BFB və Qarabağ Universiteti Əməkdaşlıq Memorandumu imzalayıb
"Bakı Fond Birjası" QSC (BFB) və Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Crossmedia.az BFB-yə istinadən xəbər verir ki, sənədin əsas məqsədi kapital bazarları sahəsində təhsil, təcrübə proqramları və birgə layihələrin həyata keçirilməsi istiqamətində tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsidir.
Ötən il Birja və Universitet arasında qurulmuş əməkdaşlıq çərçivəsində təlim-maarifləndirmə proqramlarının icrasına başlanılıb, tələbələrin kapital bazarları sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilib.
Qarabağa təşkil olunan səfər çərçivəsində BFB-nin əməkdaşları universitet tələbələri üçün kapital bazarları və investisiya mövzusunda növbəti maarifləndirici seminar keçirib. Seminar zamanı iştirakçılara fond bazarının fəaliyyəti, investisiya imkanları və maliyyə savadlılığı ilə bağlı məlumat verilib, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Qurulan əməkdaşlığın gələcək dövrdə də davam etdirilməsi, tələbələrin peşəkar inkişafına dəstək göstərilməsi və kapital bazarları sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verilməsi nəzərdə tutulur.
15:48 23.06.2026
Oxunuş sayı: 53