28 May istiqlalı: Azərbaycan mühacirlərinin elmi-publisistik yaddaşı
28 May 1918-ci il — yalnız Azərbaycanın siyasi xəritəsini dəyişən tarixi hadisə deyil, həm də milli kimliyimizin və dövlətçilik təfəkkürümüzün ən uca zirvəsidir. Şərqdə ilk demokratik respublikanın əsasını qoyan Cümhuriyyət xadimləri bizə sadəcə üçrəngli bayraq və sərhədlər deyil, eyni zamanda bu dövlətin varlığını intellektual müstəvidə əbədiləşdirən nəhəng elmi-nəzəri irs miras qoymuşdular. 1920-ci ilin aprel işğalından sonra bu müqəddəs mübarizə vətən hüdudlarından kənara — mühacirətə daşınsa da, İstiqlal idealı öz bədii və elmi gücündən heç nə itirmədi. Əksinə, sovet rejiminin repressiya və unutdurma siyasətinə qarşı Avropanın və qardaş Türkiyənin intellektual mühitində böyük bir “qələm cihadı” başladı.
Azərbaycanın mühacir ziyalılarının elmi-publisistik irsini vərəqləyərkən aydın olur ki, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Ceyhun Hacıbəyli, Əhməd Cəfəroğlu, Əkbər ağa Şeyxülislamzadə, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Sənan Azər və digər qurucuların yaradıcılığında 28 May sadəcə keçmişə duyulan nostaljik bir həsrət deyil, elmi əsasları işlənmiş, gələcəyə hədəflənmiş bir dövlətçilik doktrinası idi. Vətəndən uzaqda, ağır maddi və mənəvi məhrumiyyətlər içində nəşr olunan hər bir qəzet məqaləsi, elmi oçerk və monoqrafiya 28 May İstiqlalını dünya ictimaiyyətinə tanıdan və gələcək nəsillərin yaddaşına köçürən tarixi sənəd xarakteri daşıyırdı. Bu yazı, mühacirət qələminin süzgəcindən keçərək günümüzün müstəqil Azərbaycanına işıq salan, tarixin sınağından keçmiş həmin zəngin irsin elmi-publisistik xəzinəsinə növbəti bir ehtiram baxışıdır.
28 May İstiqlalının ideoloji və siyasi təməllərini atan görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə, hələ Cümhuriyyət dövründə nəşr olunan “Azərbaycan” qəzetində (“Azərbaycan”, 27 noyabr 1918, №50) işıq üzü görən "İstiqlal" adlı proqram xarakterli məqaləsində yazırdı: “Çəkilən zəhmətlərimizin, tökülən qanlarımızın, yakılan xanimanlarımızın, axıdılan göz yaşlarımızın yalnız bir təsəllisi var: İstiqlal!... İstiqlal bir növ hürriyyəti-şəxsiyyədir. Millətin şəxsinə məxsus hürriyyət”.
Rəsulzadənin bu lakonik formulu, əslində, Azərbaycan dövlətçilik fəlsəfəsinin ən dərin elmi-nəzəri tərifidir. Müəllif burada “hürriyyəti-şəxsiyyə” (fərdi azadlıq) anlayışını fərddən millət müstəvisinə qaldırır. Onun təqdimatında istiqlal — sadəcə siyasi bir status və ya coğrafi müstəqillik deyil; o, bütöv bir millətin kollektiv şəkildə “şəxsiyyət” qazanması, öz müqəddəratını təyin etmək hüququna sahib olmasıdır.
M.Ə.Rəsulzadə “Odlu yurd” qəzetində nəşr olunan “Bu günün ilhamı” adlı məqaləsində 28 may İstiqlalının əzəmətini və 28 may İstiqlal Bəyannaməsinin siyasi əhəmiyyətini bu şəkildə təsvir edirdi: “İslam dünyasında ilk dəfə olaraq qurulan, bir türk cümhuriyyətinin istiqlalını təsbit etmiş 28 May Bəyannaməsi, Böyük Millət Məclisinin Türkiyə Cümhuriyyətinin hürriyyət və istiqlalını təzəmmün edən (öz daxilində ehtiva edən) "Misaqi-milli" (Milli And) növündən bir sənəddir. Bu sənəd, böyük Fransız inqilabı, böyük Amerika istiqlal hərbi, böyük Almaniya istixlası (qurtuluşu), böyük italyan ittihadı (birliyi) kimi hürriyyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət, Vilsonun 14 maddəsində yer alan və və Millətlər Cəmiyyəti ideyasının təməlində dayanan böyük düşüncə tələblərinin Azərbaycanın milli xüsusiyyətləri ilə uzlaşaraq bütövləşdiyini sübut edən bir sənəddir”.
