Bu iki xəstəlik bir-birinə çox oxşayır - Diqqətli olun!
Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi virusu ilə bağlı açıqladığı son statistika yenidən qlobal səhiyyə gündəmini hərəkətə gətirib. Son altı həftə ərzində müxtəlif ölkələrdə yüzlərlə yeni yoluxma halının qeydə alınması bu virusun hələ də tam nəzarət altına alınmadığını göstərir. Mütəxəssislər hesab edir ki, yoluxmaların artması beynəlxalq təmasların intensivləşməsi, virusun müəyyən bölgələrdə dövriyyəsinin davam etməsi və yoluxmaların daha aktiv aşkarlanması ilə əlaqədardır. Bəs bu statistikanın sürətlə artmasının əsas səbəbləri nələrdir? Meymunçiçəyi virusunun yaratdığı əsas təhlükələr və simptomlar hansılardır? Və ən vacib suallardan biri - bu virusun Azərbaycana gəlmə riski nə qədər realdır?
Mövzu ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:

“Əslində, meymunçiçəyi virusu zoonoz virusdur, yəni heyvanlardan insanlara keçən viruslar qrupuna aiddir və xüsusilə insanlar arasında yaxın təmas yolu ilə yayılır. Meymunçiçəyi virusunun gedişi "təbii çiçək" virusuna bənzəyir. "Təbii çiçək" dörd karantin infeksiyasından biri hesab olunurdu və ötən əsrin 80-ci illərində vaksinasiya nəticəsində aradan qaldırılıb. Ondan əvvəl isə milyonlarla insanın həyatına son qoymuş ağır bir virus idi. Meymunçiçəyi də eyni qrupa daxildir. Xəstəliyin gedişi "təbii çiçəyə" oxşasa da, onun qədər ağır olmur. Adətən xəstəlik təxminən iki həftə ərzində özünü göstərir və müəyyən müddətdən sonra sağalma ilə nəticələnir. Lakin əsas diqqət çəkən məqam bədəndə yaranan səpkilərdir”.
Professor əlavə edib ki, xəstəlik hava-damcı yolu ilə, yaxın təmas zamanı, danışıq zamanı, səpkilərin mayesi və digər bioloji mayelər vasitəsilə bir insandan digərinə keçə bilir: “Bu zaman limfa düyünləri böyüyür, qızdırma yaranır, ümumi intoksikasiya əlamətləri müşahidə olunur və bədəndə spesifik çiçək səpkiləri əmələ gəlir. Bu səpkilər irinli xarakter daşıyır, içərisi maye ilə dolu olur. Həmin maye deşildikdə sarımtıl maye xaric olur və bu maye yüksək yoluxduruculuğa malikdir, çünki virusla zəngindir. Ümumiyyətlə, bu iki zəncirli DNT virusudur və mutasiyaya uğraya bilir. Virusun iki tipi mövcuddur. Birinci tip daha ağır gedişə malikdir və 2022-ci ildə onun yayılması ilə bağlı ciddi epidemiya qeydə alınmışdı. Hazırda da virus yenidən müşahidə olunur. Fikrimcə, koronavirus pandemiyasından sonra immun sisteminin zəifləməsi bu cür virusların yenidən ortaya çıxmasına şərait yaradıb. Bundan başqa, insanlar və heyvanlar arasında təmasların artması, insanların yaşayış ərazilərinin genişlənməsi və heyvanların təbii mühitinə müdaxilə olunması da bu cür virusların insana keçmə ehtimalını artırır".
Professor əlavə edib ki, xəstəliyə yoluxanlara ataq rejimi, bol maye qəbulu və simptomatik müalicə tövsiyə olunur: "Eyni zamanda vaksinasiya da mümkündür. Peyvənd bu xəstəlikdən qorunmada kifayət qədər effektiv hesab olunur”.
Ayhan
10:10 16.06.2026
Oxunuş sayı: 80