Azərbaycan–Britaniya münasibətləri yüksək səviyyədə davam etdirilir - Deputat
Azərbaycanın beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyət daşıyır və bu istiqamətdə Böyük Britaniya ilə əməkdaşlıq mühüm yer tutur. Uzun illər ərzində qarşılıqlı etimad və ortaq maraqlar əsasında formalaşan bu münasibətlər xüsusilə enerji, iqtisadiyyat və siyasi dialoq sahələrində davamlı inkişaf edib. Son illərdə isə iki ölkə arasında əlaqələr yeni mərhələyə qədəm qoyaraq daha geniş əməkdaşlıq imkanları ilə diqqət çəkir. Azərbaycan–Böyük Britaniya münasibətləri tarixi əsaslara söykənərək bu gün də yüksələn xətt üzrə inkişaf edir.

İkitərəfli münasibətlərin inkişaf dinamikası barədə Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan–Böyük Britaniya münasibətləri son dövrlərdə yüksələn xətt üzrə inkişaf edir. Ümumilikdə isə Azərbaycan–Britaniya əlaqələri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və “Əsrin müqaviləsi”nin imzalanması dövründən etibarən strateji münasibətlər çərçivəsində formalaşıb və yüksək səviyyədə inkişaf edib. Təbii ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu münasibətlər daha da yüksək mərhələyə yüksəlib. Çünki dövlət başçısı xarici siyasətin istiqamətlərini, eləcə də Britaniya kimi böyük bir ölkə və qlobal güc mərkəzi ilə münasibətlərin hansı formada inkişaf etdirilməsini dəqiq müəyyənləşdirir və Azərbaycanın milli maraqları kontekstindən çıxış edərək bu əlaqələrin inkişafına nail olur”.
Deputat əlavə edib ki, British Petroleum (BP) Azərbaycanda ən böyük xarici investorlardan biridir: “Şirkət ölkəmizə böyük həcmdə investisiyalar yatırıb, Azərbaycanın neft və qaz yataqlarının işlənməsi, enerji infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirib və bunun nəticəsində Azərbaycan iqtisadiyyatına milyardlarla dəyər qazandırılıb. Bu baxımdan Azərbaycan–Britaniya münasibətləri hər zaman yüksək səviyyədə olub. Ermənistan–Azərbaycan keçmiş münaqişəsi ilə bağlı məsələlərdə də Britaniyanın daha çox konstruktiv yanaşma sərgilədiyi qeyd olunur. Məsələn, ATƏT-in Minsk qrupunun bəzi keçmiş həmsədrlərindən fərqli olaraq, Britaniya daha neytral və obyektiv mövqe nümayiş etdirib. Eyni zamanda, 1993-cü ilə qədər hakimiyyətdə olmuş AXC–Müsavat cütlüyünün dövründə ölkədə yaşanan siyasi və iqtisadi böhran Azərbaycanın böyük dövlətlərlə münasibətlərinə də mənfi təsir göstərmişdi. Həmin dövrdə istər Britaniya, istərsə də digər beynəlxalq güc mərkəzləri ilə əlaqələr müəyyən çətinliklərlə müşayiət olunurdu. Lakin bu gün xarici siyasət kursu, dövlət idarəçiliyi və beynəlxalq münasibətlər sistemli şəkildə qurulub və nəticə etibarilə Azərbaycan–Britaniya münasibətləri yüksək səviyyədə davam etdirilir”.
Ayhan
15:32 13.06.2026
Oxunuş sayı: 69