Azərbaycan–Özbəkistan münasibətləri strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir – Deputat
"Azərbaycan və Özbəkistan arasında bu gün münasibətlər strateji tərəfdaşlığın ən yüksək səviyyəsində təmin olunmaqdadır".
Crossmedia.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi, millət vəkili Azər Allahverənov Bakıda keçirilən Özbəkistan universitetlərinin III təhsil sərgisində deyib.

"Əgər biz dövlətlərarası imzalanmış sənədlərin xüsusiyyətini nəzərdən keçirsək, görərik ki, Azərbaycan və Özbəkistan arasında imzalanmış çoxsaylı sənədlər bu gün faktiki olaraq strateji tərəfdaşlığın ən yüksək səviyyədə təmin olunması üçün çox əlverişli hüquqi baza yaradır.
Amma bu, demək deyil ki, bu ən son həddir. Biz həmin sənədlərin xüsusiyyətinə və münasibətlər arasındakı inkişaf dinamikasına diqqət yetirdikdə görürük ki, potensial kifayət qədər çoxdur. Yəni perspektivlər var. Bu isə o deməkdir ki, strateji tərəfdaşlığın daha da gücləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Son keçirilən ikitərəfli görüşlərdən görürük ki, siyasi dialoq çox yüksək səviyyədədir. İstər Özbəkistan lideri Şavkat Mirziyoyevin Azərbaycana səfərləri, istərsə də cənab Prezident İlham Əliyevin Özbəkistana çoxsaylı səfərləri bundan xəbər verir ki, iki dövlət arasındakı siyasi dialoq ən yüksək səviyyədə təmin olunmaqla yanaşı, həm də bundan irəli gələrək imzalanmış sənədlərin konkret hədəflərinə çatması üçün çoxtərəfli əməkdaşlıq spektri mövcuddur.
Humanitar sahədə də əməkdaşlığın dərinləşməsi üçün kifayət qədər böyük potensial var. Ümumiyyətlə, elmi, akademik və humanitar sahələrdə əməkdaşlığın inkişafı strateji tərəfdaşlığın ən yüksək səviyyədə təmin olunmasına birbaşa müsbət təsir göstərən amildir.
Bu tipli ikitərəfli sərgilərin təşkili, eyni zamanda təhsil sahəsində müxtəlif mübadilə proqramlarının uğurlu şəkildə həyata keçirilməsi nəticə etibarilə iki dövlət, xüsusilə də iki xalq arasında ictimai dialoqun və diplomatiyanın geniş şəkildə təmin olunması üçün çox vacib alətlərdən hesab olunur. O səbəbdən hesab edirəm ki, bugünkü tədbir də sadaladığım istiqamətlər üzrə iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsinə xidmət edən və bu vəzifənin uğurla həyata keçirilməsinə töhfə verə biləcək bir tədbirdir".
Mehriban Yariyeva
12:49 23.05.2026
Oxunuş sayı: 78