Çiy əti bişirməzdən əvvəl yuyun: bu xəstəliklərə tutula bilərsiniz
Mətbəxdə qida təhlükəsizliyi ilə bağlı uzun illərdir tətbiq olunan bəzi vərdişlər son dövrlərdə yenidən müzakirə mövzusuna çevrilib. Belə məsələlərdən biri də çiy ətin bişirilməzdən əvvəl yuyulmasıdır. Bir çox insan bunun məhsulu daha təmiz etdiyini düşünsə də, qida təhlükəsizliyi ilə bağlı aparılan araşdırmalarda bu prosesin əks nəticələrə səbəb ola biləcəyi qeyd olunur. Bildirilir ki, çiy ətin yuyulması zamanı bakteriyalar su damcıları vasitəsilə mətbəxin müxtəlif səthlərinə yayıla və qida çirklənməsi riskini artıra bilər. Bu səbəbdən ətin düzgün saxlanılması, hazırlanması və bişirilməsi ilə bağlı qaydalar yenidən diqqət mərkəzinə gəlib.
Qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, çiy ətin bişirilməzdən əvvəl yuyulması uzun illərdir bir çox ailələrdə tətbiq olunan vərdiş olsa da, müasir qida təhlükəsizliyi qaydaları bu üsulu tövsiyə etmir.

"Bir çox insan ətin yuyulmasının onu daha təmiz etdiyini düşünsə də, əslində bu proses görünməyən təhlükələrin yayılmasına səbəb ola bilər. Çiy ətin üzərində insan sağlamlığı üçün təhlükə yarada bilən bakteriyalar, o cümlədən «Salmonella», «Campylobacter» və bəzi hallarda «E. coli» kimi mikroorqanizmlər mövcud ola bilər. Ət kranın altında yuyulduqda su damcıları ətrafa sıçrayaraq bu bakteriyaları mətbəx səthlərinə, qab-qacaqlara, kəsmə lövhələrinə və hətta yaxınlıqda olan digər qidalara da daşıya bilər. Bu hal «çarpaz çirklənmə» adlanır və qida zəhərlənmələrinin əsas səbəblərindən biri hesab olunur", – deyə ekspert bildirib.
Onun sözlərinə görə, ətin yuyulması bakteriyaları tamamilə aradan qaldırmır:
"Əksinə, onların daha geniş sahəyə yayılmasına şərait yaradır. Bakteriyaların məhv edilməsinin ən effektiv yolu ətin lazımi temperaturda düzgün bişirilməsidir. Yüksək temperatur zərərli mikroorqanizmləri məhv edərək məhsulu təhlükəsiz hala gətirir".
F.Səfərov ətin təhlükəsiz istehlakı üçün bir sıra vacib qaydalara əməl olunmasını tövsiyə edib:
1)Çiy əti yumaq əvəzinə birbaşa bişirməyə hazırlamaq;
2)Ətlə təmasdan əvvəl və sonra əlləri ən azı 20 saniyə sabunla yumaq;
3)Çiy ət üçün istifadə olunan kəsmə lövhəsi və bıçaqları digər qidalardan ayrı saxlamaq;
4)Ətin saxlanıldığı qabları və mətbəx səthlərini istifadədən sonra yaxşı təmizləmək;
5)Əti soyuducuda uyğun temperaturda saxlamaq və otaq temperaturunda uzun müddət gözlətməmək;
6)Quş əti, qırmızı ət və digər heyvan mənşəli məhsulları kifayət qədər daxili temperatura qədər bişirmək.
Ekspert əlavə edib ki, bəzi insanlar ətin üzərindəki qanı və ya qalıqları təmizləmək məqsədilə onu yumağa üstünlük verirlər:
"Lakin ətdə görünən qırmızı mayenin böyük hissəsi qan deyil, su və əzələ zülallarının qarışığıdır. Zərurət yarandıqda səthdəki artıq nəmlik kağız dəsmalla ehtiyatla götürülə bilər. Bu zaman istifadə olunan dəsmal dərhal atılmalı və əllər mütləq yuyulmalıdır", – deyə o vurğulayıb.
Ekspertin fikrincə, çiy ətin yuyulması qida təhlükəsizliyini artırmır:
"Əksinə, bakteriyaların mətbəxdə yayılması riskini yüksəldir. Buna görə də əsas diqqət ətin düzgün saxlanılmasına, çarpaz çirklənmənin qarşısının alınmasına və məhsulun lazımi temperaturda bişirilməsinə yönəldilməlidir. Bu qaydalara əməl edilməsi qida zəhərlənməsi riskini əhəmiyyətli dərəcədə azaldır".
Sonda F.Səfərov oxuculara müraciət edərək, "Sağlam qidalanın, sağlam yaşayın!" çağırışını səsləndirib.
Nigar Xəlilli
15:04 04.06.2026
Oxunuş sayı: 77