Azərbaycanda repetitorluq ləğv oluna bilər...
Son illərdə təhsil sistemində aparılan islahatlar çərçivəsində şagirdlərin repetitor və əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəb daxilində daha keyfiyyətli təhsil almasını təmin etmək əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təqdim olunan yeni model də məhz tədrisin məktəb daxilində gücləndirilməsinə və abituriyent hazırlığının sistemli şəkildə təşkilinə yönəlib.
Yeni yanaşmaya əsasən, 10 və 11-ci sinif şagirdləri qəbul prosesində iştirak etmək imkanı əldə edəcək, eyni zamanda tədris prosesində aylıq sınaq imtahanları, ixtisaslı müəllim heyəti və şagirdlərin akademik, yaradıcılıq, liderlik və sosial bacarıqlarını inkişaf etdirən dərnəklər kimi komponentlər tətbiq olunacaq. Məqsəd isə şagirdlərin ali təhsil üçün zəruri bilik və bacarıqları məhz məktəb mühitində əldə etməsidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə Crossmedia.az-a açıqlama verib: “Bu mövzu həm cəmiyyəti, həm valideynləri, həm də təhsil ekspertlərini narahat edən məsələlərdən biridir. Çünki repetitorluq sisteminin geniş yayılması o deməkdir ki, uşaqların diqqəti tədricən məktəbdən yayınır və daha çox özəl hazırlıq kurslarına yönəlir. Nəticədə onlar məktəb mühitindən müəyyən qədər uzaq düşürlər və bu, əlbəttə ki, narahatlıq doğuran bir məqamdır. Biz elə bir sistem formalaşdırmalıyıq ki, məktəbin nüfuzu və cəmiyyətdəki rolu yenidən güclənsin, məktəbə olan etimad artsın və şagirdlər yalnız məktəb proqramı və məktəbdə əldə etdikləri biliklər hesabına ali təhsil müəssisələrinə qəbul ola bilsinlər. Təbii ki, buna nail olmaq üçün bir neçə istiqamətdə dəyişikliklər vacibdir. Həm məktəbdə tətbiq olunan tədris metodikası yenilənməli, həm də qiymətləndirmə mexanizmləri daha effektiv şəkildə qurulmalıdır”.
Deputat əlavə edib ki, bu istiqamətdə atılan addımlar düzgün yanaşmanın tərkib hissəsidir: “Çünki burada əlavə stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur ki, məktəb sistemi daha da güclənsin, məktəb proqramlarının keyfiyyəti artsın və şagirdlər üçün kifayət qədər effektiv olsun. Nəticədə məqsəd ondan ibarətdir ki, uşaqlar əlavə hazırlıq və repetitor dəstəyi olmadan, məhz məktəbdə qazandıqları bilik və bacarıqlarla universitetlərə qəbul olmaq imkanına sahib olsunlar”.
Təhsil eksperti Xalidə Həmidova isə bildirib ki, Crossmedia.az-a açıqlama verib: “Ümumiyyətlə, son illər təhsilin daha düzgün, daha effektiv və daha perspektivli olması üçün müxtəlif alternativ yollar axtarılır. Çünki inkişaf etmiş ölkələrdə daha sürətli və çevik təhsil modelləri tətbiq olunur və bu da iqtisadi inkişafın daha operativ təmin olunmasına xidmət edir. Məsələn, əgər mən hər hansı bir ixtisası bir il ərzində mənimsəyə bilirəmsə, niyə bunu dörd il oxuyaraq əlavə vaxt sərf etməliyəm? Elə ixtisaslar var ki, onları bir və ya iki il ərzində peşə təhsili vasitəsilə əldə etmək mümkündür. Əlbəttə ki, bu yanaşma ilkin olaraq peşəyə yiyələnmək üçün atılan addımlardan biridir və daha qısa müddətdə həm maliyyə, həm də ölkənin iqtisadi inkişafına töhfə verir. Lakin bu keçid prosesi hazırlıq baxımından kifayət qədər uzun və çətin olur. Uzun illər formalaşmış təhsil vərdişlərindən çıxmaq asan məsələ deyil”.
