Azərbaycan universitetlərinin də Özbəkistanda təmsil olunmasını arzulayıram - Professor
"Azərbaycanla Özbəkistan münasibətlərinin təhsil sahəsinə də keçməsi və təhsil sahəsində daha gözəl nəticələr göstərməsi sevindirici haldır".
Politoloq, professor Əlimusa İbrahimov Bakıda keçirilən Özbəkistan Universitetlərinin III Təhsil Sərgisində Crossmedia.az-a açıqlamasında deyib:

"Azərbaycanın türk dövlətləri ilə münasibətləri çox geniş şəkildə inkişaf edir və bu, Türk Dövlətləri Təşkilatının keçirdiyi tədbirlərdə də özünü göstərir. Amma bu dövlətlər arasında Azərbaycan–Özbəkistan münasibətlərini xüsusilə qeyd etmək lazımdır. Bilirik ki, hələ Türk Dövlətləri Təşkilatı mövcud olmazdan əvvəl, hətta bir az da irəli getsək, Sovet İttifaqı dövründə belə Azərbaycan–Özbəkistan münasibətləri bütün sahələr üzrə geniş şəkildə təmsil olunmuşdur və Azərbaycanla Özbəkistan bir-birini dost və qardaş ölkə hesab etmişdir.
Bildiyimiz kimi, hər şey təhsildən başlayır, hər şey təhsilin üzərində qurulur. Əgər bu gün universitetlər yaxınlaşırsa, təbii ki, bu, digər sahələrə də geniş şəkildə təsir edəcək.
Mənim bir arzum var ki, Azərbaycan universitetləri də bu formada və bu şəkildə Özbəkistanda təmsil olunsun. Təşkilatçılardan da bir xahişim var ki, Azərbaycan universitetləri orada da fəaliyyət göstərsin. Azərbaycan vətəndaşları artıq xarici ölkələrə — Avropa, ABŞ və s. ölkələrə üz tutur. Təbii ki, oraya getmək və orada təhsil almaq lazımdır, amma bizim bir-birimizə daha da yaxınlaşmağımız üçün gənclərimizin qarşılıqlı şəkildə əlaqə qurması vacibdir.
Mən istəyərdim ki, təşkilatçılar Azərbaycan tələbələrinin, Azərbaycan gənclərinin və Azərbaycan vətəndaşlarının Özbəkistanda təhsil almasının təşkil olunması istiqamətində bir sıra addımlar atsınlar. Eyni zamanda, Özbəkistan vətəndaşları və Özbəkistan gəncləri də mütəmadi olaraq Azərbaycana gəlsinlər və bu münasibətlər getdikcə daha da inkişaf etsin.
Məşhur bir söz var: "Türkün türkdən başqa dostu yoxdur." Həqiqətən də, belədir. Biz türk olaraq nə qədər yaxınlaşsaq, bir o qədər yaxşı olar və əlaqələrimiz daha da möhkəmlənər".
Mehriban Yariyeva
13:27 23.05.2026
Oxunuş sayı: 68