Vilayəti: ABŞ Yaxın Şərqi tərk etməlidir
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti bəyan edib ki, ABŞ-nin Qərbi Asiyada (Yaxın Şərqdə) mövcudluğu artıq qeyri-məqbul xarakter alıb və Vaşinqton regionu tərk etməlidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, ABŞ-nin regiondakı fəaliyyəti sabitliyə xidmət etmir, əksinə, gərginliyi artırır və bölgə xalqları bu mövcudluğu qəbul etmir.
Vilayəti, həmçinin ABŞ-nin maraqlarına dəstək verdiyini iddia etdiyi bəzi regional ölkələrin siyasətini tənqid edib və bunun təhlükəsizlik mühitinə mənfi təsir göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, Qərbi Asiyada sabitlik yalnız kənar müdaxilə olmadan, regional dövlətlərin əməkdaşlığı ilə təmin oluna bilər.
İran rəsmisi xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyni tənqid edərək, onları Qərbin bəzi addımlarını dəstəkləməkdə ittiham edib.
Vilayəti eyni zamanda İraq və İraq Kürdüstanı ilə bağlı vəziyyətə toxunaraq, bəzi siyasi qüvvələri İran əleyhinə fəaliyyət göstərən qruplara dəstək verməkdə günahlandırıb.
O, Bağdadın regionda sabitliyin qorunması və silahlı qrupların fəaliyyətinin qarşısının alınması istiqamətində daha sərt mövqe ortaya qoymasının vacibliyini vurğulayıb.
Vilayətinin açıqlamaları regionda ABŞ-nin rolu və Yaxın Şərq siyasəti ətrafında mövcud gərgin müzakirələri daha da gücləndirib.
13:23 23.05.2026
Oxunuş sayı: 57