Azərbaycan cəmiyyəti Ermənistandan xoş məram gözləyir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 6 vaqon gübrə göndəriləcək. Bundan əvvəl də Azərbaycan Ermənistana qaz, taxıl göndərmişdi. Dövlətlər arasında sülh müqaviləsinin imzalanmamasına baxmayaraq Azərbaycan regionda sülhü bərpa etmək, sabitlik yaratmaq məqsədilə Ermənistanla normal qonşuluq münasibətləri qurur. Bu münasibətin möhkəm təməli də Azərbaycandan Ermənistana göndərilən məhsullardır. Bəs Ermənistan bu iqtisadi münasibətlərə öz töhfəsini verəcək nə edir? Azərbaycanın münasibətinə uyğun münasibət göstərirmi?
Milli Məclisin deputatı Aydın Mirzəzadə məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib:
“Azərbaycanla Ermənistan arasında hələ sülh müqaviləsi və diplomatik əlaqələr tam formalaşmasa da, Azərbaycan bu gün Ermənistanla normal qonşuluq münasibətləri qurmaq istəyini real addımlarla ortaya qoyur. Azərbaycan igid əsgərlərinin şücaəti nəticəsində öz ərazi bütövlüyünü təmin edib. Bu gün qoşunlarımız şərti sərhəd xəttində dayanır və Ermənistan tərəfindən zaman-zaman Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurulması ilə bağlı çağırışlar səslənir. Azərbaycan bu çağırışlara hörmətlə yanaşır və bunun real addımlarla təsdiqlənməsini gözləyir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar mövcuddur və həmin müddəalar dəyişdirildikdən sonra sülh müqaviləsinin imzalanması, əlaqələrin daha da genişlənməsi mümkün olacaq. Ancaq Azərbaycan bunu gözləmədən də öz ərazisi üzərindən Ermənistana gedən yüklərin keçidinə imkan yaradır. Ermənistana yanacaq ixrac edir ki, bu da həmin ölkədə yanacağın qiymətinin müəyyən qədər aşağı düşməsinə xidmət edir”.

Deputat əlavə edib ki, bir sözlə, Ermənistan cəmiyyəti Azərbaycanın xoş məramını görür və eyni münasibəti də biz Ermənistandan hüquqi və siyasi müstəvidə gözləyirik: “Mehriban qonşuluq istənilən sülhün əsasını təşkil edir və Qafqaz, xüsusilə də Cənubi Qafqaz müharibəsiz, münaqişəsiz, qonşu dövlətlərin bir-birinə ərazi iddiası olmadan yaşamağa layiqdir. Azərbaycan bunun üçün bütün addımları atır. Ümid edirik ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Ermənistan cəmiyyəti də Azərbaycanla xoş münasibətlər qurmaq istəyini daha aydın şəkildə ortaya qoyacaqdır”.
Ayhan
14:35 23.06.2026
Oxunuş sayı: 54