Uşaqların bağçaya qəbulunda sosial meyarlar müzakirə olunur
Hər iki valideynin işləməsinin uşaqların bağçaya qəbulunda imtiyaz kimi nəzərə alınması Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan əsas təkliflərdən biridir. Təklifin əsas məqsədi işləyən ailələrin, xüsusilə hər iki valideynin əmək fəaliyyəti ilə məşğul olduğu hallarda, sosial yükünün azaldılması və uşaqların məktəbəqədər təhsil müəssisələrinə çıxış imkanlarının genişləndirilməsidir.
Bu yanaşma həm əmək bazarında aktivliyin təşviqi, həm də ailələrin gündəlik həyatında yaranan çətinliklərin azaldılması baxımından aktuallıq kəsb edir.
Eyni zamanda məsələ sosial ədalət və bərabər imkanlar prizmasından da qiymətləndirilir. Bir tərəfdən belə bir imtiyaz işləyən valideynlər üçün dəstək mexanizmi kimi çıxış edə bilər, digər tərəfdən isə az təminatlı, çoxuşaqlı və həssas qrupların hüquqlarının qorunması zərurətini ön plana çıxarır. Bu səbəbdən mütəxəssislər hesab edirlər ki, tətbiq olunacaq sistem tək meyarlı deyil, çoxmeyarlı və balanslaşdırılmış yanaşma əsasında qurulmalıdır.
Mövzu ilə bağlı Azərbaycanın Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a açıqlama verib:

“Hər iki valideynin işləməsi halında uşaqların bağçaya qəbulunda üstünlük qazanması, mənim fikrimcə, həm iqtisadi, həm də sosial baxımdan tamamilə düzgün və effektiv bir addımdır. Mən bunu belə dəyərləndirirəm və hesab edirəm ki, bu məsələ ilə bağlı beynəlxalq təcrübədə, elmi-sosioloji araşdırmalarda və idarəetmə prinsipləri baxımından həm lehinə, həm də əleyhinə bir neçə mühüm məqam mövcuddur.
İlk növbədə, qeyd etdiyim kimi, beynəlxalq təcrübəyə diqqət yetirilməsi vacibdir. Ümumiyyətlə, inkişaf etmiş ölkələrin əksəriyyətində bu sistem mövcuddur. Yəni hər iki valideyn işləyirsə, onların uşaqlarının bağçaya qəbulunda üstünlük əldə etməsi ilə bağlı tətbiqlər var və bu, uğurla da tətbiq olunur.
Məsələn, Fransa və Almaniya təcrübəsində dövlət bağçalarına qəbul zamanı hər iki valideynin işləməsi və ya təhsil alması əsas prioritet meyarlardan biri kimi qəbul edilir. Hətta bəzi hallarda valideynlərin işləməməsi deyil, təhsil alması belə üstünlük üçün əsas sayılır. Eyni zamanda Skandinaviya ölkələrinə nəzər salsaq, orada hər bir uşağın bağça hüququ prinsipi əsas götürülsə də, yer məhdudluğu olduqda növbəlilik və sosial meyarlar çərçivəsində işləyən valideynlərə üstünlük verilir”.
Ekspert əlavə edib ki, post-sovet ölkələrinə baxdıqda isə, xüsusilə Rusiya və Qazaxıstan təcrübəsində regional səviyyədə tək valideynli və hər iki valideyni işləyən ailələrə xüsusi ballar və güzəştli növbələr tanınır:
“Ümumilikdə yanaşma demək olar ki, bu istiqamətdə formalaşır. Mən bu addımın müsbət tərəflərini də qeyd etmək istəyirəm. İlk olaraq, bu sistem qadınların iş həyatına qayıdışını sürətləndirə bilər. Bağça problemi səbəbilə bir çox ixtisaslı kadr evdə qalmaq məcburiyyətində qalır və bu, xüsusilə qadınlar üçün ciddi çətinliklər yaradır. Eyni zamanda, valideynlər bu imtiyazdan yararlanmaq üçün rəsmi əmək müqaviləsi tələb edəcəklər.
Bu isə qeyri-rəsmi iqtisadiyyatın aradan qaldırılmasına kömək edə bilər. Çünki ölkəmizdə əmək müqaviləsi ilə işləmək artıq ciddi tələb kimi qoyulub, lakin hələ də bəzi hallarda qeyri-rəsmi məşğulluq mövcuddur. Bu yalnız vergi itkilərinə deyil, eyni zamanda şəxslərin gələcək pensiya təminatı hüquqlarına da mənfi təsir göstərir. Bu mexanizm həm də qeyri-rəsmi məşğulluğun azalmasına kömək edə bilər. Çünki valideynlər artıq rəsmi işlədiklərini sübut etməyə daha çox maraqlı olacaqlar və bu da ümumi sistemin şəffaflığını artıracaq.
