından biri vahid rəqəmsal platformadır: “Müxtəlif dövlət qurumlarının QHT-lərlə bağlı maliyyə proseslərini vahid məkanda birləşdirən platforma sistemi dağınıq fəaliyyətlər toplusundan vahid ekosistemə çevirmək potensialına malikdir. Məlumatların real vaxt rejimində işlənməsi qərarları sürətləndirəcək, təkrarlanan və ya bir-biri ilə ziddiyyət təşkil edən layihələrin qarşısını alacaq, ən əsası isə prosesi ictimai nəzarət üçün şəffaf edəcək. Digər dövlət qurumlarının rolu necə dəyişəcək? Ən çox maraq doğuran məqamlardan biri digər dövlət sifarişçilərinin taleyidir. Qeyd etmək lazımdır ki, söhbət onların səlahiyyətlərinin məhdudlaşdırılmasından və ya kənarlaşdırılmasından getmir. Əksinə, yeni qaydalar onlara öz sahəvi prioritetləri əsasında QHT-lərlə əməkdaşlıq etmək hüququnu saxlayır. Sadəcə, proses daha mütəşəkkil formaya düşür. Artıq hər bir qurum öz sahəsində təcrid olunmuş "ada" deyil, Agentliyin əlaqələndirici rolu sayəsində ümumi dövlət siyasətinin bir parçasıdır. Bu, fərdi təşəbbüslərdən sistemli, bir-birini tamamlayan və strateji hədəflərə xidmət edən əməkdaşlıq modelinə keçiddir. Kiçik qrantların artırılması nə ilə əlaqədardır? Bəzən belə sual doğur, ölkədə optimallaşdırma aparıldığı halda, qrant məbləğləri niyə artırılır? Optimallaşdırma təkcə xərclərin azaldılması demək deyil, ilk növbədə resurslardan daha səmərəli istifadədir. Bugün bir neçə il əvvəl 10 min manata icra olunan layihəni eyni keyfiyyətdə həyata keçirmək mümkün deyil. Regionlarda iş, ekspert xidmətləri, monitorinq, rəqəmsal həllər və kommunikasiya xərcləri xeyli artıb. Dövlət keyfiyyətli nəticə tələb edirsə, bunun üçün adekvat maliyyə də yaratmalıdır. Bu baxımdan kiçik qrantların artırılması sadəcə pul məsələsi deyil, həm də vətəndaş cəmiyyətindən gözləntilərin böyüməsinin ifadəsidir. Böyük qrantlar üzrə limitin aradan qaldırılması nəyi dəyişir? Ən diqqətçəkən məsələlərdən biri böyük qrantlar üzrə yuxarı həddin ləğvidir. Yeni yanaşma dövlətin QHT-ləri təkcə kiçik layihələrdə deyil, həm də geniş proqramlarda, monitorinqlərdə, tədqiqatlarda, sosial xidmət təşəbbüslərində və rəqəmsal həllərdə tərəfdaş görməsinin əlamətidir. Yanaşmanın kökündə o durur ki, əgər təşkilatın peşəkarlığı, institusional dayanıqlığı və ictimai fayda yaratmaq qabiliyyəti varsa, maliyyə məbləği süni şəkildə məhdudlaşdırılmamalıdır. Ancaq bir incə məqam var, böyük qrant avtomatik olaraq böyük uğur demək deyil. 20 min manatlıq layihə ilə yüz minlərlə manatlıq proqramı idarə etmək arasında böyük fərq var. Burada təşkilatın institusional gücü, maliyyə intizamı, kadr potensialı və daxili nəzarət mexanizmləri həlledici rol oynayır
QHT rəhbəri bildirib ki, fikrimcə, bugün əsas sual QHT-lərin buna hazır olub olmamasıdır: “Uzun illər QHT sektorunda maliyyə imkanlarının məhdudluğundan şikayət edilib. Amma təcrübə göstərir ki, uğur həmişə pulla ölçülmür. Şəxsi müşahidələrimə görə, eyni büdcəyə sahib təşkilatlardan biri formal fəaliyyətlə kifayətlənir, digəri isə real dəyişiklik yaradır, problemi aktuallaşdırır və konkret nəticə əldə edir. Yeni qaydaları sadəcə maliyyələşmə mexanizminin dəyişməsi kimi görmürəm. O, dövlətin QHT sektoruna daha çox pul ayırmaq istəyindən daha çox, vətəndaş cəmiyyətindən daha böyük nəticələr gözlədiyini göstərir. Sektor uzun müddət maliyyə imkanlarının genişlənməsini, prosedurların sadələşməsini və dövlət dəstəyinin güclənməsini istəyib. Yeni qaydalar bu gözləntilərin əhəmiyyətli hissəsinə cavab verir. Ancaq bununla bərabər, məsuliyyət də artır. Əgər əvvəllər mübahisə maliyyələşmənin həcmi ətrafında idisə, indi diqqət həmin vəsaitin yaratdığı ictimai təsirə yönələcək. Mənə görə, qərarın uğuru məhz bu nəticələrlə ölçüləcək”.