Ekspert əlavə edib ki, ali təhsil müəssisələrinə qəbul olunan şagirdlər əsasən nəzəri və ya əzbərlənmiş biliklərlə gəlirlər: “Onlarda praktik bacarıqların formalaşması yetərli səviyyədə olmur. Məsələn, nitq bacarığı, dinləmə, anlama, izah etmə, təhlil, analiz və qiymətləndirmə kimi bacarıqlar kifayət qədər inkişaf etmir. Bu isə universitet dövründə tədris prosesinin effektiv aparılmasına və yüksək nəticələrin əldə olunmasına müəyyən çətinliklər yaradır. Ona görə də məktəbəqədər təhsildən başlayaraq ibtidai, ümumi orta və tam orta təhsil mərhələlərində şagirdlərin həyati bacarıqlarının formalaşdırılmasına daha çox diqqət ayrılmalıdır. Bilik formal şəkildə deyil, praktik bacarıqlara və vərdişlərə çevrilməlidir. Belə bir təhsil sistemini qurmaq üçün müxtəlif təhsil modelləri və fərqli kurikulumlar olmalıdır. Şagird və valideyn də öz seçimlərini edə bilməlidir. Hazırda Azərbaycan vahid kurikulum sistemi ilə fəaliyyət göstərir və bu səbəbdən məktəblər, regionlar və ya şəhərlər öz alternativ kurikulumlarını tətbiq etmək imkanına malik deyillər. Bu isə seçim imkanlarını müəyyən qədər məhdudlaşdırır”.
X.Həmidova əlavə edib ki, son illərdə tətbiq olunan bəzi yeni modellər müəyyən uğurlar göstərsə də, cəmiyyət tərəfindən müxtəlif cür qarşılanır: “Çünki biz postsovet düşüncə tərzindən gələn və uzun müddət ənənəvi təhsil modelinə öyrəşmiş bir cəmiyyətik. Daha interaktiv və modern təhsil sisteminə keçidi qəbul etmək zaman tələb edir. Hazırlıq kursları və repetitorluq məsələsi isə yalnız bizə xas deyil. Dünyanın bir çox inkişaf etmiş ölkələrində də bu sistem mövcuddur. Lakin bunun təsirini azaltmaq üçün məktəbin özü müxtəlif təhsil modelləri tətbiq etməli, tədrisi daha modern və effektiv formata keçirməlidir. Son illərdə layihə formasında tətbiq olunan təmayül sinifləri də müəyyən uğurlar göstərir. Sadəcə olaraq, cəmiyyətdə belə bir fikir formalaşıb ki, məktəbdən əlavə müəllim yanına getməyən şagird universitetə qəbul ola bilməz. Halbuki məktəbdə eyni proqram və eyni model tədris edilirsə, müəllim hazırlıq kursunda 10–20 şagirdi nəticəyə hazırlaya bilirsə, niyə bunu sinif daxilində edə bilməsin? Bu artıq bir qədər insanların inandığı və vərdiş halına gəlmiş yanaşmadır. Mənə elə gəlir ki, təmayüllü sinif modelindən əlavə, məktəb müəllimi ilə hazırlıq müəlliminin fəaliyyəti müəyyən mənada ayrılarsa və hər kəs öz fəaliyyət istiqamətində çalışarsa, bu rəqabət mühiti yarada bilər. Belə olan halda məktəb müəllimi ilə hazırlıq müəllimi arasında sağlam rəqabət formalaşar və nəticə əsas meyar olar. Bu isə uşaqların daha yaxşı nəticə əldə etməsinə səbəb ola bilər. Bununla yanaşı, yaradıcılıq, liderlik və sosial bacarıqlar da olduqca vacibdir. Universitetlərdə tələbələrlə işləyərkən bu bacarıqların yetərli olmadığını müşahidə edirik. Əgər kurikulumlar məhz bu istiqamətdə daha effektiv tətbiq olunsa, nəticələrin daha uğurlu olacağını düşünürəm. Əslində kurikulumlarımızda bu imkanların əksəriyyəti mövcuddur, əsas məsələ onların praktik tətbiqidir. Bu baxımdan atılan addımlar vacibdir və cəmiyyət tərəfindən dəstəklənməlidir. Bir qədər gec də olsa, zamanla bu proses öz yolunu tapacaq və təhsil sistemi daha balanslı şəkildə inkişaf edəcək”.
Ayhan
15:49 13.06.2026
Oxunuş sayı: 62