Digər tərəfdən, işləyən ailələr uşaqlarını özəl bağçaya və ya dayəyə yerləşdirmək üçün böyük xərclər etmək məcburiyyətində qalırlar. Əgər bu sistem tətbiq olunarsa və dövlət bağçalarına çıxış imkanları genişlənərsə, bu xərclər azalar və orta təbəqənin güclənməsinə şərait yaranar”.
İ.Orucov əlavə edib ki, bununla yanaşı, nəzərə alınmalı risklər də mövcuddur: “Mütəxəssislərin fikrincə, belə bir qərar sosial ədalət prinsipini pozmamalıdır. Çünki işləməyən, lakin az təminatlı, çoxuşaqlı və ya fiziki məhdudiyyətli valideynlərin uşaqları kənarda qala bilməz. Bu qrupların hüquqları mütləq qorunmalıdır.
Eyni zamanda bağça yalnız uşağa baxım yeri deyil, həm də erkən təhsil müəssisəsidir. Bu baxımdan, bu sistem uşağın inkişaf hüququnu da təmin etməlidir. İşləməyən valideynlərin uşaqlarının sosiallaşma və erkən təhsil imkanlarından məhrum qalması riski nəzərə alınmalıdır.
Bu səbəbdən, mən hesab edirəm ki, əgər Milli Məclisdə bu təklif qəbul edilərsə, keçid mütləq şəkildə ballı sistemlə tənzimlənməlidir. Yəni bağçaya qəbulda tək bir meyar yox, meyarlar toplusu tətbiq edilməlidir. Burada, məsələn, hər iki valideynin işləməsi ayrıca bal verə bilər. Eyni zamanda şəhid və qazi ailələri üçün daha yüksək bal tətbiq oluna bilər.
Az təminatlı ailələr üçün isə fərqli güzəşt mexanizmi nəzərdə tutula bilər. Beləliklə, sistem həm iqtisadi baxımdan faydalı olar, həm də sosial ədaləti qoruyar. Bəli, ümumilikdə Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində müəyyən işlər görülür. Lakin hamıya məlumdur ki, dövlət bağçalarının sayı hələ də kifayət etmir və valideynlər bu barədə tez-tez narazılıq bildirirlər. Mənə dəfələrlə müraciət edilib ki, uşağı bağçaya yerləşdirməkdə çətinliklər var. Hətta bəzi hallarda yer çatışmazlığından sui-istifadə hallarının olduğu da bildirilir. Bu, cəmiyyətdə gizli deyil.
Bu baxımdan, Elm və Təhsil Nazirliyi və ümumilikdə dövlət son illərdə bağça yerlərinin artırılması istiqamətində tədbirlər görür, özəl bağçaların genişlənməsi təşviq olunur və dövlət dəstəyi göstərilir. Eyni zamanda məktəblərdə məktəbəqədər icma əsaslı siniflər də təşkil olunur. Son illərdə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə ciddi təşəbbüsləri olmuş, humanitar layihələr çərçivəsində yeni bağçaların tikilməsi və istifadəyə verilməsi təmin edilmişdir.
Bununla belə, reallıq göstərir ki, bəzi hallarda sui-istifadə hallarına da rast gəlinir. Buna görə də ümumi sistem mütləq şəkildə tənzimlənməlidir. Tənzimləmə elə olmalıdır ki, şəhid və qazi ailələri ən yüksək prioritetə malik olsun, daha sonra hər iki valideynin işləməsi üzrə meyar ikinci sırada yerləşsin, az təminatlı ailələr isə üçüncü kateqoriya kimi nəzərə alınsın.
Ümumilikdə sistem balanslı və şəffaf şəkildə qurulmalıdır ki, heç bir sui-istifadə halına yol verilməsin. Bu gün belə hallar mövcuddur və bu, cəmiyyətdə narahatlıq doğurur. Nəticə olaraq, mən hesab edirəm ki, Azərbaycanda bağça infrastrukturunun hazırkı vəziyyəti nəzərə alınaraq bu sahədə islahatlara ehtiyac var. Beynəlxalq təcrübədə tətbiq olunan modellərə uyğun olaraq şəffaf və ədalətli bir qəbul sistemi formalaşdırılmalıdır”.
Ayhan
16:45 26.05.2026
Oxunuş sayı: 40