İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir
İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil edilir. İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətindeə bildirib.
"Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir. Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüşdür. 2017-ci ildə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir", - dövlət başçısı bildirib.
10:56 24.06.2026
Oxunuş sayı: 70