Özbəkistanın qardaş dövlət olması əməkdaşlığımıza xüsusi məna qazandırır - Alim
Azərbaycanda beynəlxalq təhsil əlaqələrinin genişlənməsi istiqamətində mühüm addımlardan biri kimi Bakıda Özbəkistan universitetlərinin təhsil sərgisi keçirilir. Sərgidə Özbəkistanın müxtəlif dövlət və özəl ali təhsil müəssisələri iştirak edərək gənclərə təhsil imkanları, ixtisas seçimləri və beynəlxalq əməkdaşlıq proqramları haqqında ətraflı məlumat təqdim edirlər.
Bunu Bakıda keçirilən Özbəkistan universitetlərinin III təhsil sərgisində Crossmedia.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov deyib.

O bildirib ki, Özbəkistanın qardaş dövlət olması bu əməkdaşlığa xüsusi məna qazandırır: "Bu bizim üçün də çox xoşdur ki, Özbəkistan qardaş dövlətlərdən biridir. Səhiyyə sistemi günü-gündən inkişaf edir".
F.Museyibov vurğulayıb ki, iki ölkənin tibb təhsili sistemləri arasında müəyyən fərqlər mövcuddur: "Onların təhsili 6 ildir, amma bizdə Ümumdünya Səhiyyə Təşkilatına uyğun olaraq rezidentura sistemi də vardır. Onlarda yalnız 6 illik təhsil verilir və ümumi həkim ixtisası təqdim olunur".
Museyibov əlavə edib ki, iki ölkə arasındakı möhkəm qardaşlıq münasibətləri tələbə mübadiləsini də müsbət istiqamətdə təsir edir: "Artıq 300-dən çox tələbəmiz onların universitetində təhsil alır. Bu da çox önəmli bir haldır, yəni qardaşlıq münasibətidir".
Mehriban Yariyeva
12:29 23.05.2026
Oxunuş sayı: 82