Türkiyəli nazir ermənistanlı həmkarı ilə görüşdü: Ankaranın əsas məqsədi açıqlandı
İyunun 23-də Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu ilə ermənistanlı həmkarı David Xudatyan arasında görüş olub. Nazirlər iki ölkə arasında daha əvvəl aktiv olaraq istifadə edilmiş dəmir və avtomobil yollarının bərpası istiqamətində görülən işləri müzakirə ediblər.
Görüşdə Ani körpüsü üzrə bərpa prosesi də nəzərdən keçirilib.
Türkiyə ilə Ermənistan arasında dəmir və avtomobil yollarının bərpası istiqamətində aparılan müzakirələr regionun geosiyasi gündəmində mühüm yer tutur. Bu diplomatik təmasların rəsmi İrəvanın Zəngəzur dəhlizindən və Bakı ilə sülh prosesindən yayınmaq taktikası, yoxsa regionda real inteqrasiya addımı olması barədə fərqli yanaşmalar mövcuddur. Prosesin Azərbaycanın milli və iqtisadi maraqlarına necə təsir edəcəyi isə xüsusi aktuallıq kəsb edir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, Türkiyə Ermənistanla yol-nəqliyyat və kommunikasiyaların bərpası da daxil olmaqla, bütün ikitərəfli məsələləri müzakirə etmək suverenliyinə sahibdir: “Türkiyə Ermənistanla bütün məsələləri müzakirə edə bilər – bu, onların daxili işidir və bizim buna qarışmaq niyyətimiz yoxdur. O cümlədən yol-nəqliyyat məsələlərini, yəni kommunikasiyaların bərpası ilə bağlı mövzuları da masaya yatıra bilərlər. Burada Azərbaycan tərəfi üçün əsas şərt ondan ibarətdir ki, aparılan müzakirələr ümumi strateji yanaşmanı pozmamalıdır. Yanaşma dedikdə, Türkiyə və Azərbaycanın bu məsələdəki müştərək mövqeyi nəzərdə tutulur. Bu prinsip birmənalı olaraq hər iki qardaş ölkənin Ermənistanla münasibətlərin tənzimlənməsi prosesində sinxron hərəkət etməsini fərz edir, yəni pərakəndəliyə yol verilməməlidir.
Ankara üçün əsas hədəf Ermənistanla sadəcə lokal yolların bərpası deyil, Zəngəzur dəhlizinin konseptual olaraq reallaşdırılmasıdır. Çünki bu konsepsiya qlobal bir tranzit layihədir. Həmin layihə həm Türkiyə, həm Azərbaycan, həm də regionun digər ölkələri üçün böyük önəm daşıyır, bölgənin geosiyasi və geoiqtisadi landşaftını dəyişmək gücünə malikdir. Bu məsələdə isə Azərbaycanın rəyi və sözü müstəsnadır, əsasdır.
Əlbəttə ki, mövcud reallıq fonunda Türkiyə də bütün addımların Azərbaycanla əlaqəli şəkildə atılmalı olduğunu dərk edir. İstənilən halda, bu layihənin reallaşdırılması üçün digər paytaxtlarla, ələlxüsus da rəsmi Bakı ilə koordinasiyalı şəkildə fəaliyyət göstərilməlidir.
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Türkiyə-Ermənistan məsləhətləşmələrinin birtərəfli qaydada Bakının maraqlarına zidd hansısa addımlara gətirib çıxaracağına inanmıram. Böyük ehtimalla, bu proses hazırda sadəcə tərəflərin mövqelərinin növbəti dəfə dəqiqləşdirilməsindən ibarətdir”.
Ayxan İbişov
14:34 24.06.2026
Oxunuş sayı: 71