Rəsulzadə bu sətirlərdə Azərbaycanın İstiqlal Bəyannaməsini lokal bir sənəd olaraq görmür; onu bəşəri azadlıq tarixinə — Fransız inqilabı və Amerika müstəqillik bəyannaməsi kimi qlobal hadisələrin cərgəsinə daxil edir. Müəllifin vurğuladığı ən mühüm elmi tezis isə budur: 28 May aktı, dünyadakı universal demokratik dəyərlərin və Vilson prinsiplərinin Azərbaycanın milli xüsusiyyətləri ilə mükəmməl şəkildə birləşməsinin məhsuludur.
1920-ci ilin aprel işğalından sonra Cümhuriyyət mühacirlərinin mənəvi-siyasi varlığının əsas hərəkətverici qüvvəsinə çevrilən 28 May İstiqlalı, sadəcə itirilmiş vətənə duyulan nostaljik bir həsrət predmeti deyil, mühacirət intellektual irsinin toxunulmaz ideoloji nüvəsi və əsərlərinin baş yazısı idi. Məlum tarixi kataklizmlərdən sonra da dövlət qurucuları bu tarixi günü milli mənsubiyyətin rəmzi, ideoloji bir təsəlli və dirəniş nöqtəsi kimi qorumuş, hər il onun ildönümlərini elmi-siyasi müstəvidə konseptuallaşdırmışlar. Onların mühacirət yaradıcılığında 28 May aktı — milli dövlətçilik yaddaşının institusional şəkildə yaşadılması və gələcək istiqlalın elmi-nəzəri platforması statusunda çıxış edirdi.
Cümhuriyyət xadimlərinin 28 May irsini mühacirətdə necə böyük bir elmi-publisistik salnaməyə çevirdiyini görmək üçün "Yeni Qafqasiya" məcmuəsinin 28 May 1924-cü il tarixli sayına nəzər salmaq kifayətdir. M.Ə.Rəsulzadənin bu sayda işıq üzü görən “Azərbaycanın Böyük Günü” adlı məqaləsi mühacirət təfəkküründə istiqlal idealını konseptual şəkildə əks etdirən ən fundamental salnamədir. Rəsulzadə 28 May İstiqlalının 6-cı ildönümündə yazırdı: “Bu gün yeni İslam tarixinin böyük bir günüdür. Bu gün ilk Türk Cümhuriyyəti qurulmuş, Azərbaycan istiqlalını elan etmişdir. 28 May tarixi ilə qeyd olunan bu gündən indi altı il keçir. Keçən bu altı illik dövr, nisbətən qısa bir zaman kəsiyi olsa da, yaşadığımız tarixi əsrin əzəmət və canlılığı dərəcəsində, böyük ümidlərlə dərin kədərlərdən yoğrulmuş bu günlər, təsir və əhəmiyyəti etibarilə çox böyük bir tarixi dövrü təşkil edir. Bəşəriyyətin xoşbəxtliyinin ən ali zirvəsini təşkil edən istiqlalın, azadlığa susamış bir xalqın qəlbində nə qədər böyük sevinclər doğurduğunu nəzəri olaraq təsəvvür etmək mümkün olsa da, Azərbaycan xalqının bu gündən etibarən yaşamağa başladığı istiqlal günlərini görənlər, dünənki əsir bir xalqın bugünkü suverenliyi ilə nə dərəcədə xoşbəxt olduğunu haqqı ilə təqdir etmişlər… Bundan dörd il əvvəl, Türk dünyasının bəxtinin tərs bir oyunu nəticəsində, bu vəziyyətdən istifadə edərək yenidən qırmızı bolşevizm şəklində təkrar Qafqaza enən Rusiya imperializmi, burada artıq bundan yüz il əvvəlki çarizm zamanındakı şəraiti tapa bilməmişdir. O zaman bir-biri ilə rəqib olan səkkiz-on xanlıq yerində, bu gün birliyini dərk edən və varlığı yolunda mübarizə aparan bir vəhdət vardır ki, bunun ən bariz əlaməti Türklük, Müsəlmanlıq və Çağdaşlığın rəmzi olan üçboyalı nazənin bir Bayraqdır! 28 Mayda elan olunan istiqlal, bolşeviklərin istilası ilə maddən fasiləyə uğramışsa da, mənən daha ziyadə qazanmış, gənc nəslin ruhunu istila eyləmişdir… Sən də ey Azərbaycan xalqı, məyus olma, önündəki mübarizəni unutma, əlindən gələn fədakarlığı əsirgəmə… Yaşasın Türklüyün mühüm bir rüknünü təşkil edən hür və müstəqil Azərbaycan!”
