ABŞ İrana yenidən zərbə endirəcək
ABŞ Müdafiə Nazirliyi Pentaqon və kəşfiyyat qurumları yaxın üç gün ərzində İran ərazisinə mümkün yeni zərbələrin bərpa olunmasına hazırlıq görür.
Crossmedia.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Bildirilir ki, bəzi ABŞ hərbçiləri və kəşfiyyat əməkdaşları ölkədə qeyd olunan Anım Günü ilə bağlı planlaşdırılmış üç günlük məzuniyyətlərini ləğv ediblər. Bu addım mümkün əməliyyat ehtimalı ilə əlaqələndirilir.
Eyni zamanda, Pentaqon və kəşfiyyat strukturları Yaxın Şərqdə yerləşən ABŞ hərbi kontingentində şəxsi heyətin siyahılarını yeniləməyə başlayıb və bəzi bölmələrin bölgədən çıxarılması da nəzərdən keçirilir. Bu, İranın mümkün cavab zərbəsi riskinin azaldılması ilə izah olunur.
CBS-in məlumatına görə, hələlik ABŞ yeni hücumla bağlı yekun qərar qəbul etməyib.
Digər tərəfdən, "Axios" portalı ABŞ prezidenti Donald Trampın İranla danışıqlarda irəliləyişin olmamasından narazı qalaraq yeni zərbələrə daha müsbət yanaşdığını yazıb.
Məlumata görə, Tramp Pentaqon, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və digər qurum rəhbərləri ilə görüş keçirərək mümkün ssenariləri müzakirə edib.
Qeyd edək ki, tərəflər arasında gərginlik davam edir və regionda vəziyyətin inkişafı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
11:10 23.05.2026
Oxunuş sayı: 63