Gilasın dadı – Abbas Kiyarüstəmi və insanın son tərəddüdü
İran filmi Avropa və dünya film tərzindən çox fərqli bir dillə inşa edilmişdir. Üstəlik bu mədəniyyət inqilabdan sonra və inqilab ideallarını mənimsəməyən insanlar tərəfindən yaradılmışdır.
Abbas Kiyarüstəmi filmləri hər zaman insanda suallar yaratmağı və onlara anlamlı cavablar verməyi bacarır. Əksərən isə konkret cavabların olmadığı filmlərində, həyata qarşı dərin bir düşüncə buludu formalaşır.
1997-ci ildə lentə aldığı “Gilasın dadı” filmi, əksər səhnələri avtomobil içində keçən mübahisəli dialoqlardan ibarətdir. Eyni zamanda film, “Kann Film Festivalında” Shōhei İmamuranın “The Eel” filmi ilə birgə “Qızıl Palma Budağı” mükafatı qazanmışdır.
İnsan həyatın bir nöqtəsində bioloji olaraq həyata davam etsə də, ruhi olaraq özünü ölmüş hiss edə bilir. Bu filmdə özünü öldürməyə qərar verən baş qəhrəman- Bədii bəyin də durumu belədir. İntiharın insan həyatında qanuni bir variant olmasına qəti bir qadağa gətirilməsinə baxmayaraq, Kiyarüstəmi filmdə “yaşamağın mənası varmı?” sualını bir daha təhlil edir.
Film tam olaraq həyatın içindəndir. Film boyunca fəlsəfə xırdalanmır. Məsələn, dostumuzdan, qonşumuzdan və ya şəhərdə gəzən hər hansı bir adamdan intihar haqqında fikirlərini soruşsaq, bizə fəlsəfi cavablar verməyəcəklər. Kamü və ya Sartr kimi fikirlər söyləməyəcəklər. Əksəriyyət ya günah olduğunu, ya da səhv olduğunu deyəcək. Filmdə də eyni belə cavablar alırıq.
Qeyd: Abbas Kiyarüstəmi bir müsahibəsində filmin intiharla yox, həyatla əlaqəli olduğunu demişdir.
Həyat qədər ölüm də bir həqiqətdir. İnsanın ölümü də insanın həyatının bir parçasıdır. Hər insan bir səbəbdən ölür. İntihar da o səbəblərdən birdir. Hətta Kamüyə görə həyatın yaşamağa dəyib dəymədiyi sualına cavab axtarmaq fəlsəfinin təməl məsələsidir. Kamünün həyat və intihar haqqında analizlərinə baxanda, Bədii bəyin də onun təsvirlərinə uyğun bir obraz olduğunu düşünə bilərik.
Bədii bəy intihar etmək fikrindədir. Öz qazdığı məzarda dərman içərək həyatına son vermək istəyir. Məqsədi isə yaxşı bir məbləğ qarşılığında üstünə torpaq atacaq bir adam tapmaqdır. Özünə bir ağacın kölgəsində yer açıb və əslində intihar qərarını tam olaraq verib. Amma axtardığı adamdan tək istədiyi həmin yerə bir gün sonra gəlməsi və əgər ölübsə üstünə torpaq atması, yox, əgər yaşayırsa oradan aparmasıdır. Bu da əslində yaşamaq arzusunun bir təzahürü, tanış olacağı insanlara son dəfə də olsa verdiyi üstüörtülü bir yardım çağırışıdır.
Bədii bəy bu məqsədlə yola çıxır. Avtomobil ilə tozlu küçələrdə axtarış içində olan bir adam görürük. Yol boyunca dövrün bütün problemləri- işləyən maşınların canavarlaşan görüntüləri, toz-duman içində qalan insanların həyat mübarizəsi, şəhərin səs-küyü gündəmə gətirilir. Hər yer toz-torpaq içindədir, avtomobil daşlı, kələ-kötür, dolama yollarla səfər edir. Bəlkə də bu yollar, dörd bir tərəf həyatın aşılmalı olan çətinliklərini, Bədii bəyin səfəri isə həyat səfərini təsvir edir.
Bədii bəy dayanmadan axtarırdı. Bəlkə bir insan, bəlkə də bir hadisə axtarırdı. Bu yolçuluq həyatın özüdür və ömrümüz də axtarışlarla axıb gedir. Bəzən elə bir təlaş içində oluruq ki, ətrafımızda olan gözəlliklərin fərqinə varmırıq. Bəzən isə ümidsiz bir boşluq ruhu mühasirəyə alır. Həmin anlarda insan yapışacaq bir budaq axtarır. Bəzən dost, bəzən yoldaş, bəzən iş, bəzən məqsəd və s.