Azərbaycan Cümhuriyyətinin sabiq Torpaq və Əmək Naziri Əkbər Ağa Şeyxülislamzadə mühacir kimi yaşadığı Parisdən İstanbulda nəşr olunan "Yeni Qafqasiya" dərgisinə göndərdiyi və 28 May İstiqlalının doqquzuncu ildönümünə həsr etdiyi “Haqq Alınar, Verilməz” adlı məqaləsində həm özünün, həm də mühacirət tərəfdaşlarının sarsılmaz andını bu sətirlərlə bəyan edirdi: “Bütün Azərbaycan partiyalarının nümayəndələrindən təşkil olunan Azərbaycan Milli Şurası bundan doqquz sənə əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalını elan etdi. İstiqlal bayrağının yüksəldiyi gündən etibarən Milli Şuranı təşkil edən millət vəkilləri çətin və tikanlı bir yola girdiklərini çox gözəl dərk edirdilər. Lakin bu çətinliyi dərk etməklə bərabər, onlar eyni zamanda millətin özünün də onlarla birgə olduğuna və yenilməz bir əzmlə istiqlal yolunda irəliləyəcəyinə əmin idilər. Bəli, bu müqəddəs qərara bizzat şərik olan bizlər, indi də bütün varlığımızla bu xalqa bağlıyıq. Gözlərimiz indi də vətənə tərəf dikilmişdir. Vətənin fəlakəti ilə kədərlənir və onun dərdilə qəmlənirik. Qoy oradakılar bilsinlər ki, ilani istiqlal vaqiəsində bizzat iştirak etmiş olan bizlər, vətən həsrəti və mühacirətin ən şiddətli məhrumiyyətlərini yaşamağımıza baxmayaraq, millət hüzurunda içdiyimiz anda sadiq qalmış və imza etdıyımız misakdan (əhddən) dönməmişik. Doqquz sənədən bəri Zəngi, Araz, Kür nəhrlərindən ta Bəhr-i Xəzər sahillərinə qədər hədsiz qurbanlar verən millətin hüzurunda son nəfəsimizə qədər istiqlal şüarına sadiq qalacağımızı bu əziz gündə bir daha bəyan edəriz… Millətin səmimiyyətindən coşan mübarizə ruhundan güc alaraq, bundan sonra da böyük bir iradə və qətiyyətlə istiqlal yoluna davam edək, hər cür məhrumiyyətlərə dözərək milli cəbhəni möhkəmləndirək. Hər növ şəxsi və partiya maraqlarını ümumi mübarizənin ucalığı və müqəddəsliyi naminə kənara qoyaq və bilək ki, oğurlanmış istiqlalımızı yenidən qazanacaq qüvvə hər şeydən əvvəl özümüzdədir; öz mübarizəmizdədir. Çünki "Haq verilməz, alınır”.
Əkbər Ağa Şeyxülislamzadənin doqquzuncu ildönümü münasibətilə etdiyi çağırışdan illər sonra, mühacirət mətbuatının elmi müstəvidə ən sanballı orqanına çevrilən, Əhməd Cəfəroğlunun redaktoru olduğu “Azərbaycan Yurd Bilgisi” dərgisinin 1934-cü il 28 may nömrəsində İstiqlalın 16 illik ildönümünə həsr olunmuş "28 May 1918” adlı baş məqaləsində istiqlalın bütöv Türk dünyasındakı əks-sədası, İstanbul və Anadolu ziyalılarının bu tarixi hadisəyə verdiyi qiymət yüksək elmi-publisistik üslubda təhlil edilirdi. Məqalədə yazılırdı: “Hər bir türkü sevindirən ilk Türk Cümhuriyyəti – Azərbaycanın qurtuluş tarixidir. On altı il bundan əvvəl 28 mayda milli azadlığını təyin və qeyd edən Azərbaycan türkləri əsarət zəncirindən qurtularaq böyük türk tarixinə öz istiqlalı ilə qovuşmuşdur. Türk millətinin müstəqil olmayan qisimləri tamamilə Rusiya əsarətində qaldığı bir zamanda yeni yaranan Milli Türk Respublikası şimal-şərqdəki Türk dünyasının qurtuluş vəzifəsini ifadə etməyə başlamışdı. “Çanaqqalada imperializm qüvvələrinə qəti zərbə endirən Anadolu qüvvələri Azərbaycanın bu qurtuluşuna ildırım sürətilə yetişmişdilər. “Mondros” mütarikəsi (atəşkəsi) ilə öz taleyinə ağlayan Anadoludakı doğma qardaşlarımız, Azərbaycanda yeni respublikanın yaranması münasibətilə böyük təsəlli tapmışdılar. İstanbul Universitetinin salonlarında doğma türkçülüyün böyük şeyxi Yusif Akçura bəyin: “...