Özbəkistan universitetləri azərbaycanlı tələbələri cəlb etməyə çalışır
Mayın 23-də Bakıda Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına həsr olunan III Özbəkistan Təhsil Sərgisi təşkil edilib.
“Ingla International ETC”nin təşəbbüsü, Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə keçirilən tədbirdə Özbəkistanın nüfuzlu ali təhsil müəssisələri iştirak edib.
Sərgi çərçivəsində abituriyent və tələbələrə universitetlərin təhsil proqramları, qəbul qaydaları, beynəlxalq imkanlar və tələbə həyatı barədə geniş məlumat təqdim olunub.
Tədbir iki ölkə arasında akademik əlaqələrin gücləndirilməsi və gənclərin xaricdə təhsil imkanlarına marağının artırılması baxımından mühüm platforma kimi qiymətləndirilib.
Crossmedia.az-a bu barədə danışan Daşkənd şəhərində yerləşən INHA Universitetinin tələbələrin cəlb olunması və tərəfdaşlıqlar üzrə prorektoru Furqat Muxutdinov bildirib ki, keçirilən Özbəkistan universitetlərinin təhsil sərgisi onlarda müsbət təəssürat yaradıb:
“Bu il ilk dəfədir ki, Bakı şəhərində təşkil olunan təhsil sərgisində iştirak edirik. Sərgidə məktəb məzunlarının sayı kifayət qədər çox idi və xüsusilə İT, biznesin idarə olunması və logistika ixtisaslarına böyük maraq göstərilirdi.
Ümid edirik ki, azərbaycanlı tələbələrlə yaxşı əlaqələr quracaq və onları universitetimizdə təhsil almağa cəlb edə biləcəyik.
Hazırda Özbəkistanda ali təhsil sahəsinə böyük önəm verilir. 2019-cu ildən etibarən ali təhsil sistemində geniş islahatlar həyata keçirilir, beynəlxalq universitetlərin sayı artır və dövlət təhsilin inkişafına xüsusi diqqət ayırır"
O həmçinin qeyd edib ki, azərbaycanlı tələbələrin Özbəkistana uyğunlaşması daha asan olacaq. Çünki xalqlarımız arasında mentalitet və mədəniyyət baxımından çoxlu ortaq cəhətlər var:
"Bu da tələbələrin həm adaptasiya prosesini, həm də təhsil həyatını daha rahat edir. Bundan əlavə, ölkələrimiz arasındakı məsafənin yaxın olması tələbələrin tətil günlərində rahat şəkildə ailələrinin yanına gedib-gəlməsinə imkan yaradır”.
Fatimə
17:30 25.05.2026
Oxunuş sayı: 65