Milli QHT
Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli qeyd edib ki, dövlət qurumları
və QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi kontekstindən baxsaq,
Qaydalara əsasən dövlət büdcəsindən maliyyələşən bütün qurumların QHT-lərə
qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəkləri artıq vahid
sistem və vahid koordinasiya mexanizmi üzərindən həyata keçiriləcək: “Bu isə
QHT-lərin müxtəlif dövlət qurumlarına ayrıca müraciət etmə yükünü azaldacaqdır
və dövlət–QHT əməkdaşlığını institusional səviyyədə gücləndirəcək. Sənəddə
layihələrin ekspertizası, monitorinqi və qiymətləndirilməsi üçün ətraflı
meyarlar müəyyən edilib. Layihələrin innovativliyi, davamlılığı, kadr
potensialı, dövlət siyasətinə töhfəsi, ölçülə bilən nəticələri və monitorinq
mexanizmləri qiymətləndirmənin əsas elementləri kimi təsbit olunur”.
R.İskəndərli bildirib ki, Dövlət–QHT əməkdaşlığı daha sistemli və mərkəzləşdirilmiş formaya keçir Bu amillər Azərbaycan QHT sektorunun institusional inkişafının yeni mərhələyə keçdiyini göstərən əsas göstəricilər hesab oluna bilər”.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib ki, QHT sektoruna dövlət dəstəyinin vahid konseptual bazası, normativ və institusional arxitekturası formalaşır: “Nazirlər Kabinetinin 22 iyun 2026-cı tarixli, 188 saylı qərarı ilə QHT-lərin bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi modelinin yaradılması yalnız formanı dəyişmir, həm də QHT sektoruna dövlət dəstəyinin fəlsəfəsini, baxışı, düşüncələri yeniləyir, keyfiyyət dəyişikliyi üçün real zəmin yaradır. Çünki, QHT sektoruna dövlət dəstəyinin vahid konseptual bazası, normativ və institusional arxitekturası formalaşır. Bu mexanizm tam rəqəmsallaşan, yeni, fərqli mahiyyətə və fəlsəfəyə malik model yaratmağa imkan verir. Bu yeni yanaşma QHT-lərin inkişafı siyasətinin planlaşdırılması, həyata keçirilmsi, eyni zamanda ayrı-ayrı sahələrdə təsirin ölçülüməsi baxımından strateji əhəmiyyətə malikdir.

Z.İbrahimli qeyd edib
ki, QHT-lərin qrant
maliyyələşməsi ilə əlaqədar bu vaxta qədər müşahidə olunan və zaman getdikcə
daha genişlənən fraqmentasiya, pərakəndəlik, lokallaşma, ümumi, strateji məqsədlərin
kiçik hədəflərin, ambisiyaların kölgəsində
qalması, vahid yanaşmanın, uçotun, tənzimləmənin, effektiv əlaqələndirmənin
olmaması kimi inkişafı, təkamülü ləngidən amillər artıq keçmişdə qalacaq: “Yeni
qaydalar yalnız Agentliyin deyil, qrant maliyyələşməsi ilə əlaqədar ümumiləşmiş
təcrübəni və QHT sektorunda aparılmış uzunmüddətli və geniş müzakirələrin qənaətlərini
əks etdirir. Təhlillər göstərirdi ki, ən
böyük problem lokal yanaşma, ölkənin strateji inkişaf hədəfləri ilə əlaqələndirmənin
formal xarakter alması, reallıqda isə subyektiv yanaşmanın ön plana çıxmasaydı.