Əvvəlcə sizi, ey təvazökar, fədakar və alicənab Osmanlı qardaşlar, sizi bu böyük tarixi hadisə ilə — Türk aləmində ilk dəfə yaranan Türk Respublikası münasibətilə təbrik edirəm… Sizə, Azərbaycan türkləri, ey əziz qardaşlar, sevgilər çatdıraraq müraciət edir və hər millətin həyatında ən böyük xoşbəxtlik olan azadlıq nailiyyətiniz münasibətilə sizi təbrik edirəm” — deməsi, Azərbaycanın dirçəlişi ilə çox yaxın bir zamanda əsir olan bütün türk ölkələrinin də xilas olacağını müjdələyirdi. Həqiqətdən bir az sonra Azərbaycanın ardınca Türkistan, İdil - Ural, Krım, Dağıstan kimi türk ölkələri də azadlığa qovuşdular. Yalnız aramızda qardaş Türkiyənin o zamankı matəmi, türklüyün böyük sevinc ili olan 1918-ci ili qara pərdə ilə qapatmışdı. Aradan iki il keçdi; Qoca tarixin imtahana çəkdiyi yeni türk dövlətləri bir-bir susduruldular. Lakin bu dəfə də Qazi Türkiyəsi doğdu. Yeni Türk dünyasının böyük kütləsi əsarət altına alındı. Yeni yaranan Azərbaycan Cümhuriyyəti də çəkiclə oraq arasında qaldı. Tarix iki doğma qardaşa tamamilə əks olan azadlıq yolları qismət etmişdir. Birisinin səadəti ili, başqasının fəlakət ili olmuş: Azərbaycan dövləti yaranmış, Osmanlı İmperatorluğu süqut etmiş, əksinə Türkiyə Respublikası yaranmış, Azərbaycanın istiqlaliyyəti isə türkün əlindən alınmışdır.. Ümid edək ki, milli şüuru oyanan və bu kədərli tarixi dadan yeni türk nəsli çox yaxın bir gündə bu iki qardaş ölkəni həqiqi türk tarixi yoluna aparacaq və evlərdə gizlədilib qalan milli Azərbaycan bayrağının yenidən dalğalanmasını təmin edəcəkdir. Biz də ancaq o gün 1918-ci ili təkrar yaşayacağıq”.
Məqalədə yer alan bu dərin tarixi müqayisələr və gələcəyə yönəlmiş böyük sarsılmaz inam, əslində bütün mühacirət irsinin ana xəttini təşkil edirdi. Vətənin itirilməsi ilə barışmayan ziyalılar qələmin gücü ilə millətin daxili müqavimətini diri tutur, istiqlalın mənəvi əsaslarını gələcək nəsillərə ötürürdülər.
Ümumiyyətlə, Cümhuriyyət xadimlərinin mühacirət irsi sübut edir ki, 28 May İstiqlalı sadəcə keçmişdə qalan bir tarix deyil, coğrafi sərhədləri və siyasi fəlakətləri aşan canlı bir dövlətçilik doktrinasıdır. Cümhuriyyət qurucuları sovet imperiya təzyiqi və işğalı qarşısında vətən torpağını müvəqqəti itirsələr də, istiqlalın əsl mənəvi coğrafiyasını — gənc nəslin azadlıq ruhunu əsla təslim etmədilər. Siyasi süqutu sadəcə keçici bir “maddi fasilə” adlandıran bu fədakarlar, qəlblərdə və evlərin ən gizli guşələrində qorunan üçrəngli bayrağın bir gün mütləq yenidən ucalacağına qətiyyətlə inanırdılar. Zaman o uzaqgörən mütəfəkkir qələm sahiblərini və bu böyük inamı tamamilə haqlı çıxardı. Vaxtilə Azərbaycan xalqının qanına boyanmış bolşevik bayrağının “oraq və çəkic”i arasında sıxılan, unutdurulmağa çalışılan üçrəngli, ay ulduzlu, nazənin bayrağımız bu gün öz azad, suveren və bütöv vətənində rəsmən və əbədi olaraq dalğalanmaqdadır. Bizə Cümhuriyyət Qurucularından miras qalan zəngin irs isə hər birimiz üçün zamanı aşan ən ali vəsiyyətdir: İstiqlal ruhlarda yaşayan və hər gün yenidən qorunmalı olan müqəddəs bir haqdır. Bu ali amala sahib çıxmaqla 1918-ci ilin o şanlı 28 May ruhunu yaşadır və gələcəyə daşıyırıq.
Mübariz Ağalarlı
AMEA Tarix və Etnologiya İnstitutunun
“Azərbaycan Cümhuriyyəti tarixi” şöbəsinin
aparıcı elmi işçisi, dosent
11:15 28.05.2026
Oxunuş sayı: 83