Özbəkistan–Azərbaycan təhsil əməkdaşlığı strateji tərəfdaşlığı möhkəmləndirir - Politoloq
"Özbəkistan və Azərbaycan ikitərəfli strateji müttəfiq dövlətlərdir və xalqlar arasında tarix boyu mövcud olmuş yaxın münasibətlər bu gün də davam edir".
Crossmedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Bakıda keçirilən Özbəkistan universitetlərinin III təhsil sərgisində deyib.

"Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yüksək səviyyədə inkişaf etdirilir. Hesab edirəm ki, artıq yalnız siyasi və iqtisadi əlaqələr deyil, humanitar və təhsil sahəsində münasibətlərin də daha da genişlənməsi vacibdir. Bu isə xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və strateji müttəfiqliyin daha da inkişaf etməsinə şərait yaradır.
Özbəkistan ali təhsil müəssisələrinin Azərbaycanda sərgisinin keçirilməsi, Azərbaycan tələbələrinin Özbəkistanda təhsil alması, eyni zamanda Özbəkistandan gələn tələbələrin Azərbaycanda təhsil alması təhsil sahəsində qarşılıqlı inkişafın göstəricisidir. Bu proses, həmçinin yeni nəslin iki dövlət arasındakı münasibətlərdə körpü rolunu oynamasına səbəb olacaq.
Hesab edirəm ki, ali təhsil müəssisələrinin sərgilərinin Azərbaycanda keçirilməsi təhsil sahəsində yeni imkanlar yaradır və həm Özbəkistanda, həm də Azərbaycanda gənclərin bu istiqamətə marağını artıracaq. Həqiqətən də, Özbəkistan hazırda həm təhsil, həm siyasi, həm də iqtisadi sahədə inkişaf edir və Azərbaycanla müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün addımlar atır.
Düşünürəm ki, müttəfiqlik yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmamalı, eyni zamanda mədəni, humanitar və təhsil sahələrini də əhatə etməlidir. Məhz bu cür təhsil sərgilərinin təşkili də müttəfiqlik münasibətlərinin inkişafına töhfə verən əsas amillərdən biridir".
Pərvin Hacıyeva
12:34 23.05.2026
Oxunuş sayı: 117