Azərbaycan ada dövlətləri üçün etibarlı tribunaya çevrilir - RƏY
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Millətlər Birliyinin Baş Katibi Şirli Ayorkor Botçvey ilə görüşüb.
Görüş zamanı M. Babayev bildirib ki, birgə fəaliyyətlərin növbəti mərhələsi üçün hazırlıqları, o cümlədən ədalətli enerji keçidi təşəbbüslərinə dəstəyi və SIDS-də (İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri) iqlim dəyişikliyindən təsirlənən mədəni irsin qorunmasına yönəlmiş yeni əməkdaşlıq sahəsi müzakirə edilib:
"Bu tərəfdaşlığın uğuruna əsaslanmağın, əlavə tərəfdaşlar və resurslar vasitəsilə onun təsirini genişləndirməyin və həssas ölkələr üçün praktiki nəticələr təmin etməyə davam etməyin vacibliyi barədə razılığa gəldik".
Artıq bir neçə ildir ki, Azərbaycan qlobal miqyasda kiçik ada dövlətlərinin siyasi, iqtisadi və iqlim maraqlarının aktuallaşdırılması ilə dövlət səviyyəsində yaxından məşğul olur. Beynəlxalq platformalarda rəsmi Bakının bu spesifik regionlara yönəlik diplomatik fəallığı və yeni əməkdaşlıq sahələrini müzakirə etməsi medianın və analitiklərin diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Aydın Quliyev bildirib ki, qlobal platformalarda, dövlət başçısı səviyyəsində bu mövzunun gündəmə gətirilməsi artıq real bəhrələrini verir: "Bu addımların nəticəsidir ki, xüsusilə də Fransanın müstəmləkəçilik siyasətinə məruz qalan bir sıra ada dövlətləri öz hüquqlarının müdafiəsi üçün etibarlı tribuna əldə ediblər. Həmin ölkələrin nümayəndələri dəfələrlə Bakıya gələrək Azərbaycana öz təşəkkürlərini bildiriblər. Azərbaycanın qaldırdığı məsələlər nəticəsində həmin ərazilərin bəzi problemləri tam həll olunmasa da, hər halda mötəbər tribunalarda müzakirəyə çıxarılıb".
Ekspert hesab edir ki, bu strateji kursun ölkəmiz üçün həm praktiki diplomatik üstünlükləri, həm də beynəlxalq hüquqa əsaslanan mənəvi tərəfləri mövcuddur: "Təbii ki, bu siyasətin aparılması Azərbaycanın dünyada mövqeyinin və nüfuzunun genişlənməsinə xidmət edir, müttəfiqlər çevrəmizin daha da genişlənməsini şərtləndirir. Eyni zamanda, müxtəlif çoxtərəfli platformalarda Azərbaycanın mövqeyini müdafiə edə biləcək dost və tərəfdaş subyektlərin artırılmasına kömək edir."
A.Quliyev vurğulayıb ki, bütün bunlardan daha öndə dayanan və Azərbaycanın fəaliyyətini motivasiya edən əsas amil məhz prinsiplərə sadiqlikdir: "Azərbaycan özünün xarici siyasətini beynəlxalq hüquq və humanitar normalar əsasında qurur. BMT-nin hələ 1960-cı illərdən kolonializmə qarşı xüsusi komitəsi fəaliyyət göstərsə də, bir sıra ada dövlətləri yeni müstəmləkəçilik asılılığından hələ də azad olunmayıblar. Həmin regionlarda Azərbaycanın birbaşa maddi marağı olmasa da, beynəlxalq hüquqa bağlılıq ölkəmizi bu ada dövlətlərinin mənafeləri naminə daim təşəbbüskar mövqedə çıxış etməyə sövq edir".
Fatimə Cabbarlı
12:11 24.06.2026
Oxunuş sayı: 57