Bədii bəy toz-torpaq içindən keçəndə çalışan insaların, maşınların, tam olaraq nə iş gördüklərini başa düşə bilmir. Dayanmadan hamı işləyir, nəsə daşınır, amma diqqətə dəyər bir dəyişiklik baş vermir. Yəni həm hər şey edilir, həm də heç nə edilmir. Beləcə insanların gündəlik həyat qayğılarının içinə həbs olmasını sərt bir şəkildə görürük. Yollar dəniz suyu kimi Bədii bəyin susuzluğunu daha da artırır. O, bütün bunları görür və yaşamaq istəyi daha da azalır.
Filmdə həm də sosial vəziyyətdən söhbət açılır. Bədii mərmər emalatxanasının yanından keçərkən, telefonla danışan işçinin “sən bilirsən bir yeməyin qiyməti neçiyədir” deməsi ilə sosial vəziyyətə nəzərə çarpır. Həyat şərtlərinin daimi çətinləşməsi, sosial vəziyyət, ədalətsizlik kimi amillər də həyat motivasiyasını aşağı endirir.
Bədii bəy yol boyunca avtomobilinə 3 fərqli adam götürür. 3-ü ilə də uzun dialoqları olur. Heç biri sıradan obrazlar deyil. Hər biri insanın iç dünyasından bir parça kimidir.
Cavan əsgər
Cavan əsgər Bədii bəyin təklifini eşidən kimi qorxur və getməyə çalışır. Əslində Bədii bəyin bu cavan oğlanla danışması belə tərəddüd içində, xırda da olsa bir şey axtardığını göstərir. Çünki oğlanı görən kimi başa düşülür ki, o Bədii bəyin təklifini qəbul etmə cəsarəti göstərə bilməyəcək.
İlahiyyat tələbəsi
Bədiinin fikrinə qəti şəkildə etiraz edir. Amma buna sadəcə dini səbəblər gətirir. Bəs Bədiinin inancı varmı? Ya da hələ də içində qalan əxlaqi bir çəkingənlik? Din bir çox hallarda isbat edilə bilməyən şeylərə əsaslanır. Bədii bəy isə arqument, isbat axtarır. Bədii intiharın günah olduğunu bildiyini deyir və filmin ən diqqətçəkən cümlələrindən birini qurur: “Xoşbəxt olmamaq da böyük bir günahdır. Xoşbəxt olmayanda başqalarını incidirik. Məgər bu günah deyil?”
İnsan olmaq insan bədəninə sahib olmaq deyil. İnsan kimi yaşamaqdır. Ölmək üçün yox, yaşamaq üçün doğuluruq. Ölüm sadəcə yaşamın finalıdır. Yaşamaq ölməmək, doymaq deyil. Yaşamaq xoşbəxt olmaqdır.
Cavan əsgər də, ilahiyyat tələbəsi Bədii bəyin qərarına az da olsa təsir edə bilmirlər. Əsgər qanun, tələbə isə din əsaslı arqumentlər gətirir. Lakin hər iki yanaşma Bədii bəyin yaşadığı dərin quraqlığa çarə ola bilməyəcək. Kamü absurd ilə üzləşən insanın qarşısına 2 seçim qoyur: intihar edərək absurddan qaçmaq və ya absurda baxmayaraq yaşamağa davam etmək.
Bədii bəy birinci variantı seçib. “Acımı mənim kimi hiss edə bilməzsiniz” ifadəsi isə, fərdin yaşadığı yalnızlığı daha da hiss etdirir. Cavan əsgər və ilahiyyat tələbəsi ilə olan səhnələr etik bir üzləşmədir. Təməl sual isə budur: yaşamaq istəməyən birinə yalnız inanc əsaslı bir cavabmı verilməlidir, yoxsa onun çəkdiyi izdirab anlamağa çalışmaq da etik bir toplumsal məsuliyyətdirmi?
Kiyarüstəmi bu səhnədə tərəf tutmur. Həyat və ölüm arasında sıxışmış bir fərdin səssizliyini, inanc və anlam arayışının sərhədlərində dolaşan bir dialoqla qarşımıza qoyur.
Qoca kişi
Bagheri bəy təklifi bilmədən qəbul edir və yol boyunca danışır. Qoca kişi də əvvəllər intihar nöqtəsinə gəlmiş, ama gördüyü bir tut ağacı sayəsində fikrindən daşınmışdır. Meyvənin dadı adama yaşadığını xatırladıb. Çünki hələ də dad ala bildiyini dərk edib. Deməli, duyusu hələ də çalışır və həyatdan dad alır. Duyuları aldığı dadı, bu dadı verən şeyi hələ də sevdiyini dərk edir.
Bu obraz bəlkə də Bədiinin içində ən dərin səsi təmsil edir: fikrindən daşınmaq üçün hələ də gec deyil. Bədii bəyin səfəri boyunca ilk dəfə yol dəyişməyə başlayır. Qarışıqlığın, toz torpağın yerini ağaclar alır. Bu da Bədii bəyin düşüncələrində gedən dəyişimin bizə metaforik olaraq çatdırılmasıdır.
