Hörmüz böhranı - İran öz iqtisadi damarını kəsirmi?
ABŞ dövlət katibi Marko Rubio Hörmüz boğazının “bu və ya digər şəkildə açıq qalmalı olduğunu” bəyan edib. Bu açıqlama regionda gərginliyin artdığı, Vaşinqton və Tehran arasında danışıqların davam etdiyi bir vaxta təsadüf edir.
Ekspertlərin fikrincə, Hörmüz boğazının uzun müddət bağlı qalması ilk növbədə İranın öz iqtisadiyyatına ciddi zərbə vura bilər. Çünki İranın enerji ixracının və beynəlxalq ticarət əlaqələrinin mühüm hissəsi məhz bu strateji su yolundan asılıdır.
Eyni zamanda boğazın bağlı qalması dünya enerji bazarlarında qiymət artımına, beynəlxalq yükdaşımaların zəifləməsinə və regionda hərbi risklərin yüksəlməsinə səbəb olur.
Bəs İran üçün Hörmüz boğazının bağlı saxlanılması nə dərəcədə sərfəlidir? Boğaz daha nə qədər qapalı qala bilər və tərəflər arasında mümkün razılaşma regiondakı vəziyyəti dəyişə bilərmi?
Mövzu ilə bağlı iqtisadi ekspert Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:

“Hörmüz boğazının bağlı qalması İran üçün ikitərəfli bir qılıncdır. Bir tərəfdən İran bunu geosiyasi təzyiq aləti kimi istifadə edir, digər tərəfdən isə İranın öz neft ixracatı da məhz bu boğazdan keçir.
Yəni boğazı bağlamaq İranın özünün iqtisadi damarını kəsmək deməkdir. İranın neft gəlirlərinin böyük hissəsi bu yolla əldə edilir və artıq sanksiyalarla zəifləmiş iqtisadiyyat belə bir itkini uzun müddət daşıya bilməz.
Bundan əlavə, Çin İranın ən böyük neft alıcısıdır və boğazın bağlanması Çin ilə münasibətlərə də kölgə sala bilər. Pekin İranı açıq şəkildə dəstəkləsə də, öz enerji təhlükəsizliyini hər şeydən üstün tutur. Bu isə İrana ciddi diplomatik təzyiq mənbəyi ola bilər.
Hörmüz boğazının nə qədər bağlı qala biləcəyinə gəlincə, tarixə baxsaq, İran heç vaxt boğazı tam mənada uzun müddətə bağlaya bilməyib. ABŞ və müttəfiq hərbi gəmiləri regionda daim hazır vəziyyətdədir. Texniki baxımdan tam blokada qurmaq isə İranın hərbi gücünün imkan verdiyi bir şey deyil. Çünki ABŞ Beşinci Donanması Bəhreyndə yerləşir.
Realist qiymətləndirməyə görə, bu cür gərginliklər adətən bir neçə həftədən uzun sürməz. İqtisadi, diplomatik və hərbi təzyiqlər birlikdə İranı müzakirə masasına oturtmağa məcbur edir.
Hazırki vəziyyətdə də oxşar ssenari gözlənilir, boğaz tam blokadadan çox, qismən gərginlik və danışıqlar fonunda tezliklə normallaşma istiqamətinə doğru gedəcək. Başqa variant yoxdur, İran boğazdanyuxarı bəyanatlar verə bilər, amma istənilən siyasi bəyanatın arxasında iqtisadi imkanlar dayanmalıdır.
İranda bu iqtisadi imkanlar mövcud deyil, nə qədər gec danışıqlar masasına oturub, boğazın açılmadına gec təminat vərsə, öz iqtisadiyyatına bir o qədər çox zəribə vuracaq”.
Ayhan
11:33 26.05.2026
Oxunuş sayı: 50