Mədəaltı vəzi xərçənginin müalicəsi tapılıb: Mif, yoxsa inqlab? ?
Mədəaltı vəzi xərçənginin müalicəsində yeni ümid yaradan eksperimental preparat klinik sınaqlarda diqqətçəkən nəticələr göstərib. Tədqiqatçılar bildirirlər ki, daraksonrasib adlı dərman ən aqressiv onkoloji xəstəliklərdən biri hesab edilən bu xərçəng növü ilə mübarizədə pasiyentlərin sağ qalma müddətini əhəmiyyətli dərəcədə artırıb.
Nüfuzlu “New England Journal of Medicine” jurnalında dərc olunan araşdırmaya əsasən, preparat ilk müalicə kursu uğursuz olan xəstələrdə standart kimyaterapiya ilə müqayisədə ömür uzunluğunu təxminən iki dəfə artırıb və ölüm riskini 60 faiz azaldıb. Mütəxəssislər bu nəticələrin mədəaltı vəzi xərçənginin müalicəsinə yanaşmada dönüş nöqtəsi ola biləcəyini vurğulayırlar.

Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "İlk növbədə qeyd etmək istərdim ki, onkoloji xəstəliklər arasında ən aqressiv və təhlükəli növlərdən biri mədəaltı vəzi xərçəngidir. Bu xəstəliyin yaranmasına təsir göstərən bir sıra amillər mövcuddur. Bunlar arasında genetik meyillilik, qeyri-sağlam qidalanma vərdişləri, xüsusilə gecə saatlarında tez-tez qida qəbulu, uzunmüddətli siqaret istifadəsi, şəkərli diabet və digər risk faktorları yer alır. Son illərdə müşahidələr göstərir ki, əvvəllər daha çox yaşlı insanlarda rast gəlinən mədəaltı vəzi xərçəngi artıq 50 yaşdan aşağı şəxslər arasında da geniş yayılmağa başlayıb. Bu tendensiya xüsusilə son 15-20 il ərzində daha qabarıq şəkildə özünü göstərir. Xəstəliyin müalicəsinə gəlincə, bu sahədə müxtəlif dərman preparatları və eksperimental üsullar üzərində araşdırmalar aparılsa da, mədəaltı vəzi xərçəngi hələ də müalicəsi ən çətin olan onkoloji xəstəliklərdən biri hesab olunur. Kimyaterapiya, immunoterapiya, hədəfli müalicə üsulları və cərrahi müdaxilə bəzi hallarda xəstənin vəziyyətini yaxşılaşdırmağa və ya ömrünü uzatmağa kömək etsə də, nəticələr hər zaman arzuolunan olmur".
O bildirib ki, bu xəstəliyin əsas təhlükəsi onun uzun müddət heç bir əlamət vermədən, yəni səssiz şəkildə inkişaf etməsidir: "Buna görə də insanların sağlamlıqlarına diqqətlə yanaşması, vaxtında həkim müayinəsindən keçməsi olduqca vacibdir. İlkin mərhələdə ultrasəs müayinəsi, zərurət yarandıqda isə kompüter tomoqrafiyası vasitəsilə xəstəliyin aşkar edilməsi mümkün ola bilər. Mütəxəssislərin fikrincə, onkoloji proses daha çox mədəaltı vəzin baş hissəsində yerləşdikdə xəstəliyin gedişi daha ağır olur. Bu səbəbdən erkən diaqnostika həyati əhəmiyyət daşıyır. İnsanlar profilaktik müayinələrə laqeyd yanaşmamalı, hər hansı şübhəli simptom müşahidə etdikdə vaxt itirmədən həkimə müraciət etməlidirlər".
Elmir Heydərli
10:31 03.06.2026
Oxunuş sayı: 50