Müasir dünyada beynəlxalq hüququn təsir imkanları zəifləyib
Yaxın Şərqdə təhlükəsizliklə bağlı gərginliyin davam etdiyi bir vaxtda İsraildən növbəti sərt mesaj gəlib. İsrailin müdafiə naziri İsrael Katz ölkə ordusunun hər hansı təhlükəyə qarşı tam sərbəst şəkildə fəaliyyət göstərdiyini bildirərək, Livan ərazisində fəaliyyət göstərən terror infrastrukturlarına qarşı əməliyyatların davam etdiriləcəyini açıqlayıb. Nazir vurğulayıb ki, İsrail öz təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün addımları atmağa hazırdır və sərhəd boyunca yaranan təhdidlərə qarşı güzəştə getməyəcək. Onun bəyanatı regionda hərbi-siyasi vəziyyətin gələcək inkişafı ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb və mümkün eskalasiya ehtimallarına dair narahatlıqları artırıb.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, Yaxın Şərqdə vəziyyət gərginliyini saxlamaqdadır.

A.Məsiyev bildirib ki, problemə münasibətdə beynəlxalq aləmdə ikili standartlar müşahidə olunur: "Bu gün Rusiyaya tətbiq olunan sanksiyalar İsrailə də tətbiq olunmalıdır. Fələstində, Suriyada və Livanda hərbi əməliyyatlar davam edir. Amma problemin həlli üçün eyni münasibət göstərilmir. Bunun əsas səbəbi isə İsrailin himayə olunmasıdır. Müasir dünyada beynəlxalq hüququn təsir imkanları zəifləyib. Dünya siyasəti beynəlxalq hüquqla deyil, güc faktoru ilə idarə olunur. Əgər dünyada həqiqətən sülh və ədalət istəyən dövlətlər varsa, işğalçı siyasətə son qoyulmalı və ciddi tədbirlər görülməlidir. Təəssüf ki, bu gün BMT də əvvəlki nüfuzunu itirib və siyasi diskussiya klubuna çevrilib”.
Fatimə Cabbarlı
15:30 24.06.2026
Oxunuş sayı: 59