Akademik İsa Həbibbəyli: Arxeoloji tapıntıların elmi mahiyyətinin dolğun şəkildə şərh olunması üçün müxtəlif elm sahələrinin nümayəndələrinin birgə əməkdaşlığı önəmlidir
Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntılarla yanaşı, paralel olaraq toponimiya, etnoqrafiya, antropologiya, fəlsəfə, folkor, dilçilik, əlyazmalar, memarlıq, eləcə də seysmologiya sahələri üzrə kompleks elmi tədqiqatlar aparılmalıdır. Arxeoloji tapıntıların elmi mahiyyətinin dolğun şəkildə şərh olunması üçün müxtəlif elm sahələrinin nümayəndələrinin birgə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə fəaliyyət daha da genişləndirilməlidir.
Crossmedia.az xəbər verir ki, bu fikirləri AMEA-nın
prezidenti akademik İsa Həbibbəyli AMEA Arxeologiya və Antropologiya
İnstitutunda keçirilən 2026-cı il arxeoloji və antropoloji çöl tədqiqat
mövsümünün açılış mərasimində çıxışı zamanı səsləndirib.
AMEA rəhbəri çıxışında
Arxeologiya və Antropologiya İnstitutunda son illərdə aparılan tədqiqatların
elmi əhəmiyyətindən və əldə olunan mühüm nəticələrdən bəhs edib. Bildirib ki,
institut əməkdaşlarının yaponiyalı tədqiqatçılarla birgə Xocavənd rayonundakı
Tağlar mağarasında apardıqları elmi ekspedisiya zamanı arxeoloji qazıntılar nəticəsində
təxminən 80 min il əvvəl yaşamış neandertal insana aid yeni paleoantropoloji
qalığın aşkar edilməsi Azərbaycan antropologiya elminin beynəlxalq miqyaslı ən
böyük nailiyyətlərindən biridir. Akademik İsa Həbibbəyli qeyd edib ki, hazırda
tapıntı Yaponiyada elmi analiz mərhələsindədir. Alim bu kəşfi insan çənə
sümüyünün tapılmasından sonra ötən yarım əsrdən artıq dövrdə Azərbaycan
arxeologiyasının dünya antropologiya elminə verdiyi ən sanballı töhfə kimi qiymətləndirib.
O, həmçinin Naxçıvanın qədim
tarixi ilə bağlı İlandağ yazısının 30 illik axtarışlardan sonra aşkarlanmasını
xüsusi vurğulayaraq, bu nailiyyətlərin Azərbaycan tarix, humanitar və ictimai
elmlərinin yüksək inkişaf səviyyəsinin göstəricisi olduğunu bildirib. Alimin
sözlərinə görə, bu tapıntılar Azərbaycan tarixinin dərin qatlarının müəyyənləşdirilməsi
baxımından müstəsna elmi və ictimai əhəmiyyət daşıyır.
Arxeologiya sahəsində bu
il ilk dəfə olaraq Azərbaycan Respublikasının Dövlət Mükafatının verildiyini
söyləyən AMEA prezidenti bu mükafata orta əsr Gəncə və Şəmkir şəhər yerlərində
aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə
görə tanınmış arxeoloq, tarix elmləri doktoru Tarix Dostiyevin layiq
görüldüyünü diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bu yüksək etimada görə Azərbaycan
alimləri adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlığını
ifadə edib.
AMEA rəhbəri son illərdə
ölkənin müxtəlif regionlarında həyata keçirilən arxeoloji qazıntılarda şəxsən
iştirak etdiyini vurğulayıb, həmçinin azərbaycanlı arxeoloqların xarici ölkələrdə
aparılan tədqiqatlarda mütəmadi təmsil olunmasını mühüm elmi hadisə kimi dəyərləndirib.
O, ötən il işğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspedisiyaların təşkil
edildiyini, Qarabağın Xocalı, Əsgəran və digər bölgələrində aparılan tədqiqatların
Azərbaycan tarixinin qədim izlərini üzə çıxardığını qeyd edib. Eyni zamanda,
Laçın və Kəlbəcər rayonlarında da ilk arxeoloji ekspedisiyaların təşkili üçün
hazırlıq işlərinin aparıldığını bildirib.
Həmçinin Qarabağda elmi tədqiqatların vahid mərkəzdən idarə olunması üçün elmi mərkəzin yaradılmasının vacibliyi diqqətə çatdırılıb. Bu yaxınlarda Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun təsis olunması bu istiqamətdə atılmış mühüm addım kimi dəyərləndirilib.
18:00 04.06.2026
Oxunuş sayı: 49