AK Prezidenti Ermənistana gedir, İrəvan Moskvadan uzaqlaşdırılır
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Ermənistana planlaşdırılan növbəti rəsmi səfəri Cənubi Qafqazda formalaşan yeni geosiyasi konfiqurasiya baxımından ciddi maraq doğurur. Bu kritik gedişin sadəcə Ermənistana növbətçi siyasi dəstək nümayişi, yoxsa regionda Rusiyadan boşalan strateji sahələrə Qərbin rəsmən yerləşməsi planı olması ətrafında müzakirələr intensivləşib. Prosesin Cənubi Qafqazdakı güc balansını kimin xeyrinə dəyişəcəyi və rəsmi Bakının maraqlarına təsiri xüsusi diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov bildirib ki, bu səfəri yalnız birtərəfli dəstək aktı kimi qiymətləndirmək tam real mənzərəni əks etdirməz: “Bu səfəri yalnız “Ermənistana növbəti dəstək nümayişi” kimi xarakterizə etmək kifayət deyil. Hazırkı proseslər göstərir ki, söhbət həm rəsmi İrəvana göstərilən siyasi dəstəkdən, həm də Ermənistanın Qərb strukturlarına daha sıx inteqrasiyasından gedir. Son bir ildə Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İlk Aİ–Ermənistan sammitinin keçirilməsi, həmçinin təhlükəsizlik, sərhəd, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi bunun bariz nümunəsidir. Ursula fon der Leyenin planlaşdırılan yeni səfərinin əsas məqsədlərindən biri parlament seçkilərində qalib gəlmiş baş nazir Nikol Paşinyan hökumətinə açıq siyasi dəstək nümayiş etdirmək və Ermənistanın Avropa istiqamətli xarici siyasət xəttini daha da möhkəmləndirməkdir.
Geosiyasi müstəvidə isə daha dərin və köklü proseslər gedir. 2020-ci ildən sonra, xüsusilə də Qarabağda yaşanan məlum hadisələrin ardınca Ermənistan cəmiyyətində və elitasında Rusiyanın fundamental təhlükəsizlik təminatçısı kimi nüfuzu ciddi şəkildə zəifləyib. Yaranmış bu təhlükəsizlik boşluğunu tam mənası ilə Qərbin doldurduğunu söyləmək hələlik tezdir; çünki Ermənistan iqtisadi və enerji sahələrində hələ də Rusiyadan fundamental dərəcədə asılı vəziyyətdədir. Lakin Aİ-nin regionda siyasi və institusional təsir imkanlarının kəskin şəkildə artdığı açıq-aydın görünür".
O bildirib ki, bu gedişat tərəflərin hər birinə müəyyən dividendlər vəd edir: "Ermənistanın xeyrinə olan məqam odur ki, İrəvan özü üçün alternativ siyasi və iqtisadi dayaqlar əldə edir, Rusiyadan olan birtərəfli asılılığı maksimum dərəcədə azaltmağa çalışır, eyni zamanda Aİ-dən birbaşa investisiya və irihəcmli maliyyə dəstəyi qazanır. Aİ-nin xeyrinə olan tərəf isə ondan ibarətdir ki, qurum Cənubi Qafqaz regionunda strateji təsir imkanlarını artırır, regional nəqliyyat və enerji marşrutlarında öz rolunu daha da gücləndirir və Rusiyanın ənənəvi təsir dairəsi hesab olunan coğrafiyada güclü mövqe qazanır.
Bütün bu proseslər Azərbaycanın əleyhinə yönəlməyib. Azərbaycan həm Aİ, həm də digər regional güclərlə bərabərhüquqlu və balanslı əməkdaşliq edən, tamamilə müstəqil bir faktordur. Lakin Ermənistanın Qərbdən daha çox siyasi və iqtisadi dəstək alması regional diplomatik rəqabəti müəyyən qədər gücləndirə bilər. Rəsmi Bakının bu vəziyyətdə əsas üstünlüyü isə sahib olduğu böyük enerji potensialı, beynəlxalq nəqliyyat dəhlizləri və bölgədəki şəriksiz iqtisadi çəkisi olaraq qalmaqdadır. Qısası, fon der Leyenin səfəri sadəcə protokol xarakterli və keçici bir dəstək deyil. Bu, Ermənistanın Rusiyadan sistemli şəkildə uzaqlaşması və Qərbin, xüsusilə də Aİ-nin Cənubi Qafqazda daha görünən, aktiv geosiyasi oyunçuya çevrilməsi prosesinin növbəti mərhələsidir. Ancaq vurğulamaq lazımdır ki, bu addımlar hələ Rusiyanın regiondan tamamilə sıxışdırılıb çıxarılması ilə nəticələnməyib”.
Ayxan İbişov
14:46 24.06.2026
Oxunuş sayı: 69