Ebola kabusa çevrilir: Yüksək hərarət, güclü yorğunluq, əzələ ağrıları...
Son həftələrdə Mərkəzi Afrikada yayılan Ebola virusu beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Xüsusilə Konqo Demokratik Respublikası və Uqandada qeydə alınan yoluxma hallarında artım müşahidə olunarkən, Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirir. Mütəxəssislər xəstəliyin sürətlə yayılmasının gec aşkarlanma, əhali hərəkətliliyi və səhiyyə infrastrukturunda mövcud çətinliklərlə əlaqədar olduğunu qeyd edirlər.
Hazırkı epidemiya Bundibuqyo ştamı ilə əlaqələndirilir və bu virus növünə qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə vasitəsinin olmaması narahatlığı daha da artırır. Yoluxma hallarının artması, sərhədlərarası yayılma riskinin yüksəlməsi və beynəlxalq təşkilatların fövqəladə tədbirlərə başlaması Ebola təhlükəsinin miqyasını yenidən gündəmə gətirib.
Bəs bu virus nə qədər təhlükəlidir, ölkəmizdə də yayılma riski varmı, hazırkı vəziyyət hansı riskləri yaradır və xəstəliyin qarşısının alınması üçün hansı addımlar atılır?
Məsələ ilə bağlı infeksionist Aytən Ziyadova Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ebola insanları və digər primatları təsir edən ağır və çox vaxt ölümcül virus xəstəliyidir. Virus insanlara əsasən vəhşi heyvanlardan, o cümlədən meyvəyeyən yarasalardan və bəzi digər vəhşi heyvan növlərindən keçir. Sonra isə yoluxmuş şəxsin qanı, bədən mayeləri, ifrazatları, orqanları və ya bu mayelərlə çirklənmiş əşyalarla (yataq dəsti, geyim və s.) birbaşa təmas nəticəsində insandan insana ötürülür.
Xəstəliyin simptomları qəfil başlayır. İlk əlamətlərə yüksək hərarət, güclü yorğunluq, əzələ ağrıları, baş ağrısı və boğaz ağrısı daxildir. Sonrakı mərhələlərdə qusma, ishal, dəri səpgiləri, böyrək və qaraciyər funksiyalarının pozulması müşahidə oluna bilər. Ağır hallarda isə daxili və xarici qanaxmalar, o cümlədən diş ətlərindən qanaxma və nəcisdə qan görünə bilər. Yoluxma ilə simptomların meydana çıxması arasında adətən 2–21 gün inkubasiya dövrü olur.
Ebolanın klinik əlamətləri malyariya, tif qızdırması və meningit kimi xəstəliklərin simptomlarına bənzədiyi üçün ilkin mərhələdə onları bir-birindən ayırmaq çətin ola bilər.
Hazırda Ebola virusuna qarşı tam spesifik müalicə mövcud olmasa da, ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) tərəfindən iki müalicə vasitəsi təsdiqlənib. Eyni zamanda vaxtında göstərilən dəstəkləyici tibbi yardım xəstələrin sağ qalma ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Xəstəliyin profilaktikası məqsədilə iki vaksin istifadəyə verilib. Bunlardan biri Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən sertifikatlaşdırılmış Ervebo, digəri isə Avropa Dərmanlar Agentliyi tərəfindən təsdiqlənmiş iki dozalı Zabdeno/Mvabea vaksinidir".
Elmir Heydərli
16:33 03.06.2026
Oxunuş sayı: 56