Qrant müsabiqələrinin keçirilməsində
cürbəcür neqativ amillərdən daha çox məhz pərakəndəlik, ümumi, strateji məqsədlərin əsas oriyentir,
strateji çərçivə kimi götürülməməsi əsas problem kimi qarşıya çıxırdı”.
QHT sədri əlavə edib ki, hazırda Agentlik müsabiqələrin keçirilməsinin və layihələrin icrasının monitorinqinin bütün mərhələlərini rəqəmsal həyata keçirir: ““Bir pəncərə” prinsipi əsasında maliyyələşdirilmə mexanizmi bu təcrübənin təkmilləşdirilmiş, mövcud ehtiyaclara uyğunlaşdırılmış formatda ölkə miqyasında tətbiqi kimi dəyərləndirilə bilər. Burada başlıca məqsəd dövlət prioritetləri çərçivəsində vahid yanaşma, fəaliyyətlər, planlarla strateji məqsədlərin əlaqələndirilməsinin, ahəngdarlığın, dövlət tədbirləri ilə sinxronlaşmanın, aktual, vacib mövzuların diqqət mərkəzində saxlanmasının təmin edilməsi, təkrara, izafi xərclərə, resursların parçalanmasına yol verilməməsidir. Bu yanaşma hazırda çox vacib olan vahid gündəliyin müəyyən edilməsi, strateji hədəflərlə sahəvi prioritetlərin uzlaşdırılmasına imkan verəcək. QHT layihələrinin icrası zamanı kəmiyyət və keyfiyyət nəzarətinin, hesabatlığının, nəticələrin qiymətləndirməsinn vahid üsullarını, meyarlarının ümumi mexanizmini tam formalaşdırır. Bu həm də kağız üzərindəki planın real işlə nə dərəcədə üst-üstə düşdüyünü yoxlamağa imkan verir. Vahid yanaşma bütövlükdə QHT-lərin onların irəli sürdükləri layihələrin, təşəbbüslərin maliyyələşdirilməsinin nəticələri, təsirini daha səmərəli ölçməyə, müqayisələr, ümumiləşdirmələr aparmağa, bütövlükdə ölkə və ayrı-ayrı sahələr, istiqamətlər üzrə nəticələr əldə etməyə imkan verəcək”.
İnformasiya
və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd
edib ki, ötən ilin dekabr ayında cənab Prezident tərəfindən QHT-lərin müxtəlif
dövlət qurumları tərəfindən maliyyələşdirilməsinin vahid pəncərə sistemi ilə həyata
keçirilməsi ilə bağlı fərman imzalanmışdı: “Həmin fərmandan irəli gələn müddəalara
əsasən Nazirlər Kabineti tərəfindən müvafiq qaydalar hazırlanmalı idi. Bu ayın
22-də Nazirlər Kabineti tərəfindən belə bir qərar qəbul edildi və qaydalar təsdiqləndi.
Ümumilikdə hesab edirəm ki, bu proses zamanın tələbi idi. Çünki zaman-zaman Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı addımlar atılırdı və bunu növbəti
mühüm addımlardan biri hesab edirəm. QHT-lərin fəaliyyətinin ümumi konturlarını
görmək üçün vahid bazaya ehtiyac var idi. Xüsusilə də maliyyələşmə sisteminin
vahid formatda həyata keçirilməsinə ehtiyac duyulurdu. Bu ehtiyac ondan irəli gəlirdi
ki, həm QHT-lər, həm də dövlət qurumları üçün koordinasiya və vahid istiqamət
müəyyənləşdirilməli idi. Artıq belə bir istiqamət müəyyən olunub”.

