Azərbaycanın siyasi və ictimai xadimləri hansı milliyə azarkeşlik edir? – 2026 Dünya Çempionatı sorğusu
2026-cı il Dünya Çempionatı futbolsevərlərin diqqət mərkəzində olmağa davam edir. Dünyanın ən nüfuzlu idman yarışlarından biri hesab olunan futbol bu dəfə də həm meydandakı mübarizə, həm də favorit komandalar ətrafında gedən müzakirələrlə gündəmdədir. Bəs Azərbaycanın tanınmış siyasi və ictimai xadimləri hansı milli komandalara azarkeşlik edir, çempionatın favoritini kim hesab edirlər? Bu suallara cavab tapmaq üçün siyasi və ictimai xadimlər arasında sorğu keçirdik. Onların futbol zövqünü, dəstəklədikləri komandaları və 2026-cı il Dünya Çempionatı ilə bağlı gözləntilərini öyrəndik.
Crossmedia.az sorğunu təqdim edir:
Dünya çempionatında hansı komandanı dəstəkləyirsiniz?

Milli Məclisin deputatı Fazil Mustafa:
Xüsusi dəstəklədiyim komanda yoxdur. Amma gözəl oyunlara baxıram. Hələlik Argentinanın oyunu çox xoşuma gəlir. Gedişatda bəlkə sürprizlər oldu. Çünki ilk mərhələdə komandaların potensialı tam şəkildə bilinmir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə:
Çempionatda Türkiyə və Özbəkistan komandalarını dəstəkləyirdim. Hər iki komanda yaxşı oynayırdı, amma məğlub oldular. Bundan sonra isə hansı komandanın qalib gələcəyi gedişatın işidir. Ən güclünün qalib gəlməsini diləyirəm.

Milli Məclisin deputatı Vüqar Bayramov:
Dünya çempionatında dəstəklədiyim komanda qardaş Türkiyə və Özbəkistan komandaları idi. Amma çox təəssüf ki, hər iki qardaş komanda hər iki oyunda məğlub oldu. Özbəkistanın dünya kubokunun final mərhələsinə çıxması böyük uğurdur. Amma Türkiyədən gözləntilər kifayət qədər yüksək idi. O baxımdan dəstəklədiyimiz hər iki komanda gözləntiləri doğrultmadı. Bununla belə İspaniyanı dəstəkləyirəm və hesab edirəm ki, dünya kubokunu qazanmağa İspaniya əsas namizədlərdən biridir. Sözsüz ki, biz Fransa və Argentinanın da kifayət qədər güclü oyunçulara malik olduğunu nəzərdən qaçırmamalıyıq.

Politoloq Zaur Məmmədov:
Təbii ki, biz istəsək də istəməsək də görürük ki, idmana da futbola da siyasi yanaşmalar var. Amma sırf idman nöqteyi-nəzərindən yanaşsaq ürəyimiz Türkiyə və Özbəkistan milli komandası ilə bir yerdə idi.

Politoloq Tofiq Abbasov:
Mən gəncliyimdən yalnız və yalnız Braziliya milli komandasının azarkeşi olmuşam. İndi də Braziliya yığmasının azarkeşiyəm və hər zaman onların oyunlarını diqqətlə izləyirəm. Düşünürəm ki, dünyada ən çox azarkeşi olan milli komandalardan biri də məhz Braziliyadır. Çünki Braziliya futbolu həmişə öz festival abu-havası ilə seçilib. Onlar həm fərdi ustalıq nümayiş etdirirlər, həm də yaradıcılıqları və fantaziyaları ilə fərqlənirlər. Braziliyalı futbolçuların meydandakı düşüncə tərzi və improvizasiya bacarığı bir çox ölkələrin futbolçularından seçilir. Bu səbəbdən hesab edirəm ki, əgər 24 ildən sonra Braziliya yenidən dünya çempionu olsa, bu tamamilə qanunauyğun nəticə kimi qəbul edilməlidir. Hər halda, burada azarkeşlərin dəstəyi, futbolçuların əzmkarlığı, məşqçi-komanda münasibətləri və əlbəttə ki, bəxt amili mühüm rol oynayır.

Təhsil eksperti Elçin Əfəndiyev:
Dünya Çempionatında bir neçə komanda var ki, onlara azərkeşlik edirəm. Xüsusən türk milli komandaları olan Türkiyə və Özbəkistana azərkeşlik edirdim. Təəssüf ki, onlarda artıq qrupdan çıxa bilmirlər. Amma digər komandalardan Argentina, İspaniya və İngiltərə millilərinin oyunlarını izləyirəm. Daha çox dəstəklədiyim isə İspaniya və Argentina milliləridir. Onlarda hazırda qrupda yüksək pillələri tuturlar, növbəti mərhələyə keçəcəklərindən də şübhəm yoxdu.

İqtisadçı Xalid Kərimli:
Mən ənənəvi olaraq İtaliyanın azərkeşiyəm. Uşaqlıqdan bəri İtaliyanı dəstəkləyirəm xüsusi səbəbi olmasa da. Bəlkə də səbəb İtaliyanın Avropada Azərbaycanın ən yaxşı münasibətləri olan dövlətlərdəndir deyə belədir. İtaliya təəssüf ki, gedə bilmədi. Türkiyə Özbəkistan komandası da diqqət mərkəzində idi amma çox zəif çıxış etdilər. Hazırda Mərakeş komandasına azərkeşlik edirəm. Mərakeş Afrika komandaları arasında ən perspektivli komandadır. Avropa, Amerika dünya çempionu olmağa vərdiş ediblər. İstəyərəm ki, bu çempionatda Mərkeş qalib gəlsin.

Hüquqşünas Ramil Süleymanov:
Mən 1994-cü ildən Fransa yığma komandasına azərkeşlik edirəm. Əlbəttə ki, çempionatların olmazsa olması mənim üçün Türkiyə komandası iştirak edibsə, o, etməyibsə türkdilli başqa bir komanda olub. Bu çempionatda da mənim favoritim Fransadır. Amma Türkiyə və Özbəkistan komandalarının məğlubiyyəti məni çox kədərləndirdi.

Politoloq Aydın Tağıyev:
Mən D Qrupu Türkiyəni dəstəkləyirdim K Qrupundan isə Portaqaliya komandasını dəstəkləyirəm. Cristiano Ronaldoya görə.
Ayhan
18:00 24.06.2026
Oxunuş sayı: 51