Bagheri bəy yolda Bədiiyə bir hekayə danışır və sonda bu cümləni qurur: “Xəstə olan sizin düşüncələrinizdir. Sizdə bir problem yoxdur. Baxış bucağınızı dəyişdirin. Baxış bucağınızı dəyişdirməlisiniz ki, dünya da dəyişsin.”
Bəzən sadəcə başqalarının dəyişməyini istəyirik. Halbuki, bəzən də özümüzü dəyişməliyik. Onda bir çox şeyin də dəyişdiyini görürük.
Əsgər və ilahiyyatçı gənc ilə kifayət qədər mübahisə edən Bədii, bu səfər daha çox dinləməyi seçir.
Yol bitir və Bagheri bəyin işlədiyi yerə gəlib çatırlar. Avtomobildən enərkən Bədii Bagheri bəydən sabah etməli olduqlarını təkrarlaması istəyir. Bagher bəy də “Bəzi şeyləri etmək söyləməkdən daha asandır” - deyir və işə gedir.
Bədii Bagheri bəyi düşürtdükdən sonra gün batımını izləyir. Bu da onun düşüncələri ilə etdikləri arasındakı ziddiyyəti əks etdirir. Film gün batımından zövq alan birinin həyatla ölüm arasında get-gəllərini, intiharın astanasında dolaşmağını və qarşısına çıxan insanlardan necə təsirləndiyini ortaya çıxarır.
Bəzən nələrinsə varlığı insanı xoşbəxt edə bilmir. İnsan heçlikdə rahatlıq tapacağını düşünür. Bədii bəy gün batımını izləyir. Ramiz Rövşən şeirində “üzündən gözündən tökülür ölüm” - deyirdi. Bu səhnədə də Bədii bəyin üzündən ölüm yağır. Bəlkə də son dəfə izləyir gün batımını. Sona doğru gedərkən insanın üstünə çökən bu son dəfə görmə hissi, əbədi olaraq yoxa çıxacaq olmağın matəmidir.
Bədii bəy avtomildə 3 nəfər ilə yoldaşlıq edir. Əsgər olmasına baxmayaraq qorxan cavan oğlan, ilahiyyatçı olmasına baxmayaraq dayaz din biliyi olan din xadimi, intihara mane olmaq istəməsinə baxmayaraq öz çətinlikləri olan Bagheri bəy. Ziddiyyət içində ziddiyyət yaşanır bütün obrazlarda. Hər birinin şəxsi bilik və təcrübəsinə görə həyatı qavrayış şəkilləri də fərqlidir.
Bədii Bagheri bəyi düşürdəndən sonra, bir cütlük Bədii bəydən onların şəklini çəkməyini istəyir. Avtomobildən enmədən onların şəklini çəkir və təkrar Bagheri bəyi düşürtdüyü yerə qayıdır. Güman ki, xoşbəxt cütlüyü görmək, onların xoşbəxt anına şahidlik etmək Bədiinin fikirlərini təkrar qarışdırır.
Bədii Bagheri bəyi çağırtdırır və ondan səhər dediyi yerə gəldiyində bir neçə dəfə çağırmasını, hətta birdən yatmış olma ehtimalına görə daş atmağını, tərpətməyini istəyir. Ölməyə bu qədər cat atarkən, ölümdən bir bu qədər də qorxur. Bəlkə də bütün bu səyahət boyunca üstünə torpaq atacaq birini yox, həyata dair fərqli şeylər deyərək diqqət etmədiyi detalları ona göstərəcək birini axtardı. Əslində Bagheri bəy buna çox yaxınlaşdı.
Film boyunca Bədii bəyin niyə ölmək istədiyinə dair tam bir səbəb göstərilmir. Bu yolla da izləyicilərə Bədii bəyi mühakimə etmək imkanı verilmir. Sonda məzarına uzanıb ayı seyr edən Bədii bəyi görürük. Elə bu anda yağış başlayır.
Filmin sonunda kameralar anidən çəkiliş heyətini göstərir. Bədii bəyin hekayəsi yarımçıq qalır. Qazdığı çuxura uzanır, amma səhər orada olacaqmı? Yaşamağa davam edəcəkmi, yoxsa öldümü? Bunu bilmirik.
Çünki Kiyarüstəmi sualın cavabını deyil, sualın kəsilməzliyini yaşatmağı seçir. Onun bütün filmləri məhkəmə zalı kimidir. Sorğulayan Kiyarüstəmi və filmdir, qərar verəcək olan hakim isə izləyicilərdir.
“Gilasın dadı” bir film deyil, fərqindəlikdir. Film bəzən səbrimizi sınayır, bəzən narahat edir, bəzən hər şeyi açıqlamasız qoyur. Amma sonda əldə tək bir şey qalır? Sən nə vaxtdan bəri dad duymağı unutmusan?
Natiq Məmişov
12:15 26.05.2026
Oxunuş sayı: 64