C.Hüseynzadə əlavə edib ki, yeni qaydalara əsasən QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu vahid pəncərə sistemini həyata keçirən operator olacaq: “Ümumilikdə qərarın çoxsaylı müsbət tərəfləri var. Qeyd etdiyim kimi, bu zamanın tələbi idi. Ölkədə ümumilikdə xidmətlərin daha şəffaf və elektron formada təşkili prosesi gedir və hesab edirəm ki, bu, vətəndaş cəmiyyəti üçün də vacib bir məqam idi. Yeni qaydalara əsasən bir sıra yeniliklər nəzərdə tutulur. Bunlardan biri ondan ibarətdir ki, artıq qeyri-hökumət təşkilatlarının aldığı kiçik qrantların məbləği 15 min manatdan 30 min manata qədər artırılıb. Eyni zamanda böyük qrantlarla bağlı hər hansı məbləğ limiti müəyyən edilməyib. Bu da, yəqin ki, gələcəkdə donorlar tərəfindən daha böyük vəsaitlərin QHT-lər üçün ayrılmasının nəzərə alınması ilə bağlıdır. Bu, vacib və sevindirici məqamdır. Digər sevindirici məqam ondan ibarətdir ki, ümumiyyətlə, qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı illik hesabatların təqdim olunması nəzərdə tutulur”.
C.Hüseynzadə
başqa vacib məqamlardan birinin isə müsabiqələrin keçirilməsi ilə bağlı konkret
vaxt və zaman çərçivələrinin müəyyən edilməsi olduğunu vurğulayıb: “Söhbət
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təqdim olunan layihələrdən, daha sonra
elanların hansı müddətlərdə yerləşdirilməsindən gedir. Bu da müsbət haldır. Ümumilikdə
hesab edirəm ki, qərar kifayət qədər peşəkar şəkildə hazırlanıb. Çünki burada
sadəcə bütün maliyyələşmə növlərinin bir ad altında birləşdirilməsindən söhbət
getmir. Müasir dövrün tələblərinə, beynəlxalq trendlərə və çağırışlara uyğun
olaraq maliyyələşmə mexanizmlərinin spesifik xüsusiyyətləri nəzərə alınıb. Burada
həm böyük və kiçik qrantlardan, həm müsabiqədənkənar qrantlardan, həm də dövlət
sifarişləri və subsidiyalardan söhbət gedir. Bunların hər birinin özünəməxsus
xüsusiyyətləri var və qaydalarda bu məqamlar ayrıca nəzərə alınıb. Yəni bütün
maliyyələşmə növləri bir başlıq altında birləşdirilməyib. Bu da onu göstərir
ki, dövlətin QHT-lərlə bağlı baxışı daha genişdir. Dövlət hesab etmir ki, QHT-lərin
maliyyələşməsi yalnız qrantlarla məhdudlaşmalıdır. Bu çox vacib məqamdır. Çünki
beynəlxalq təcrübədə və xarici ölkələrin təcrübəsində müxtəlif maliyyələşmə
metodları mövcuddur. Bu metodlar nə qədər çox olarsa, QHT-lər üçün də bir o qədər
yeni imkanlar yaranar. Qaydaları diqqətlə nəzərdən keçirdikdə diqqət çəkən məqamlardan
biri də QHT-lərin fəaliyyətinin mediada işıqlandırılması məsələsidir. Belə ki,
müsabiqələrdə iştirak edən təşkilatların mediada görünürlüğünün olması ilə
bağlı tələblər müəyyənləşdirilir. Bu isə həm dövlət qurumlarına, həm də QHT-lərə
ictimai etimadın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm
ki, qarşıda yeni mərhələlər var. Qaydalar artıq qəbul olunub. Bundan sonrakı mərhələdə
QHT-lərlə bağlı yeni konsepsiyanın qəbul olunması gözlənilir. Eyni zamanda
ictimai iştirakçılıqla bağlı yeni qaydaların müəyyənləşdirilməsi də gündəmdədir.
Bütün bunlar ictimai müzakirələrlə müşayiət olunmalıdır. QHT-lərin də bu
proseslərdə aktiv iştirakı vacibdir. Gözlənilən yeni qərarların hazırlanması mərhələsində
vətəndaş cəmiyyəti fəal şəkildə iştirak etməli və öz töhfəsini verməlidir”.
Ayhan
20:00 24.06.2026
Oxunuş sayı: 277