Qarpız, bakteriyaların çoxalmasına əlverişli zəmin yarada bilər - Ekspert
Yay mövsümünün gəlişi ilə bazarlarda mövsümi meyvələrin, xüsusilə də qarpızın satışı sürətlənib. Artıq bir çox insan bu məhsulu almağa və gündəlik qida rasionuna daxil etməyə başlayıb. Lakin hər il olduğu kimi bu il də erkən mövsümdə satışa çıxarılan qarpızların keyfiyyəti, tərkibi və insan sağlamlığına mümkün təsirləri ilə bağlı suallar gündəmə gəlir. Qarpızın satışı və qida rasionuna daxil edilməsi tezdirmi? İnsanlar nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlama verib:
“Qarpız yay mövsümünün ən sevilən meyvələrindən biridir və düzgün şəraitdə yetişdirilmiş, saxlanılmış məhsul olduqda onun istehlakını məsləhət görürəm. Qarpızın tərkibində su, “C” vitamini, kalium və güclü antioksidant olan likopin var. Bu baxımdan orqanizmin maye balansının qorunmasına və isti havalarda susuzlaşmanın qarşısının alınmasına kömək edir. Lakin mövsümün əvvəlində bazara çıxan qarpızlarla bağlı bəzi məqamlara diqqət etmək lazımdır. Ən çox müzakirə olunan məsələlərdən biri nitratların yüksək olması ilə bağlıdır. Nitratlardan normadan artıq istifadə edilmiş məhsullar bəzi insanlarda ürəkbulanma, qarın ağrısı, ishal və digər həzm problemlərinə səbəb ola bilər. Digər vacib məsələ gigiyenadır. Qarpızın xarici səthi torpaq, toz və müxtəlif mikroorqanizmlərlə çirklənə bilər. Ona görə də kəsmədən əvvəl qabığını yaxşıca yumaq tövsiyə olunur. Kəsilmiş qarpız uzun müddət otaq temperaturunda saxlanıldıqda isə bakteriyaların çoxalması üçün əlverişli mühit yarana bilər”.
Ekspert əlavə edib ki, şəkərli diabeti olan şəxslər, artıq çəkidən əziyyət çəkən insanlar və bəzi həzm sistemi xəstəlikləri olanlar qarpızı porsiya nəzarəti ilə qəbul etməlidirlər: “Çünki qarpızın tərkibində təbii şəkərlər də mövcuddur. Ümumilikdə, mövsümündə yetişən, etibarlı satış məntəqəsindən alınmış, xarab olma əlamətləri olmayan və düzgün saxlanılan qarpız sağlam insanlar üçün təhlükə yaratmır. Əsas məsələ məhsulun keyfiyyəti, gigiyenik şəraitdə saxlanılması və normada istehlak edilməsidir”.
Ayhan
09:30 18.06.2026
Oxunuş sayı: 48