Bir qəpiklik yumurta ilə bağlı şübhələrə aydınlıq gətirildi
Azərbaycanda son günlər pərakəndə satış şəbəkələrində yumurtanın qiymətində müşahidə olunan kəskin ucuzlaşma istehlakçıların diqqətini çəkib. Bəzi böyük marketlərdə bir ədəd yumurtanın qiymətinin 1-4 qəpiyə qədər enməsi cəmiyyətdə ciddi müzakirələrə və müəyyən şübhələrə yol açıb. Alıcılar haqlı olaraq bu dərəcədə ucuz satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıq keçirirlər.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, qiymətin kəskin şəkildə aşağı olması məhsulun mütləq keyfiyyətsiz və ya təhlükəli olması anlamına gəlmir: “Yumurtanın qiymətinin birdən-birə 1–4 qəpiyə qədər enməsi istehlakçılarda haqlı olaraq suallar yaradır. Lakin təkcə qiymətin ucuz olması məhsulun mütləq yararsız olması demək deyil. Bəzi hallarda marketlər müəyyən məhsulları müştəri axınını təmin etmək, yəni kampaniya və ya reklam məqsədilə şüurlu şəkildə maya dəyərindən aşağı qiymətə sata bilirlər. Bununla belə, bu cür hallarda istehlakçılar daha diqqətli olmalıdırlar. Çünki bəzi məhsulların son istifadə müddəti başa çatmağa yaxın olduqda və ya anbarda artıq qalıq yarandıqda qiymətlər kəskin şəkildə endirilir. Bu, məhsulun xarab olduğu mənasına gəlməsə də, onun saxlanma müddətinin və şəraitinin yoxlanılmasını mütləq fərz edir.
Yumurta alarkən istehsal tarixini və son istifadə müddətini yoxlamaq, qabığında çat, qırıq və ya çirklənmə olmamasına diqqət yetirmək lazımdır. Ev şəraitində yumurtanın təzəliyini sadə su testindən istifadə etməklə də müəyyən etmək mümkündür: təzə yumurta suyun dibinə çökür, köhnə yumurta isə suyun üzünə qalxmağa meylli olur.
Nəticə olaraq, 1–4 qəpiklik yumurtaların hamısını qida təhlükəsizliyi baxımından birbaşa riskli məhsul hesab etmək düzgün olmazdı. Ancaq bu cür qeyri-adi ucuz qiymətlər qarşısında istehlakçılar ayıq-sayıq davranmalı, məhsulun mənşəyini, istehsal tarixini və saxlanma şəraitini mütləq yoxlamalı, şübhəli görünən məhsulları almaqdan çəkinməlidirlər”.
Ayxan İbişov
12:28 24.06.2026
Oxunuş sayı: 75