TikTok kimi platformalara azyaşlıların çıxışı məhdudlaşdırılmalıdır - XƏBƏRDARLIQ
Azərbaycanda uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması istiqamətində yeni hüquqi mexanizmlərin tətbiqi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları üçün daha sərt tələblər və yüksək məbləğdə cərimələr müəyyənləşdirilir. Dəyişikliklər istifadəçilərin yaşının yoxlanılması, fərdi məlumatların qorunması, zərərli məzmunun qarşısının alınması və platformaların dövlət qurumları ilə əməkdaşlıq öhdəliklərini əhatə edir.
Crossmedia.az olaraq mövzu ilə bağlı ekspertlərin rəylərini öyrəndik. Professor Qulu Məhərrəmli bildirib ki, müəyyən yaş kateqoriyasına aid uşaqların sosial şəbəkələrin mümkün zərərli təsirlərindən qorunması ciddi məsələdir və bu yanaşma beynəlxalq təcrübədə də öz təsdiqini tapıb. Onun sözlərinə görə, bəzi Asiya ölkələrində, o cümlədən Çində, eləcə də Avropanın bir sıra dövlətlərində həm mobil telefonlardan, həm də sosial şəbəkələrdən istifadə müəyyən məhdudiyyətlərlə tənzimlənir.

Ekspert qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə addımlar atılır. Məsələn, bir çox məktəblərdə TikTok platformasına giriş məhdudlaşdırılıb və bu, düzgün yanaşma hesab oluna bilər.
“Şagird yalnız məktəbdə deyil, evdə və digər məkanlarda da həmin platformalara daxil ola bilir. Buna görə valideynlər də bu məsələyə ciddi yanaşmalıdır. TikTok kimi azyaşlılar üçün uyğun olmayan platformalara çıxışın məhdudlaşdırılmasına nəzarət gücləndirilməlidir”, deyə Qulu Məhərrəmli vurğulayıb.
Onun sözlərinə görə, Yaponiya kimi ölkələr məktəbliləri sosial şəbəkələrin təsirlərindən qorumağa çalışırsa, bu, problemin real olduğunu göstərir.
“Azərbaycanda da uşaqların və yeniyetmələrin bu risklərdən qorunması istiqamətində atılan addımlar təqdirəlayiqdir”, deyə professor əlavə edib.
Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev isə bildirib ki, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarına qarşı nəzərdə tutulan yeni hüquqi tələblər və cərimələr rəqəmsal mühitdə uşaqların müdafiəsini gücləndirməyi hədəfləsə də, bu tədbirlərin tətbiqi həssas balans tələb edir. Onun fikrincə, uşaqların zərərli məzmundan qorunması ilə yanaşı, şəxsi məlumatların müdafiəsi və ifadə azadlığı da təmin olunmalıdır.

Ekspert vurğulayıb ki, müasir hüquqi yanaşmaların əsas məqsədi uşaqların onlayn risklərdən qorunması ilə istifadəçilərin fundamental hüquqlarının təmin edilməsini paralel şəkildə həyata keçirməkdir.
Əlövsət Allahverdiyev yaşın təsdiqlənməsi mexanizmlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Platformalar istifadəçinin yaşını müəyyənləşdirərkən əlavə şəxsi məlumatların toplanması riski yaranır. Beynəlxalq standartlar isə məlumatların minimallaşdırılması prinsipini ön plana çıxarır. Buna görə yalnız istifadəçinin müəyyən yaş qrupuna aid olub-olmadığını təsdiqləyən, lakin şəxsiyyətini açıqlamayan texnologiyaların tətbiqi məqsədəuyğundur. Bu yanaşma həm məxfilik hüququnu, həm də yaş məhdudiyyətlərinin effektivliyini qoruyur”.
Onun sözlərinə görə, yaş yoxlama sistemləri ifadə azadlığı ilə bağlı müəyyən narahatlıqlar da yaradır. İstifadəçilərin şəxsiyyətlərini təsdiqləməyə məcbur edilməsi anonim fikir bildirmə imkanlarını məhdudlaşdıra bilər. Beynəlxalq insan hüquqları standartlarına əsasən, belə məhdudiyyətlər yalnız qanuni məqsəd daşıdığı, zəruri olduğu və proporsionallıq prinsipinə uyğun tətbiq edildiyi halda əsaslandırılmış hesab olunur.
Yeni hüquqi tələblər platformalara təkcə yaş yoxlaması öhdəliyi deyil, həm də uşaqlar üçün təhlükəli məzmunun qarşısının alınması, təhlükəsiz rəqəmsal mühitin yaradılması, reklam və tövsiyə sistemlərinə nəzarətin gücləndirilməsi kimi vəzifələr də yükləyir. Bu öhdəliklərin yerinə yetirilməməsi halında yüksək məbləğli maliyyə sanksiyaları və digər hüquqi tədbirlər nəzərdə tutulur.
“Bu mexanizmlərin beynəlxalq standartlara uyğunluğu əsasən onların tətbiq formasından asılıdır. Əgər yaş məhdudiyyətləri şəxsi məlumatların həddindən artıq toplanmasına səbəb olmur, ifadə azadlığını lazımsız şəkildə məhdudlaşdırmır və istifadəçilərə hüquqi müdafiə imkanları yaradırsa, bu yanaşma beynəlxalq standartlara uyğun hesab edilə bilər. Əks halda, uşaqları qorumaq məqsədi ilə məxfilik və ifadə azadlığı kimi fundamental hüquqların pozulması riski yarana bilər”, deyə hüquqşünas bildirib.
Nəticə etibarilə, Əlövsət Allahverdiyevin fikrincə, yeni tələblərin uğuru yalnız sərt nəzarət və cərimələrdən deyil, uşaq təhlükəsizliyi ilə istifadəçi hüquqları arasında ədalətli və proporsional balansın qurulmasından asılı olacaq.
Nigar Xəlilli
20:38 08.06.2026
Oxunuş sayı: 58